Camal Xaşogi: "Boğuluram... kisəni başımdan çıxarın!"
Ərəb telekanalı Al-Jazeera Türkiyədə öldürülmüş səudiyyə jurnalisti Camal Xaşoginin son sözlərini yayıb.
Virtualaz.org bildirir ki, Xaşoginin son sözləri barədə telekanala “Daily Sabah” qəzetinin əməkdaşı Nazif Karaman məlumat verib. Həmin sözlər jurnalist Xaşoginin işgəncə ilə öldürüldüyünü təsdiq edən audioda əksini tapıb.
"Mən boğuluram… Başımdan bu kisəni çıxarın, məndə klaustrofobiya var", - onun son sözləri sitat gətirilir.
Karamanın sözlərinə görə, audioyazıdan məlum olur ki, qətl təxminən yeddi dəqiqə davam edir. O əlavə edib ki, “Daily Sabah” qəzeti tezliklə Xaşoginin həyatının son dəqiqələri ilə bağlı audioyazının fraqmentlərini dərc edəcək.
Daha əvvəl “Daily Mail” qəzeti Ağ Evin nümayəndəsi Sara Sandersə istinadən bildirmişdi ki, Parisə uçuşdan bir neçə saat öncə Ərdoğan jurnalist Xaşoginin işgəncələrlə öldürüldüyünü təsdiq edən audioyazının mövcudluğunu təsdiq edib. Qeyd olunurdu ki, türk lideri həmin audioyazını Səudiyyə Ərəbistanının, ABŞ-ın, Almaniyanın, Fransanın və Böyük Britaniyanın nümayəndələrinə verib.
Mənbə:> Virtualaz.org