İlham Əliyev 50-dən çox müxalifətçini niyə azad etdi...
Eynulla Fətullayev
Beləliklə, İlham Əliyev elə qərar qəbul etdi ki, onu sadəcə olaraq qəbul etməyə bilməzdi. Prezident özünün idarəçiliyi dövründə 33-cü əfv sərəncamını imzaladı və insan haqları müdafiəçilərinin əfv olunmasında israr etdikləri 50-dən çox müxalifətçini də dəmir barmaqlıqlardan azad etdi. Məhz bu məhbuslar bütün beynəlxalq insan haqları təşkilatlarının siyahılarında yer alırdı və onları “siyasi məhbuslar” hesab edirdilər.
Məqalənin lap əvvəlində səslənən həmin fikrə qayıdaq. İlham Əliyev qəbul etməli olduğu qərarı qəbul etdi-hakim partiyanın mühafizəkar hissəsinin əhval-ruhiyyəsinin əksinə. Prezident “siyasi məhbusları” ona görə azad etmədi ki, hakimiyyət zəifləyib, yaxud o, ReAL kimi kiçicik və qeyri-formal dairələrin, anqajə olunmuş şəbəkə cəbhəsinin və ya Kərimlinin mariginal Cəbhəsinin tələblərinə qulaq asmağa başlayıb.
Əksinə, hakimiyyət heç vaxt olmadığı qədər güclü və effektivdir. Amma 2019-cu ilin ilk günlərindən başlayaraq İ.Əliyev yeni iqtisadi liberallaşma kursu elan etdi. Yeni hökumətə və Prezident Administrasiyasına “gənc islahatçıların” yeni nəsli gəldi, korrupsiya, nepotizm, iqtisadiyyatın gəlirli sahələri üzrərində inhisarçılğıa qarşı fəal mübarizə başladı. Fiskal siyasətin əsaslarına yenidən baxıldı, ilk növbədə gömrük və vergi xidmətlərinin fəaliyyəti yenidən təşkil edildi, islahatlar bank sisteminə də çatdı...
Və islahatların, eləcə də yuxarıdan inqilabın qızğın çağında hakimiyyət ölkənin siyasi quruluşundakı münasibətlər sisteminə də yenidən baxmalıydı.
Hakimiyyət, demək olar, hər gün “qaykaların bərkidilməsi” və repressiya maşınının işə salınması, siyasi rəqiblərin təqib edilməsi və tənqidi səslərin boğulması barədə ədalətsiz iradlar, ittihamlar eşidirdi. Bəs əslində hər şey bu cür idimi? Əlbəttə ki, yox. Azərbaycan hökumətinin tənqidçiləri hərdən yaşadıqları ölkənin yerini yaddan çıxarırdılar, axı söhbət Çexiyadan və ya Estoniyadan deyil, yarıetnik Şərq-Asiya ölkəsindən gedirdi. Hansı ki, hələ də bir ayağı sovetləşmənin əlvan rəngi ilə boyanmış feodal dövründədir. Elə ölkədə ki, demokratiyanın və insan haqlarının Qərbi Avropa modeli mərkəzdənqaçma, dövlət aparatının dağılması, vətəndaş qarşıdurması və mərkəzdənqaçma qüvvələrinin xaotik yüksəlişi deməkdir.
Yeri gəlmişkən, günlərin birində həmin bu ölkə, hansı ki, demokratik quruluş yaratmaq istəyirdi, az qala bir neçə kvazidövlətə parçalanmışdı. Yaxşı ki, Azərbaycanın Heydər Əliyevi var idi. O gəldi, ölkəni toparladı və qorudu. Bizdə ikinci Heydər Əliyev artıq yoxdur. Və Azərbaycanda Franklinin düşündüyü, liberal azadlıqların hakimiyyətin iradəsi üzərində üstünlüyünün hökm sürdüyü dövlət quruculuğu eksperimenti ölkəni üçhakimiyyətliliyin və sonu görünməyən vətəndaş müharibəsinin hökm sürdüyü Liviyaya çevirə bilər. Azərbaycanda siyasi azadlıqların mütləqiyyəti siyasi məsuliyyət ölçüsünün yoxluğu kimi qəbul olunur.
Azərbaycan kimi ölkələrdə hakimiyyət qətiyyətli, sərt olmalıdır və zamanın çağırışlarına cavab verməlidir. Lakin qətiyyət və repressivlik arasında çox incə, demək olar ki, görünməyən hədd var. Azərbaycan hakimiyyəti repressiv deyil, amma qətiyyətlidir və fəaliyyət qabiliyyətlidir. Əgər Azərbaycan kimi ölkələrdə hakimiyyətin fəaliyyət qabiliyyəti zəifləməyə başlasa bu, bütün siyasi sistemin çöküşü də olmasa, ən azından hakimiyyət münasibətləri sistemində böhrana gətirib çıxaracaq.
Prezidentin sərəncamı ilə azad edilən siyasətçilər və fəallar bu və ya digər dövrdə hakimiyyətə “əlcək” atmışdılar. Bundan əlavə hakimiyyətin devrilməsi prosesini başlatmaq, yaxud bu prosesə qoşulmaq niyyətlərini gizlətmirdilər. Əgər demokratiyanın Qərbi Avropa modelindən danışırıqsa, hakimiyyət ancaq seçki yolu ilə dəyişə bilər-istər prezident, istərsə də parlament üsul-idarəçiliyində. Lakin Qərbin “siyasi məhbuslar” adlandırdığı məhbusların heç biri hakimiyyətin seçkilər yolu ilə dəyişdirilməsinə nail olmağa cəhd eləmirdi. Hətta cəhd etmişdilərsə belə, onların bütün cəhdləri iflasa uğramışdı. Ona görə yox ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdırıb. Ona görə ki, müxalifət liderlərinin, ilk növbədə İlqar Məmmədovun etiraf etdiyi kimi, müxalifət və özlərini müqavimət hərəkatı adlandıranlar seçicilərin səslərinin müdafiə olunması üçün etiraz hərəkatı təşkil edə bilməmişdilər.
Digər tərəfdən, icazə verin, belə haqlı sual qoyaq: müxalifət nə vaxt seçkilərdə şəksiz və şübhəsiz qələbə qazanıb? Əgər müxalifətin indiki liderlərindən, yəni Əli Kərimlidən, İlqar Məmmədovdan və İsa Qəmbərdən (hansı ki, Müsavatı idarə etməyi müvəqqəti olaraq Arif Hacılıya tapşırıb) gedirsə, onlar İlham Əliyevin hakimiyyətdə olduğu 15 ildən yuxarı müddətdə bir dəfə də olsun seçkilərdə qalib gəlməyiblər.
2003-cü ildə İsa Qəmbər seçkiləri böyük fərqlə uduzdu, Kərimli isə autsayder Etibar Məmmədovla birləşdi. 2005-ci ildə müxalifətçilər parlamentdə mandatlarından imtina etdilər. 2008-ci ildə yenə boykot. 2010-cu ildə Kərimli Qəmbərlə birlikdə seçkiləri boykot taktikasını seçdi, İlqar Məmmədov isə seçkilərə qatıldı. Amma Binəqədi rayonunda biabırçı şəkildə cüzi səs toplaya bildi və məğlubiyyətini etiraf etdi. 2013-cü ildə-boykot. 2015-ci ildə daha bir boykot. 2018-ci ildə isə müxalifətçilər ümumiyyətlə seçkilərin fərqinə varmadılar...
Bəs Prezidentin bu gün azadlığa buraxdığı fəallar niyə həbs olunmuşdular? Bəs hakimiyyət Azərbaycan tarixinin ən korrupsioner nazirlərindən olan Əli İnsanovla nə etməliydi? Üstəlik traybozavr diktaturasının klan nəzəriyyəsinə aludə olmuş Ə.İnsanov özü hakimiyyət uğrunda hakimiyyətdaxili mübarizəyə başlamışdı. Hakimiyyətin İnsanovu həbs etmək üçün çox səbəbləri vardı. Və hakimiyyət nazirin “zəngin kapitalından” yararlanmaq üçün fürsəti əldən vermədi.
İlkin Rüstəmzadə? Bəs hakimiyyət 2013-cü ilin martında Bakının mərkəzində kütləvi iğtiaşların təşkilatçısı ilə nə etməliydi? Gözəl Bayramlı? Sual olunur-hansı məqsədlə xanım Bayramlı on minlərlə dollar nağd pulu Bakıdakı mübarizə işi üçün gətirirdi?.. Siyahını davam etdirmək olar. Amma keçmiş günləri xatırlayıb vətəndaşların bayram əhvalını korlamayaq, hakimiyyət öz qərarı ilə “siyasi məhbuslar” məsələsini bağlayıb. Birdəfəlik bağlayıb.
Hakimiyyət bütün “siyasi məhbusları” azad etdi ona görə yox ki, zəifləyib. Və ya ofis planktonu İ.Məmmədovun düşündüyü kimi, hakimiyyət müxalifətin çağırışını eşidib. Yaxud Ə.Kərimlinin əmin olduğu kimi, hakimiyyət son 15 ildə ilk dəfə baş tutan uğurlu etiraz aksiyasından sonra geri çəkilib. Əgər hakimiyyət zəifləsəydi, geri çəkilsəydi və ya qorxub-çəkinsəydi illərlə dörd divar arasında saxladığı fəalları yenidən barrikadalara buraxardımı? Bizim müxalifətçilərin məntiqi haradadır?!
Hakimiyyət sadəcə olaraq müxalifətçilərin və muzdla işləməsələr belə, ən azından bizə dost olmayan beynəlxalq təşkilatların ayağından vurdu, siyasi spekulyasiyalar və əbədi manipulyasiyalar üçün istifadə etdikləri arqumenti onların əlindən aldı. İldən-ilə müxalifət Qərbi və beynəlxalq ictimayyətin avanqardını Azərbaycan hakimiyyətinin repressiv mahiyyətinə inandırmağa çalışırdı. Və hər dəfə fürsət yarananda şişirdilmiş siyahılarını sağa-solla yellədirdi. İndi isə siyahı yoxdur. Və məsələ gündəmdən birdəfəlik çıxıb. Müxalifət arqumentsiz qalıb.
İkinci səbəb isə əlbəttə ki, humanizm və insanpərvərlikdir. Belə deyək, martın 22-də Ə.İnsanovun 73 yaşı tamam olur. Dörd divar arasında bir yığın xəstəlikdən əziyyət çəkən yaşlı, heydən düşmüş adamdır, hansı ki, insan haqları müdafiəçiləri illərdir onun azadlığa buraxılmasında israr edirdilər. Üstəlik keçmiş nazir xeyli həbsdə oturub və cəmiyyət qarşısında günahlarını yuyub. Hakimiyyət bunu düşünməliydi ki, o, vətəndaşların şüurunda hansı obrazda qalacaq. Hakimiyyət sərt olmalıdır, amma qəddar və despotik yox. Və əlbəttə ki, Prezident əfv institutunu bərpa etmiş və 117 min (!!!) məhbusa azadlıq vermiş Heydər Əliyevin humanizm siyasətini davam etdirərək hökumətinin keçmiş üzvünü azadlığa buraxmağa qərar verdi.
Və ya Gözəl Bayramlı-Ə.Kərimli avantürasının güdazına getmiş yaşlı qadın, törətdiyi cinayətə görə iki ildən çox həbsdə oturub. Onu bundan sonra da həbsdə saxlamağa dəyərdimi? Və cəmiyyət bunu necə qəbul edərdi? Axı hakimiyyətin effektivliyi və fəaliyyət qabiliyyətli olması cəmiyyətin ona münasibətindən asılıdır. Əgər hakimiyyət humanistdirsə, o, azadlıqların dəyərini və insan ləyaqətni, onun özünü reallaşdırması hüququnu tanıyır. Humanizm təkcə dünyagörüş deyil, həm hakimiyyətin mənəvi üstünlüyüdür.
İlham Əliyevin ürəyinin genişliyi hər cür tərifi aşır. Axı Prezident Üçüncü respublikanın əsasını qoyan Heydər Əliyevin abidəsini təhqir edən iki vandalı da azadlığa buraxıb. İ.Əliyevin bu məsələdə hisslərini anlamaq, qəbul etmək və bölüşmək lazımdır. Söhbət təkcə XX əsrin ən böyük siyasətçisindən deyil, onun doğma atasından gedirdi. Adi insan üçün bu cür vandalizmi bağışlamaq çətin məsələdir, amma İ.Əliyev dövlət başçısı və siyasi lider kimi adi insani hisslərdən yüksəkdə dayanır. Və Prezident öz mərhəmətini, ədalətini və səbrini nümayiş etdirib əxlaq kodeksini pozmuş bu adamları da bağışladıqlarının siyahısına daxil etdi...
Prezidentin dünənki sərəncamı bir daha təsdiq edir ki, Azərbaycan hakimiyyəti bu gün real və ehtimal olunan təhdidlər qarşısında özünü nə dərəcədə güclü və arxayın hiss edir. Hakimiyyət müxalifəti hakimiyyət uğrunda təmiz və sivil mübarizəyə çağırır. Bu yol isə ancaq seçki qutularının yanından keçir. Əgər müxalifətə yeni çaxnaşmalar gərəkdirsə, o zaman etirazçı siyasi qüvvələr bunu başa düşməlidirlər: hakimiyyət ancaq seçki bülletenlərinin sayı ilə dəyişdirilə bilər, stabilliyi və asayişi təhdid edən küçə barrikadalarının sayı ilə deyil!..
Mənbə:> Virtualaz.org