“AzVirt” MMC-nin udduğu yol tenderinə görə nazir müavini həbs olundu QIRĞIZISTANDA
Qırğızıstanda ötən gün dekabrın 5-də Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları nəqliyyat və yollar nazirinin müavini Azimkan Jusubaliyevi 50 min dollar rüşvət alarkən həbs ediblər.
Virtualaz.org qırğız KİV-lərinə istinadən xəbər verir ki, Komitənin yaydığı məlumata əsasən nazir müavini yol-bərpa layihələrindən birinə dair keçirilmiş tenderdə iştirak edən xarici şirkətin maraqları naminə lobbiçilik edib. Bu işə görə ona 520 min dollar vəd olunub. Nazir müavini pulların bir hissəsini -120 min dollarını vasitəçilər üzərindən daha əvvəl alıb, növbəti məbləği alarkən yaxalanıb. Jusubaliyev həmin layihə üzrə tender komissiyasının rəhbəri olub. Bildirilir ki, nazir müavini məbləğin qalan hissəsini daha sonra almalıydı.
Nəqliyyat və Yollar Nazirliyinin saytında həmin yol layihəsinə dair məlumatlar yer alır. Bu layihəyə əsasən Epkin-Dıykan (Başkuuqandı ) yolunun 89.5-ci kilometrindən 159.2-ci kilometrinə qədər olan hissəsinin (69.7 kilometr) yenidən qurulması nəzərdə tutulur. Bu, Qırğızıstanın şimalı ilə cənubunu birləşdirən alternativ yoldur, Narın vilayətinin Jumqalsk rayonundan keçir.
Tender 2017-ci il iyulun 7-də başlayıb və orada 17 şirkət iştirak edirdi. Lakin müxtəlif səbəblərdən 11 şirkətin müraciəti təmin olunmayıb. Tenderdə qalan 6 şirkət arasında Azərbaycandan “AzVirt” MMC şirkəti də olub və bu şirkət digər iştirakçılara nisbətən layihənin həyata keçirilməsi üçün ən aşağı məbləğ-39 milyon dollar təklif edib. Vaxtilə Azərbaycanda yol-infrastruktur layihələrində iştirak edən və qalmaqallı şəkildə ölkədən gedən İtaliya şirkəti “Todini Costruzioni Generali Company” əvvəlcə 46.4 milyon dollar təklif edib. Amma sonda məbləği 40.8 milyon dollara qədər endirib. Qazaxıstanın “Avtodor NS” şirkəti isə ən yüksək məbləğ-62 milyon dollardan çox istəyib. Tenderə qatılan üç Çin şirkəti isə 64, 50.5 və 55.6 milyon dollar istəyiblər.
Texniki və maliyyə qiymətləndirmələrinin yekunu olaraq ən aşağı məbləğ təklif edən “AzVirt Limited Liability Company” tenderin qalibi elan edilib. Amma sonrakı danışıqların gedişində şirkət tender ərizəsinin müddətini uzatmaqdan və müqaviləni imzalamaqdan imtina edib. Nəticədə 2018-ci il sentyabrın 7-də “Todini Costruzioni” tenderin qalibi elan edilib və şirkətlə müqavilə bağlanıb.
Nazir müavininin rüşvəti hansı şirkətdən aldığı açıqlanmır, amma ehtimal ki, söhbət tenderin qalibi olan italyan şirkətindən gedir.
Mənbə:> Virtualaz.org