Zaxarova rus deputatların Xocalı yürüşündə iştirakından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında erməni jurnalistin rusiyalı deputatlardan ibarət nümayəndə heyətinin fevralın 26-da Bakıda keçirilən Xocalı yürüşündə iştirakı ilə bağlı sualını cavablandırıb.
O, Rusiyanın Qarabağ münaqişəsini böyük faciə hesab etdiyini deyib.
“İlk növbədə demək istərdim ki, dəhşətli Qarabağ münaqişəsi bir çox insana əzablar yaşadıb. Rusiya bu hadisəni böyük faciə hesab edib və edir. Mənə elə gəlir ki, bu, aydın mövqedir və bunu bir daha təkrar etdim. Rusiya münaqişənin sülh yolu ilə həllinin axtarışı istiqamətində çox böyük səylər təklif edir.
Dediniz ki, deputatlar bu yürüşdə iştirak ediblər. Bu iştirakın kim tərəfindən və necə təşkil olunması ilə bağlı sualı onların özlərinə vermənizi məsləhət görürəm. Rusiyanın rəsmi mövqeyi hər kəsə məlumdur”, - Zaxarova bildirib.
Mənbə:> Oxu.Az