Rəsmi Bakıdan Yaqlanda CAVAB
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikirlərinə reaksiya verib.
Nazirliyin mətbuat katibi bildirib ki, Ermənistan KİV-də bu barədə yayılmış xəbər nəzərdən keçirilib: “Avropa Şurasının Baş katibi Yaqland üzv ölkələrə “boz ərazilər”ə, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.
Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb. Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir”.
Qeyd edək ki, Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. O, görüşdən sonra mətbuata açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməli olduğunu dilə gətirib.
Mənbə:> Oxu.Az