Bakıda fəhlə Qəhirmanın dəhşətli ölümü
Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı üzrə sexdə növbəti faciəvi hadisə baş verib. Virtualaz.org-a məlum olduğuna görə, daha bir fəhlə həlak olub. Bu, Şamaxı rayonundan olan Qəhirman adlı şəxsdir.
Qəhirman dəhşətli şəkildə dünyasını dəyişib – o, polad plitələrin arasında qalaraq əzilib. Faciə virtualaz.org-un dəfələrlə yazdığı kimi, Zülfüqarlı qardaşlarının sexlərində elementar təhlükəsizlik qaydalarına riayət edilməməsi ucbatından baş verib.
Qeyd edək ki, bu, Zülfüqarlı qardaşlarının kustar sexlərində ilk fəhlə ölümü deyil. Bu ilin yayında burada 33 yaşlı Samir Hümmətov və daha bir neçə fəhlə ölmüşdü.
Daha öncə virtualaz.org yazmışdı ki, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-leqal və qanunsuz biznes qurublar. Hazırda bu qeyri-leqal şəbəkəyə dörd gizli sex daxildir.
Həmin gizli sexlərdə elementar təhlükəsizlik qaydalarına əməl olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində tikinti-inşaat işlərində istifadə edilən aşağı keyfiyyətli armaturun, şvellerlərin, həmçinin kvadrat və dəyirmi profillərin istehsalı həyata keçirilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullardan indiyədək çoxmərtəbəli yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, təmir işlərində istifadə olunur.
Mənbə:> Virtualaz.org