Rusiya baş nazirinin müavini: “Müşfiqin qalıqlarının identifikasiyasında iştirak etməyə hazırıq”
Rusiya tərəfi bu yaxınlarda Bakının Qaradağ rayonunun Puta qəsəbəsində aparılan axtarış işləri nəticəsində aşkar edilmiş və məşhur şair Mikayıl Müşfiqə aid olması güman edilən qalıqların identifikasiyasında fəal iştirak etməyə hazırdır. Bu barədə virtualaz.org-a mədəniyyət işlərinin kurasiyasını həyata keçirən Rusiya baş nazirinin müavini Olqa Qolodetsin mətbuat xidmətindən bildirilib.
“Nəinki sovet, həmçinin dünya ədəbiyyatında əhəmiyyətli iz qoynuş dahi maarifpərvər və ədib Müşfiqə aidiyyatı böyük ehtimalla güman edilən qalıqların aşkarlanması Rusiyada böyük ictimai rezonans doğurub. Mikayıl Müşfiqin yaradıcılıq irsinin uzun illər eyni dövlətin hissələri olmuş iki qonşu və dost ölkənin ümumi dəyəri olduğunu nəzərə alaraq, RF hökuməti Azərbaycan tərəfi ilə birgə aşkar edilmiş qalıqların həqiqiliyinin müəyyənləşdirilməsi prosedurunda iştirak etməyə hazırdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya da Azərbaycan kimi bu cür işlərin aparılması üçün zəruri olan elmi-tibbi bazaya və analoji tədqiqatların aparılmasında böyük təcrübəyə malikdir.
“İki ölkənin ən müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və təbabət sahələrində sıx və bərabərhüquqlu əməkdaşlığı ənənələrini nəzərə alaraq, siyasi repressiyaların qurbanı olmuş sovet şairi barəsində tarixi ədalətin bərpa olunması kimi birgə layihə Rusiya ilə Azərbaycan arasında yüksək etimadın simvolu olardı”, - mənbə vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti AMEA, Səhiyyə və Mədəniyyət nazirlikləri və digər qurumların təmsilçilərindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib ki, həmin qrup Mikayıl Müşfiqin güman edilən qalıqları ilə bağlı məsələni araşdırmalıdır.
İlham Əliyevin göstərişinə əsasən, Mikayıl Müşfiqə aid olması güman edilən qalıqlar DNT ekspertizasından keçiriləcək. Qalıqların dahi şairə aid olması təsdiq edilərsə, onların yenidən dəfn olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Mənbə:> Virtualaz.org