Əliyevlə Putinin Birgə Bəyanatı əsasında beş yol xəritəsi hazırlanıb » AzNews.info -Xəbər portalı

Əliyevlə Putinin Birgə Bəyanatı əsasında beş yol xəritəsi hazırlanıb

Əliyevlə Putinin Birgə Bəyanatı əsasında beş yol xəritəsi hazırlanıb

Biznes onun üçün dövlət tərəfindən şəraitin yaradıldığı yerdə daha yaxşı inkişaf edir. Bu başlıca prinsip iki ölkənin səylərinin ikiqat nəticə verdiyi dövlətlərarası iqtisadi əməkdaşlıq səviyyəsində isə lap yaxşı işləyir.

Bunu AzərTAc-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

Rusiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu günlərdə Moskvada keçirilən sayca 17-ci iclasından danışan D.Savelyev xatırladıb ki, komissiya artıq iyirmi ildən çoxdur - 1996-cı ildən fəaliyyət göstərir: “Bu müddət ərzində ölkələrimizin qarşılıqlı əmtəə dövriyyəsinin səviyyəsini müqayisə etsək, nə qədər uzun yol qət edildiyinin, nə qədər böyük işlər görüldüyünün şahidi olarıq. Şəksiz ki, Azərbaycan dünyada sahibkarlıq ruhunun çox güclü olduğu ölkələrdən biridir. Azərbaycanlı tərəfdaşlarla işləmək Rusiya biznesinə həmişə rahat olub. Ticari-iqtisadi əməkdaşlığın səmərəliliyi və bunun üçün əlverişli şəraitin yaradılması bir çox baxımdan Hökumətlərarası Komissiyanın xidmətidir, axı o, iqtisadi inkişafın ən qarşılıqlı faydalı sahələrinin potensialını üzə çıxarır və bu yoldakı maneələri aradan qaldırır. Təbii ki, ölkələrimizin münasibətlərinin, o cümlədən iqtisadi münasibətlərinin inkişafının baza vektorunun təməli prezidentlər səviyyəsində qoyulur. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sentyabrında Soçidə görüşəndə bir sıra sənədlər imzalayıblar. Bu sənədlərdən biri Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının prioritet istiqamətləri haqqında Birgə Bəyanatdır. Bu sənəd əsasında beş yol xəritəsi işlənib hazırlanıb. Həmin xəritələrdə ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması və müştərək müəssisələrin yaradılması, habelə humanitar əməkdaşlıq sahələrində ölkələrimizin qarşılıqlı fəaliyyəti ətraflı şərh edilib”.

Həmin istiqamətlərin hər biri barədə ümumi məlumat verən deputat bildirib ki, ölkə başçılarının qarşıya qoyduqları əsas vəzifələrdən biri kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməkdir. Görülən tədbirlər nəticəsində Azərbaycanın 20-dən çox müəssisəsi Rusiyaya maneəsiz ət və süd məhsulları ixrac etmək hüququ qazanıb. 2018-ci ilin birinci yarısında Azərbaycandan Rusiyaya meyvə idxalı 70,6 faiz, tərəvəz idxalı 10,3 faiz artıb. İstixana təsərrüfatlarının tikintisi və istismarında ixtisaslaşan Azərbaycan mütəxəssisləri Nevinnomıssk şəhərində istixana şəraitində tərəvəz yetişdirilməsi üzrə birgə layihə həyata keçirirlər. Qarşılıqlı təchizatların həcmi də artır. Təkcə Stavropol diyarı hər il Azərbaycana bir milyon tondan çox taxıl satır. Rusiya bazarı Azərbaycan malları mağazalarının açılmasına hazırdır. Gələn il Moskvada iki Azərbaycan şərab evinin, daha sonra belə şərab evlərinin Yekaterinburq və Sankt-Peterburqda açılışı planlaşdırılır.

Energetika sahəsində “Rosneft” və SOCAR şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunun dibinin - “Qoşadaş” yatağının və Abşeron yarımadasında dənizin dayaz sulu hissəsinin şimalındakı yataqların neft və qaz potensialının birgə öyrənilməsi barədə saziş imzalayıblar. “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikintisi planlaşdırılıb ki, bu da Rusiya ilə Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verməlidir.

Nəqliyyat sahəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət yetiriləcək. Bu dəhliz nəinki Rusiya ilə Azərbaycanın tranzit imkanlarını xeyli artıracaq, həm də ticari-iqtisadi əlaqələri genişləndirəcək. Hazırda nəqliyyat dəhlizinin ayrı-ayrı hissələrində işlər aparılır. Məsələn, gələn il sərhəddəki Samur çayı üzərindən birgə körpünün inşasını başa çatdırmaq, habelə “Yaraq-Qazmalar” sərhəd məntəqəsinin buraxılış qabiliyyətini artırmaq üçün onu yenidən qurmaq nəzərdə tutulur.

D.Savelyev qeyd edib ki, Hökumətlərarası Komissiyanın iclasında birgə sənaye müəssisələrinin yaradılması məsələləri də müzakirə olunub: “Azərbaycan öz neft emalı və neft-kimya sahələrini maksimum qazanclı etmək üçün son vaxtlar qazdan gübrə, neftdən neft-kimya məhsulları, polipropilen və polietilen hazırlanması üzrə iri layihələr həyata keçirir. Ölkələrimizin bu sahədə də birgə nailiyyətləri var: Pirallahı Sənaye Parkında Rusiya-Azərbaycan müştərək əczaçılıq şirkəti müvəffəqiyyətlə fəaliyyət göstərir. Gələn il şirkət əczaçılıq zavodunda qablaşdırma xəttini işə salacaq. Artıq SOCAR ilə müştərək “Polymer” layihəsinin həyata keçirildiyi Sumqayıt Kimya Sənaye Parkı ərazisində polipropilen qurğusu işləyir, yüksək təzyiqli polietilen qurğusu isə işə salınmağa hazır vəziyyətdədir.

Gəncə avtomobil zavodunda artıq bir neçə ildir KamAZ və “Ural” yük maşınları yığılır. Hacıqabul Sənaye Məhəlləsində də bu cür yığma istehsalatı yaradılacaq, amma Azərbaycanın özünün avtomobil zavodunun inşa olunması perspektivi ilə bu dəfə aztonnajlı QAZ avtomobilləri yığılacaq. Bundan əlavə, neft-qaz sahəsinə, habelə kənd təsərrüfatı texnikası və dəmir yolu vaqonları üçün avadanlıq istehsalına dair planlar var”.


Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *