İlham Əliyev Astanaya getmədi, amma Paşinyanı pərt edə bildi...
Hərbi bloka daxil olmayan ölkə bu blokun üzvünü öz müttəfiqləri arasında necə təkləyə və hətta pərt edə bilər? Bu, ilk baxışdan absurd görünür. Axı hərbi blok dedikdə bir-biri ilə güclü qarşılıqlı öhdəliklər əsasında bağlı olan dövlətlər toplusu nəzərdə tutulur və bu topluluqda yer almayan kənar dövlətin orada qərarların qəbuluna təsir imkanları heç bir halda həlledici ola bilməzdi. Amma postsovet geosiyasi reallıqları və Azərbaycanın bu reallıqları öz maraqları ilə çox sərrast uzlaşdırması təsdiq edir ki, belə hal baş verə bilər!
Ötən həftə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçirildi və orada gündəmin ən intriqalı mövzusu hərbi blokun Baş katibinin istefasından sonra onun yerinə kimin seçiləcəyi barədə idi. KTMT-nin niyə başsız qalmasının tarixçəsi yəqin ki, regiondakı siyasi prosesləri az-çox izləyən oxuculara tanışdır.
Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyan xüsusi xidmət orqanlarını və istintaq xidmətini tətbiq edərək keçmiş hakimiyyətin qalıqlarını darmadağın etməyə, Serj Sərkisyanın və partiyasını, bütövlükdə Qarabağ klanı siyasətdən silməyə çalışdı. Əlbətdə, keçmiş hakimiyyətin nümayəndələrini vurub sıradan çıxarmaq üçün əsaslar tapmaq çətin deyildi.
Və Paşinyan çox da uzağa getmədən 2008-ci ilin martında Yerevanda prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı ordunun tətbiq edilməsi işindən yapışdı, bir-birinin ardınca bu işdə əli olanlara, o cümlədən həmin dövrrdə Yerevan qarnizounun komandanı olmuş KTMT Baş katibi, Rusiyaya sıx bağlı general Yuri Xaçaturova cinayət işləri qaldırıldı. Xaçaturovu ifadə vermək üçün Moskvadan çağırdılar, amma həbsə atmağa risk etmədilər və barəsində ev dustaqlığı qətimkan tədbiri seçdilər.
Onsuz da Kreml Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda Rusiyanın mövqelərini zəiflətməyə yönələn addımlarını xüsusi narahatlıqla izləməkdə idi. Amma Xaçaturovun işi Moskvanın səbrini lap daşırdı, bir-birinin ardınca Ermənistan rəhbərliyinin ünvanına kəskin xəbərdarlıq mesajları verildi. Nəticədə Xaçaturovu Yerevandan buraxmalı oldular və bu odioz general Moskvaya qayıdıb iki il əvvəl seçildiyi KTMT Baş katibi vəzifəsini icra etməyə çalışdı. Amma qaldırılmış cinayət işi artıq öz işini görmüşdü-Xaçaturovun və KTMT-nin imicinə bərk zərbə dəymişdi.
Paşinyanın hökuməti onun geri çağırılması və yerinə Ermənistanın başqa nümayəndəsinin göndərilməsi mexanizmini tapmağa çalışırdı ki, Xaçaturov Astana sammiti ərəfəsində özü istefa verdi. Nəticədə KTMT-də vaxtından əvvəl boşalmış Baş katib postuna kimin seçiləcəyi ətrafında intriqa yarandı. Məsələ burasındadır ki, vaxtilə KTMT-nin əsasnaməsini işləyib hazırlayanda Baş katibin vaxtından əvvəl istefası zamanı necə hərəkət etmək barədə nəsə yazmağı “unudublar”. Əsasnamədə ancaq KTMT Baş katibi vəzifəsinin fors-major situasiyalarda (şəxsin vəfatı, səhhəti ilə əlaqədar işini icra edə bilməməsi) boş qalması variantı nəzərə alınıb. Əgər baş katib vəzifəsi fors-major situasiyalarda boş qalarsa bu vəzifəni daşımış nümayəndənin təmsil etdiyi üzv ölkə onun yerinə başqasını göndərə bilər.
Lakin indiki halda Xaçaturov ölməyib və sağlamdır. O, Ermənistan hakimiyyətinin yaratdığı situasiyaya görə istefa verməli olub. Baş nazir Nikol Paşinyan isə Astanaya yola düşməzdən əvvəl deyirdi ki, sammitdə Xaçaturovun istefasını baş katib postunun fors-major situasiyada boşalması ilə eyniləşdirəcək. Və israr edəcək ki, əsasnamədə bunun əksini göstərən heç bir müddəa olmadığından Ermənistan Xaçaturovun yerinə 2020-ci ilə qədər öz nümayəndəsini –keçmiş müdafiə naziri Mikael Arutyunyanı göndərə bilər. Hərçənd sammit başlamazdan əvvəl aydın idi ki, KTMT üzvləri arasında Paşinyanın bu arqumenti ilə razılaşmayanlar var. Və onlar hesab edirlər ki, bloka yeni baş katib rotasiya qaydasında seçilməlidir, yəni Belarus öz nümayəndəsini təqdim etməlidir.
Nəhayət KTMT ölkələri başçıları Astanaya toplaşdılar və əsas məsələ-blokun yeni baş katibinin seçilməsi barədə 3 saatdan çox qapalı qapılar arxasında müzakirə apardılar. Müzakirələrdən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev elan etdi ki, bu məsələdə yekdil mövqeyə gəlmək mümkün olmayıb və dekabrın 6-da yenidən müzakirə olacaq. Amma Nazarbayev bəribaşdan elan etdi ki, daha Ermənistanın öz nümayəndəsini göndərmək şansı yoxdur, bloka rotasiya qaydasına uyğun olaraq Belarus nümayəndəsi (Bakıda hərbi təhsil almış general, Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın namizədliyi müzakirə edilib) başçılıq etməlidir.
Rusiya KİV-ləri isə sammitdə kulislərarxası baş verənlərdən yazdı və məlum oldu ki, Ermənistanın Xaçaturovun yerinə yeni nümayəndə göndərməsinə Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də daxil olmaqla “bir neçə dövlət başçısı” qarşı çıxıb. Nəticədə Paşinyan sammitdə faktiki təklənib və hətta Rusiya prezidenti Vladimir Putin də ona kömək edə bilməyib. Sammitə dair videoreportajlarda da Paşinyanın möhkəm pərt olmuş vəziyyətdə dolaşdığını görməmək mümkün deyil.
Bu, Paşinyan üçün ciddi uğursuzluq idi və Ermənistan rəhbərliyi özü yaratdığı situasiyanın güdazına gedirdi. Və dərhal erməni KİV-lərində Astanada baş verənlərdə “Azərbaycanın əlini” axtarmağa başladılar.
Azərbaycanın üzv olmadığı hərbi blokun toplantısında baş verənlərə nə dərəcədə birbaşa təsiri vardı, bunu demək çətindir. Amma sammit ərəfəsində “Kommersant” sensasiyalı sayıla biləcək məlumat yaymışdı. Bildirilirdi ki, Azərbaycan prezidenti İlham Əliyevi KTMT sammitinə qonaq qismində dəvət etmək ideyası olub. Bu ideyanı Nazarbayev irəli sürüb, Lukaşenko dəstəkləyib. Amma erməni tərəfi razı olmayıb. Və qəzetə danışan mənbələr deyiblər ki, konsensus olsaydı İlham Əliyev Astanaya getməyə hazır idi.
İlham Əliyevin KTMT sammitinə dəvət olunması ideyası əlbətdə, boş yerdən meydana çıxmamışdı. Neçə vaxtdır ki, Azərbaycanın bu hərbi blokla yaxınlaşması, KTMT-yə üzvlüyü, yaxud heç olmasa müşahidəçi statusunda təmsilçiliyi gündəmdədir. Bu ilin yayında Azərbaycanda KTMT-yə üzvlük məsələsi ətrafında qızğın müzakirələr gedəndə və Ermənistanda “biz buna yol vermərik” ruhunda dalbadal bəyanatlar səslənəndə “təsadüfən” hərbi alyansın mənzil-qərargahında blokda müşahidəçi və tərəfdaş statusunda təmsilçilik mexanizmi təsdiqləndi. Dərhal belə qənaət yarandı ki, həmin mexanizm Azərbaycana görə yaradılır. Astana sammitində sözügedən sənəd Ermənistanın ciddi etirazlarına baxmayaraq təsdiqlənib. Müşahidəçilər və Bakıdakı məlumatlı rəsmi qaynaqlar təsdiq edirlər ki, bu sənəd məhz Azərbaycana görə qəbul edilib. Ermənistan nə qədər qarşı çıxsa da KTMT-də Azərbaycanla sıx tərəfdaşlığın əhəmiyyətini başa düşürlər.
Astanada Paşinyanın pərt olmasına gəldikdə isə burada birbaşa olmasa da “Azərbaycanın əlini” doğrudan da axtarmaq lazım gəlir. Yaxşı məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı münasibətləri, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var. Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı.
İndi Astanada baş verənlərdə də Azərbaycan prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz. Ermənistanda da etiraf edirlər ki, Azərbaycan üzv olmasa da KTMT-də çox güclü mövqelərə malikdir. Amma əsas fakt bundan ibarətdir ki, indiki halda Ermənistan qədər KTMT-yə içəridən zərbə vuran ölkə olmamışdı. Üzv ölkələrlə məsləhətləşmədən KTMT-nin rəhbərini Yerevana çağırıb “dama basmaq” cəhdi bu blok üçün tam rüsvayçılıq idi. O biri tərəfdən KTMT-nin regional və beynəlxalq təhlükəsizlik sistemində hələ də ciddi rola malik ola bilməməsinin başlıca səbəblərindən biri Azərbaycan ərazilərinin bir qismini işğal altında saxlayan və “soyqırım” iddialarından yapışıb Türkiyə ilə münasibətlərini qaydaya salmaq istəməyən Ermənistan deyilmi?
Paşinyanın Astana uğursuzluğu Ermənistanda yaxınlaşan növbədənkənar seçkilər ərəfəsində müxalifət üçün də ona hücum etmək üçün yaxşı fürsət verib. Paşinyanın hakimiyyətdən saldığı Respublika partiyasının seçki siyahısına başçılıq edən keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib ki , Ermənistan KTMT-də ciddi iflas ərəfəsindədir.
“Hökumət əlindən gələn hər şeyi eləməlidir ki, dekabrın 6-da Sankt-Peterburqda KTMT baş katibi postunu itirməsin. Əgər bu baş versə hökumət üçün tam iflas olacaq”-Sərkisyan deyib. Onun sözlərinə görə, bu riski Xaçatorva qarşı cinayət işi qaldıranda düşünmək lazım idi.
“Ermənistan həmişə KTMT-nin fəal üzvü olub. Baş nazir Paşinyan xarici siyasət vektorunun dəyişməyəcəyi haqda bəyanatlarına əməl etməsə biz ciddi problemlərlə üzləşəcəyik”-Sərkisyan bildirib.
Amma reallıq bundan ibarətdir ki, Ermənistan KTMT baş katibi postunu itirməli olacaq və Paşinyanın situasiyanı xilas etmək üçün praktiki olaraq şansı yoxdur.
Mənbə:> Virtualaz.org