“Azərbaycanda hansısa kiçik şəhərcikdə uşaq bağçası tikiblər, bizim filarmoniyaya oxşayır...” RUSİYADA KOMMUNİST DEPUTAT BÜDCƏ MÜZAKİRƏLƏRİ ZAMANI
Rusiyanın Vladimir vilayətinin yerli Qanunvericilik Məclisində vilayətin 2019-cu il üçün büdcəsinin müzakirələri zamanı kommunist deputatlardan biri Azərbaycanda gördüklərindən heyrətə gəldiyini deyib.
Virtualaz.org xəbər verir ki, Qanunvericilik Məclisinin Kommunist Partiyasından olan üzvü Sergey Kazakov vilayət büdcəsində nəzərdə tutulan sosial xərclərin və federal büdcədən ayrılan dotasiyaların yetərsizliyi barədə danışarkən Azərbaycanda kiçik şəhərcikdə dövlət hesabına tikilən uşaq bağçasını misal gətirib.
Deputat bildirib ki, Vladimir vilayəti öz tələblərini federal səviyyədə təqdim etməlidir.
“Hörmətli həmkarlar, ümumiyətlə Federasiyaya müraciət etməyin vaxtıdır və mən hesab edirəm ki, bu gün bunu etməyə səbəb var. Gəlin müraciət edək ki, Büdcə Məcəlləsini dəyişsinlər və nəticədə bizə gəlir vergisindən, ƏDV-dən daha çox pay ayrılsın. Bizim büdcə indiki kimi sağ qalmağa güclə bəs edən büdcə olmalı deyil, məktəblərimizdə pəncərələrə şüşə qoya bilmirik, uşaq bağçalarına normal istilik verə bilmirik. Mən Azərbaycanda oldum, orada hansısa kiçik şəhərcikdə uşaq bağçası tikiblər, bizim filarmoniyaya oxşayır. 280 körpə ora pulsuz gedir. Nəyə görəsə 10 milyonluq Azərbaycan belə obyektlər tikməyə imkan tapır, amma biz-nəhəng ölkə, Rusiya-ana, hansı ki, iri ölkələrlə ölçülə bilər, heç uşaq bağçalarında sınmış pəncərə şüşələrini dəyişdirə bilmir. Gəlin o haqda fikirləşək ki, federal büdcədən həmin 2 trilyon rubl necə də olsa aşağılara, regionlara buraxılsın”-deputat büdcə müzakirələri zamanı deyib.
Kommnist deputat Sergey Kazakovun Azərbaycanda nə vaxt olduğu və onu təəcübləndirən yaraşıqlı uşaq bağçasının hansı şəhərcikdə yerləşdiyi göstərilmir. Amma ehtimal ki, Kazakov bu ilin payızında Rusiya-Azərbaycan regionlararası iqtisadi forumunda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibində olub. Azərbaycanda son vaxtlar istifadəyə verilən 280 yerlik uşaq bağçası isə Naftalandakı qaçqın şəhərciyində tikilib.
Mənbə:> Virtualaz.org