Prezident iki şairə vəzifə verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sənəd martın 12-də AzərTAc-da dərc edilib.
Sərəncama əsasən, Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı altı il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin olunublar.
Qeyd edək ki, tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca uzun müddət AzTV-də Gənclik redaksiyasının baş redaktoru olub. 2006-cı ildə işdən uzaqlaşdırılıb. Ancaq 10 il sonra 2016-cı ilin fevralında Mədəniyyət kanalına direktor müavini təyin edilib. Bir müddətdən sonra məlum olmayan səbəbdən yenə də vəzifəsindən kənarlaşdırılıb.
Fevralın 5-də tanınmış jurnalist yenidən “Mədəniyyət” kanalına direktor müavini təyin edilib.
Telli Pənahqızı Əməkdar telejurnalist, şair, publisist, nasirdir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb.
“Günün ekranı” redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrində çalışıb.
Mənbə:> AzərTAc