"Vor zakon"u qapıdan qovurlar, pəncərədən girir...
Ukrayna Təhlükəsizlik Xidmətinin korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İvano-Frankovsk vilayətində qafqazlı "vor zakon"u saxlayıblar. virtualaz.org xəbər verir ki, əməliyyatçılar "Tenqo Qalskiy" ləqəbli Tengiz Çarayanın ölkə ərazisinə saxta sənədlərdən istifadə etməklə, qanunsuz yolla daxil olduğu haqda məlumat əldə ediblər və onun izinə düşüblər.
Əməliyyat məlumatlarına əsasən onun Ukraynaya qanunsuz daxil olmasının məqsədi cinayətkar qruplaşmaların fəaliyyətini koordinasiya etmək idi.
Məsələ burasındadır ki, Tengiz Çaraya 2018-ci ilin aprelində saxlanılmışdı və Ukraynadan deportasiya edilmişdi.
Daha əvvəl isə onu 2014-cü ildə deportasiya etmişdilər. Buna baxmayaraq "vor zakon" Ukrayna ərazisinə təkrar daxil olub. Və tutularaq deportasiya olunub. Lakin 2016-cı ildə Tengiz Çarayanı Ukraynada təkrar tutublar və deportasiya ediblər. Beləliklə, o barəsində 3 dəfə deportasiya qərarı çıxarılmasına baxmayaraq hər dəfə bu ölkəyə geri qayıtmağın yolunu tapıb. Dördüncü dəfədə onu hansı cəzanın gözləyəcəyi hələ məlum deyil.
Təhlükəsizlik Xidməti bildirir ki, o Kiyev rayonunda quldur hücumları, soyğunçuluq, avtomobillərin qaçırılması kimi cinayətlərdən əldə edilən pulların bölüşdürülməsini nəzarətinə götürmək istəyirdi.
Saxlanılarkən Çarayanın üzərində TT markalı tapança və saxta sənədlər aşkar edilib.
Mənbə:> Virtualaz.org