“AzVirt”in iştirak etdiyi tenderə görə nəqliyyat nazirinə cinayət işi qaldırmaq istəyirlər
Qırğızıstanda Azərbaycandan “AzVirt” inşaat şirkətinin də qatıldığı yol tikintisi tenderi ətrafında qalmaqal davam edir.
Virtualaz.org xəbər verir ki, Qırğızıstanın antikorrupsiya Xidməti nəqliyyat və yollar naziri Zamirbek Aydarovu tenderə müdaxilədə və onun nəticələrinə təsir göstərmək səylərində ittiham edib. Məsələ parlamentin bu günkü iclasına da çıxarılıb.
Söhbət paytaxt Bişkeki Kara Balta regionu ilə birləşdirən avtomobil yolunun bir hissəsinin yenidən qurulmasına dair elan edilmiş tenderdən gedir. Layihənin dəyəri 100 milyon dollardır və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək. Tenderdə Çinin “China Railway” şirkəti ən aşağı qiymət təklif edib, yolu cəmi 70 milyon dollara tikməyə hazır olduğunu bildirib. “AzVirt” şirkəti isə yolun tikintisi üçün 82 milyon dollarlıq büdcə təklif edir.
Məntiqlə tender komissiyası ən aşağı qiymət təklif edən şirkəti seçməlidir. Lakin komissiya bundan əvvəl konsaltinq araşdırmalarının nəticələrinə əsasən belə hesab etmişdi ki, çinlilərin çəkdiyi ucuz yol keyfiyyətsiz ola bilər və bu səbəbdən “AzVirt”ə üstünlük vermək lazımdır. Ancaq nəqliyyat naziri Çin şirkətinin seçilməsinin düzgün olacağını bildirib.
İndi Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Antikorrupsiya Xidməti bildirib ki, nəqliyyat nazirinin tenderə müdaxiləsi cəhdlərini aşkar edib. Xidmət bildirir ki, tender komissiyasının üzvlərinin dindirilməsi, vəziyyətin araşdırılması və mütəxəssslərin cəlb edilməsi nəticəsində Aydarovun tenderə müdaxiləsini təsdiqləyən dəlillər əldə edilib.
Antikorrupsiya Xidmətinin bu qənaətini noyabrın 8-də parlamentin korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə komitəsinin iclasında deputat Canıbek Bakçiyev oxuyub. Komitə qərara alıb ki, məsələyə bu gün noyabrın 9-da, hökumətin yeni tərkibi müzakirə olunarkən baxılsın. Lakin bu məsələ ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri, deputat İskəndər Matraimov iclasa qatılmadığından müzakirə təxirə salınıb.
Bununla belə deputat A.Junus ulu nəqliyyat nazirinin barəsində danışarkən təqsirsizlik prezumpsiyasını yada salıb. O deyib ki, nazirin barəsində cinayət işi qaldırılmayıb və bu səbəbdən korrupsiya haqda danışmaq tezdir. Deputatın sözlərinə görə, nəqliyyat nazirinin tenderə müdaxilə etdiyi haqda təsdiqlənməmi ittihamlara görə onun yeni hökumətin tərkibinə daxil edilməməsi barədə çağırışlar düzgün deyil. Junus ulu bu tenderdə qırğız şirkətlərinə üstünlük verməyə çağırıb.
Virtualaz.org xatırladır ki, nəqliyyat və yollar naziri Zamirbek Aydarov bu ilin sentyabrında mübahisəli tender haqda danışıb. Nazir deyib ki, tender komissiyası artıq bir ilə yaxındır ki, yolun tikintisini həyata keçirəcək şirkəti seçə bilmir.
“Komissiya Nəqliyyat və Yollar Nazirliyinin əmri ilə yaradılıb. Ancaq tender ləngiyib, çünki 36 podratçı şirkət ərizə vermişdi. Digər tərəfdən bu, beynəlxalq layihədir və donoru Asiya İnkişaf Bankıdır. Podratçı şirkətin seçilməsinin texniki tərəfi çox vaxt apardı. Həmin vaxt komissiyanın sədri nazirin keçmiş müavini Ulan Uezbayev idi, daha sonra o, işdən azad edildi. Yerinə avtomobil yolları idarəsinin rəisi Melis Alıpsatarov təyin edilib. Ancaq onun da bu cür beynəlxalq tenderlərin keçirilməsi üçün təcrübəsi yox idi və tapşırılan işin öhdəsindən gəlmədi. Nəticədə yerinə yeni adam-nəqliyyat nazirinin yeni müavini Erkin Osoyev təyin olundu”-Aydarov deyib.
Nazirin bildirdiyinə görə, Osoyevin rəhbərliyi altında tender komissiyası şirkətlərin təkliflərini ingilis dilinə tərcümə edərək qiymətləndirmə üçün beynəlxalq konsaltinq şirkəti “Eptisa”ya təqdim edib. Və qiymətləndirmədən sonra tender komissiyası “Eptisa”nın rəyinə əsaslanaraq Asiya İnkişaf Bankına təklif edib ki, Azərbaycan şirkəti “AzVirt” LLC –ni seçsin. Bu şirkət yolun tikintisi üçün 82 milyon dollarlıq büdcə təklif edir.
“Lakin tenderdə ən aşağı büdcə təklif edən Çin şirkəti “ China Railway No.5 Engineering Group Co.”-dur, bu şirkət 70 milyon dollar təklif edib. Belə çıxır ki, tender komissiyası tikintini 12 milyon dollar baha həyata keçirməyə hazır olan şirkəti seçməyi təklif edir”-nazir deyib.
Zamirbek Aydarovun bildirdiyinə görə, tender komissiyası öz seçimini belə əsaslandırır ki, ən aşağı qiymət təklif edən Çin şirkətini seçmək risklidir, çünki bu halda yolun tikintisinin keyfiyyətsiz olması riski var. Lakin Asiya İnkişaf Bankı komissiyanın təklifini qəbul etməyib, bank təklif edir ki, ən aşağı qiymət təklif edən Çin şirkəti qalib elan edilsin. “Bu, həm banka, həm dövlətə sərfəlidir”-nazir deyib. Aydarovun sözlərinə görə, hazırda podratçının seçilməsi proseduru gedir və bu məsələ açıq qalır.
Mənbə:> Virtualaz.org