Hacı İbrahim Nehrəmlinin qardaşı: “Razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm”
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Hacı İbrahim Nehrəmlinin qardaşı - iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Virtualaz.org-un xəbərinə görə, S.İbrahimov dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
İş adamı istintaqa verdiyi ifadəsində universiteti bitirdikdən sonra bizneslə məşğul olmağa başladığını, 2004-cü ildə qaynı Taleh Abdullayevin “Sahil D Kompani” MMC-ni təsis etdiyini göstərib: “2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub ki, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hündürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tiksin. “İSR Holdinq” bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Taleh şirkətin direktoru vəzifəsinə isə öz qohumu Məzahir Cəfərovu (məlumat üçün qeyd edək ki, M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı olub. O, 2015-ci ilin iyun ayında intihar edib, meyiti intihardan bir gün sonra aşkarlanıb. Məlum olub ki, M.Cəfərov ölümündən bir müddət əvvəl ailəsini Qəbələdəki evinə aparıb, dincəlmələri üçün orada qalmalarını istəyib. Qəbələdən qayıdandan bir neçə gün sonra isə evində meyiti tapılıb - red.) təyin etdi. Məzahir Cəfərov da rəhmətə gedib”.
S.İbrahimov ifadəsində “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürünün Məzahir Cəfərovda olduğunu, mənzillərin onun tərəfindən satıldığını deyib: “Bütün mənzilləri Məzahir Cəfərov satdı. 1999-cu ildə 95 faiz payı mənə aid olan “STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə, 14 ünvanında yaşayış binasının tikintisinə başladı. 2006-2008-ci illərdə bina tikilib vətəndaşlara satıldı. Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət ehtiyaclarına görə söküldü və oradan bina alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə Məzahir Cəfərov tərəfindən “Sahil D Kompani”nin tikdiyi binada mənzil verildi. “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub”.
İş adamı ifadəsində günahsız olduğunu, mərhum M.Cəfərovun onun xəbərim olmadan öz imzası isə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları İlham Qasımovla birgə xərclədiyini göstərib:
“Bir dəfə Məzahirdən möhürü istədim, vermədi, dedi itirmişəm. Talehə müraciət edib MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə 2-ci möhürlə onlara mənzil satıb. Mən “Sahil D Kompani”nin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləmişəm, amma Məzahir Cəfərova “STS” şirkəti adından “Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası isə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib. O binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməmişəm, onlardan pul almamışam. Onlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib”.
“Milyonerlər məhəlləsi”ndəki 2,6 milyon dollarlıq villaya gəlincə isə, S.İbrahimov həmin villanı Zabir Hüseynovdan aldığını etiraf edib: “Zabir Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam və razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə 100 min manat borcum qalıb, borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.
S.İbrahimov Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bilib və MMC-dəki digər vəzifəli şəxslərin, mühasiblərin bundan məlumatsız olduğunu deyib. S.İbrahimov əlavə edib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödəyib. Qalan pulu isə ödəmək imkanının olmadığını deyib: “Bu binanın satışından əldə olunan pul vəsaitləri dövlətin göstərişi ilə Səttar Bəhlulzadə küçəsindəki binanın sakinlərinin köçürülməsinə sərf olunub. Mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb və biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilmədiyimiz üçün vergini ödəyə bilməmişik”.
İş adamı zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödədiyini deyib. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı isə ödəniş etməyib.
Mənbə:> Virtualaz.org