Rusiya bizim üçün nədir?
Eynulla Fətullayev
2018-ci ilin sonuna sayılı günlər qalır, lakin rəsmi Bakının bu ili xüsusilə uğurlu hesab etmək üçün hər cür əsası var. Başa çatmaqda olan il Azərbaycan iqtisadiyyatının sabitləşməsi ilə yaddaqalan oldu – hökumət 2015-ci ildə baş vermiş maliyyə böhranının nəticələrini uğurla aradan qaldırdı. Milli valyutanın enişinin zirvə nöqtəsi 2016-2017-ci illərə təsadüf etmişdi.
Azərbaycan hakimiyyəti çoxsəviyyəli və çoxvektorlu xarici siyasət konsepsiyasının həyata keçirilməsini uğurla davam etdirdi. Axı xarici siyasət daxili siyasətin davamıdır. Azərbaycan hökumətinin siyasətinin bütün fəlsəfəsi sabitliyin siyasi azadlıqlardan üstünlüyü prinsipinə əsaslanır. Ərəb baharının və MDB ölkələrinin inqilabi demokratiyasının davamlı xaosunun acı dərsləri seçilmiş konsepsiyanın alternativsizliyinin dərkini daha çox möhkəmləndirdi – hələ bir neçə il bundan əvvəl Avropa mütəfəkkirlərinin ortaya atdıqları dilemmada Azərbaycan öz xəttini müəyyənləşdirdi – sabitlik, sözsüz ki, demokratiyadan üstündür.
narıncı kabus
Əlbəttə ki, yeni dəyər yanaşması yeni xarici siyasi prioritetləri və istiqamətləri şərtləndirdi. 2013-cü ildən hökumət Rusiya-Azərbaycan strateji tərəfdaşlığının sürətlə inkişafı üçün möhkəm əsas qoymuşdu. Azərbaycan Rusiya ilə özünü rahat hiss edir. Ona görə yox ki, məsələn, Qərbdən fərqli olaraq (halbuki, Qərb də kifayət qədər rəngarəngdir və bu gün bu, artıq vahid fəlsəfi məfhum deyil) Kreml dolanbac liberal ritorikadan istifadə etmir. Ona görə ki, misal üçün, Şimali Atlantika ölkələrindən fərqli olaraq, Rusiya özünün xarici siyasətini, ilk növbədə yaxın qonşularına münasibətdə daxili işlərə qarışmamaq prinsipi üzərində qurur. Rusiya prezidenti V.Putin, tandemokratiyanın digər nümayəndəsi Dmitri Medvedevdən fərqli olaraq, heç də əmin deyil ki, azadlıq azad olmamaqdan yaxşıdır və bunu Ermənistanda bu yaxınlarda baş vermiş hadisələrə Rusiyanın yanaşmasında sübut etdi. Ermənistandakı məhdudiyyətsiz hərbi-siyasi varlığına baxmayaraq, Rusiya inqilabi hadisələrin gedişatına qarışmadı. Halbuki, Kreml inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış Qarabağ klanı ilə bir çox bağlarla əlaqəli idi. Ermənistanda hakimiyyətə qərbyönümlü qüvvələr gəldi, lakin onlar Saakaşvili ilə Poroşenkonun buraxdıqları səhvləri təkrarlamağa hazırlaşmırlar. Başqa sözlə, Rusiya üçün əsas odur ki, Kremlin qurduğu regional təhlükəsizlik sisteminin iştirakçıları Avrasiya dövlətinin maraqlarını pozmasınlar. Bununla yanaşı, Kreml xalqın seçim hüququnu tanıyır.
Paradoksal olsa da, Ştatlar Yaxın Şərq monarxiyalarına, misal üçün, Səudiyyə Ərəbistanına, Qətərə, Küveytə və digər satellitlərinə münasibətdə təxminən elə bu cür siyasət yürüdürlər. Lakin nədənsə, Rusiyanın həyati maraqları dairəsində yer alan ölkələrə münasibətdə Vaşinqton tamam başqa standartlardan istifadə edir. Düzdür, Amerikanın xarici siyasətində izolyasiya meyllərini xeyli gücləndirmiş Trampın hakimiyyətə gəlişindən sonra Ağ Evin və Dövlət Departamentinin yanaşmaları bir çox hallarda fərqlidir. Amma yenə də... Avroatlantik cəmiyyət əvvəlkitək MDB ölkələri ilə münasibətlərini qurulmuş siyasi rejim tipinə müvafiq formalaşdırır.
Bəli, Azərbaycanı Qərblə iyirmi illik iqtisadi, neft əlaqələri bağlayır. Lakin Azərbaycanın xarici siyasətinin bütün bu çoxvektorluğunda hökumətimiz üçün Rusiya ilə münasibətlər Avropa birliyinə nisbətən daha rahatdır. Hətta İsraillə və İranla da daha rahatdır. Bu ölkələrin hökumətləri narahat suallar vermir. Qərb isə, ələlxüsus da Vaşinqton demokratların hakimiyyəti dövründə Azərbaycana elə suallar verirdi ki, həmin sualları Səudiyyə Ərəbistanına, yaxud da Qətərə verməyə cəsarəti çatmırdı.
ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralının əlini öpür
Məsələn, prezident Buş kobud tərzdə, heç bir diplomatik etika gözləmədən, sərt şəkildə Pərviz Müşərrəfə deyə bilərdi: “Hərbi formanı çıxar! Mülki şəxs ol”. Vaşinqton Pakistan kimi ölkələrə münasibətdə özünə bu cür ritorikanı rəva görə bilər. Axı Pakistan neftin dünyadakı qiymətlərini aşağı salmağa, yaxud da İrana qarşı yeni siyasəti ilə şantaj etməyə qadir deyil. Bu səbəbdən də, Pakistanla həmin tonda danışmaq olardı.
Budur Rusiya ilə Qərbin yanaşmalarındakı keyfiyyət fərqi. Daha bir heç də az əhəmiyyəti olmayan və aktual sual – Qərb Azərbaycana nə verə bilər?! Söhbət sivil yanaşmadan getmir, çünki elmi-mədəni intibahdan və mütərəqqi təhsildən danışarkən, əlbəttə ki, biz Qərbi nəzərdə tuturuq. Nə MDB ölkələri, o cümlədən Azərbaycan, nə də Qərb tam dəyərli siyasi-iqtisadi inteqrasiyaya hazır deyil. Bizim potensial satış bazarlarımız da Rusiyada və Mərkəzi Asiyada yerləşir. Qərb bazarlarındakı rəqabətə isə heç Yunanıstan, İspaniya, Portuqaliya kimi inkişaf etmiş ölkələr də tab gətirmir... İqtisadi, sosial və nəhayət, mental olaraq biz hələ əlli, bəlkə də yüz il boyunca Avrasiya məkanında qalacağıq! Baxın, avrointeqrasiyanın məşhurlaşması dalğasında yaxşı həyat dalınca Avropa paytaxtlarına üz tutmuş ukraynalılarla gürcüstanlıları avropalılar hansı hiddətlə ölkələrindən qovurlar. Onları orada heç kim gözləmirdi. Bir vaxtlar Baltikyanı ölkələrinin vətəndaşlarına da belə münasibət var idi və onlar hələ də avropalıların, xüsusilə də skandinavların nəzərində iltihablaşmış appendiksdirlər. Baltikyanı ölkələr sanki ayrıca retroqrad planetdir. O, hələ də Qərbə uyğunlaşa bilmir və burada tez-tez korrupsiya və bank qalmaqalları baş verir. MDB pullarının yuyulması üçün sanki bir kiçik oazisdir.
Buna görə də, sözün açığı, paytaxtı Vaşinqton olmaqla vahid qlobal ümumdünya liberal dövləti illüziyaları dağıldıqdan sonra Azərbaycanın inkişafı üçün alternativ yol da yox idi. Axı biz bu ümumdünya dövləti üçün nəyik? Yalnız xammal mənbəyi. Təxminən qana bulaşmış neftli Syerra-Leone kimi...
Son iki əsr boyunca Rusiya Azərbaycan üçün Avropaya pəncərə olub. Rusiya bizim üçün mədəniyyətimizin, təhsilimizin, iqtisadiyyatımızın, sənayemizin inkişafı üçün tükənməz potensial olub... Məhz bu pəncərə bizi İranın köhnədən qalma şiəliyinin və neoosmanlı mədəniyyətinin yayılmasından hifz edib. Tarix təkrarlanır. Yaranmış geosiyasi vəziyyət hardasa Şərq orta əsrlər mədəniyyəti tərəfindən udula biləcəyimiz dövrlərdə Azərbaycan ətrafında mövcud olan qüvvələr nisbətini xatırladır.
Hələ ötən il prezident İlham Əliyev anlamlı bir ifadə işlətmişdi: “Rusiya regionda sabitliyin qarantıdır”. Rusiya ətrafında narıncı kəmər yaradanlar da, indi bu Avrasiya dövlətini maksimal dərəcədə zəiflətməyə çalışanlar da anlayırlar ki, regionu yalnız az qala kül halından dirçəlmiş “rus dünyası”nı yıxmaqla çalxalamaq olar. Rusiyanın gücü və nüfuzu polietnik Azərbaycan üçün həyati vacibdir. Bu, bizim də ayaqda durmağımızın qarantıdır!
Putin və Əliyev möhkəm özül qurdular
Rusiya Azərbaycanın ərazi bütövlüyünü sözsüz tanıyır, qapılarını milyonlarla həmvətənizimin üzünə açıb, bizə müasir silahlar satır, çətin vaxtda köməyimizə gəlməyə hazırdır...
Dünən siyasi münasibətlər üçün möhkəm özüldən danışarkən prezident İlham Əliyev məhz tarixi dostluğu nəzərdə tuturdu. Azərbaycan lideri məhz bu cür də söylədi. Bəlkə elə buna görə özünün təbrik məktubunda Rusiya prezidenti Vladimir Putin açıq etiraf edib ki, İlham Əliyevlə münasibətlərinə çox böyük dəyər verir. Böyük dövlət xadimi təcrübəsi olan Rusiya prezidenti bildirib: “İlham Əliyev uzaqgörən və təcrübəli siyasətçi, öz ölkəsinin əsl lideridir”.
Tale İ.Əliyev kimi olduqca ağıllı siyasətçinin timsalında Azərbaycana növbəti tarixi şans təqdim edib. Üzümüzə gələn 2019-cu ildə Putin və Əliyev tərəfindən qoyulmuş həmin möhkəm özül zirvəsindən baxaraq yenidən ümid edirik ki, böyük tarixi sınaqları dəf edəcəyik. Qarşıda Qarabağ uğrunda mübarizə, siyasətdə və iqtisadiyyatda islahatlar və əlbəttə ki, əvvəllər olduğu kimi, Azərbaycanı yeni kabuslardan qorumaq vəzifəsi var...
Mənbə:> Virtualaz.org