Zay malı topdansatanlar, onlarla çoxmərtəbəli binalar tikənlər...
Bakının mərkəzindən tutmuş ucqarlarına qədər hər yeri bürümüş çoxsaylı kustar metaləritmə sexləri ilə bağlı reportyor qrupumuzun apardığı araşdırmalar müvafiq dövlət strukturlarının diqqətini cəlb etməli olan daha bir maraqlı nüansı ortaya çıxarıb. Məlum olub ki, bu sexlərin buraxdığı, keyfiyyətinə labarator və texniki analizlərin aparılması yolu ilə qətiyyən nəzarət edilməyən armaturlar ölkənin tikinti materialları bazarında da heç bir nəzarət olmadan satılmaqdadır.
Araşdırmlar göstərir ki, həmin kustar sexlər buraxdıqları armaturları Bakıda çoxmərtəbəli binaların inşasını həyata keçirən və əsasən “birgünlük” MMC-lər formasında qeydiyyatdan keçən şirkətlərə (belələri adətən binanı necə gəldi tikib mənzilləri satır və aradan çıxır) həm birbaşa satır. Həm öz keyfiyyətsiz mallarını topdansatış məntəqələrində satışa çıxarır.
Lakin armaturların topdansatışı ilə məşğul olan ticarətçilərin heç də hamısı bu keyfiyyətsiz armaturları satmırlar. Məlum olub ki, bu işin də “xüsusi ixtisaslaşmış” adamları var. Onlar sexlərdən aldıqları armaturun hər tonuna təxminən 50 manat əlavə etməklə satışa çıxarırlar. Və əlbətdə ki, satılan armaturlara dair heç bir keyfiyyət sənədi, müvafiq sertifikat təqdim olunmur.
Virtualaz.org belə topdansatış məntəqələrinin bir neçəsinin yerini və onları işlədən adamların adlarını təsbit edib. Belə ki, Bakının “Baksol” adlanan massivində sex armaturlarının, o cümlədən son zamanlar Azərbaycan bazarını dolduran İran armaturlarının satışını həyata keçirən iki topdansatış məntəqəsi fəaliyyət göstərir. Həmin topdansatış mərkəzlərindən birini Vergilər Nazirliyinin keçmiş əməkdaşı Hacı Elçin, digərlərini isə Rəhmət və Əlövsət adlı şəxslər işlədir.
Daha bir saxta məhsullar satan ticarət nöqtəsini işlədən Nemət adlı şəxs isə Bakıda gizli kustar sexlər şəbəkəsinə malik Zülfüqarlı qardaşlarının yaxın qohumudur.
Habelə Dərnəgüldə, “Qızlar zapravkası” kimi tanınan yanacaqdoldurma məntəqəsinin arxasında da belə armaturlarının topdan, parakəndə satışını həyata keçirən satış nöqtəsi var. Onu işlədən isə Teymur adlı şəxsdir.
Bakı-Sumqayıt şosesinin kənarında, “Euro Home” tikinti materialları bazarının yanındakı “Daş bazarı”ında da sex armaturlarının iri topdansatış məntəqəsi fəaliyyət göstərir. Bu satış nöqtəsini Tural adlı şəxs işlədir.
Əlbətdə, bunlar inşaatda istifadəsi təhlükəli olan sex armaturlarının satışı ilə məşğul olan ticarət nöqtələrinin hamısı deyil. Lakin məsələ burasındadır ki, belə satış nöqtələri gələcəkdə insanların həyatını kütləvi şəkildə təhlükədə qoya biləcək “qara metal mafiyası”nın əsas elementlərindən biridir. Bu mütəşəkkil fəaliyyət qara metal tullantılarının yığılmasından, o cümlədən iri dövlət şirkətlərinin əmlaklarının metal tullantısı adı altında belə sexlərə təhvil verilməsindən başlayıb hazır məhsulun satışına qədər hər kəsi əhatə edir.
Yəni problem təkcə kustar sexlərin ətraf mühitə zərbə vurması ilə bitmir. Burada açıq-aşkar qanunsuz sahibkarlıqdan tutmuş vergidən yayınmaya, keyfiyyətsiz məhsulun bazara çıxarılmasına və satışına qədər bir çox problemlər mövcuddur. İqtisadiyyat Nazirliyinin müvafiq strukturları isə sahibkarlıq sahəsində yoxlamalara moratorium qoyulmasını əsas gətirərək bu sahədə heç bir yoxlama aparmır. Nəticədə keyfiyyətsiz inşaat materiallarının satışına faktiki olaraq yaşıl işıq yandırılıb. Belə vəziyyət İrandan cəmi bir neçə ay ərzində idxal edilən və keyfiyyəti şübhə doğuran on minlərlə ton armaturun satışında, o cümlədən inşaatda istfadəsində də hökm sürür.
Belə ki, virtualaz.org İrandan idxal edilən və yerli sexlərdə buraxılan armaturlardan istifadə etməklə çoxmərtəbəli yaşayış binalarının istifadəsinə dair daha bir neçə fakt əldə edib.
Məlum olub ki, belə inşaat materiallarından dövlət büdcəsinin pulları hesabına qaçqın və məcburi köçkünlər üçün mənzillər inşa edən tikinti şirkətləri də istifadə edir. Məsələn, Qaradağ rayonunun Qobu qəsəbəsi ərazisində qaçqın və məcburi köçkünlər üçün salındığı deyilən, təxminən 10-12 çoxmərtəbəli binadan ibarət yeni şəhərcikdə podratçı şirkət ucuz olduğu üçün İran armaturlarından və Bakının kustar metaləritmə sexlərində buraxılan, heç bir standarta cavab verməyən armaturlar işlədir.
Xatırladaq ki, Qobu qəsəbəsi ərazisində qaçqın və məcburi köçkünlər üçün “Qobu Park” adlı yaşayış kompleksinin açılışı bu ilin mayında olub. Həmin kompleksi prezident İlham Əliyevin çağırışına dəstək verərək Azərbaycanda ilk dəfə özəl şirkət-“Paşa İnşaat” öz maliyyəsi hesabına tikib istifadəyə vermişdi.
Hazırda bu ərazidə , həmin yaşayış kompleksinin arxasında daha 10-12 bina tikilməkdədir. Və bu tikinti üçün İrandan 17 vaqon armatur idxal edilib. Habelə tikintidə yerli sexlərin armaturlarından istifadə edilməkdədir. Tikintini “Diadem” MMC adlı şirkətin həyata keçirdiyi bildirilir.
Hesablamalara görə armatura xərclənən vəsait tikintinin maya dəyərinin cəmi 1 faizini təşkil edir və bu baxımdan vəsaitə qənaət etmək üçün aşağı keyfiyyətli, ucuz armaturlardan istifadə podratçını müəyyən qədər “qabağa sala” bilər. Amma əvəzində tikilən binaların dayanıqlılığı və nəticədə orada yaşayacaq insanların təhlükəsizliyi ciddi risk altına düşmüş olacaq.
Digər məlumata görə Bakının Pirallahı qəsəbəsində yenə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə 300 qaçqın və məcburi köçkün ailəsi üçün inşası həyata keçirilməkdə olan şəhərcikdə də binaları İran armaturlarından istifadə etməklə tikirlər. Bu layihədə podratçılar qismində “Azəraqrartikinti” ASC, “Diadem” MMC və “AS İnşaat-N” MMC şirkətləri çıxış edir.
Virtualaz.org bu günlərdə Bakıda İran armaturlarından istifadə etməklə yaşayış binaları tikən bəzi tikinti şirkətlərinə dair məlumatları dərc etmişdi. Aldığımız məlumatlara görə həmin şirkətlərdən bəziləri Azərbaycan bazarına daxil olan, çox güman kustar sexlərdə buraxılan İran armaturlarının tikintidə istifadəsinin nə dərəcədə təhlükəli ola biləcəyini nəzərə alaraq onlardan istifadəni dayandırıblar.
Və daha bir məlumat: Binəqədi rayonunda, DYP-nin binasının arxa tərəfində inşa edilməkdə olan “Binəqədi Residence” yaşayış kompleksində standartlara cavab verməyən, keyfiyyətsiz İran armaturlarından istifadə olunmaqdadır. Bunu həmin kompleksin tikintisində çalışanlardan biri redaksiyamıza bildirib. “Binəqədi Residence” kompleksini inşa edən Nüsrət adlı iş adamıdır. O, İran armaturlarının və yerli sexlərin armaturlarının topdansatışını da həyata keçirir. Bu yaxınlarda İrandan iri partiyada armatur idxalını da həyata keçirib.
Göründüyü kimi inşaatın bel sütunu hesab edilən armaturların idxalı, istehsalı və satışı sahəsində hökm sürən nəzarətsizlik genişmiqyaslı keyfiyyətsiz tikintiyə də yol açıb. Yəni vəziyyət göründüyündən də təhlükəli ola bilər. Aşkara çıxara bildiyimiz bu faktlar isə ola bilsin aysberqin ancaq görünən tərəfidir...
Mənbə:> Virtualaz.org