Mütəxəssislər Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqların tədqiqatına başlayırlar
İctimai qrupun təşəbbüsü ilə sabahdan mütəxəssislər – antropoloqlar və genetiklər Stalin repressiyalarının qurbanı olmuş böyük Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqların tədqiqatına başlayacaqlar.
Bu barədə virtualaz.org-a xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi İctimai qrupdan məlumat veriblər.
Bu gün İctimai qrupun fəalları güman edilən qalıqlarları “NKVD”nin Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli qəbiristanlığından götürüblər.
DNK ekspertizasının ən yeni metodları bu gün hətta insanın haradan olduğunu dəqiqləşdirməyə və onun xarici görünüşünü təsvir etməyə imkan verir.
Xatırladaq ki, məşhur Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.
1938-ci ilin yanvarında, şairin hələ 30 yaşı tamam olmamış SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 20 dəqiqədən də az çəkən iclasında onu Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, hansılardan ki, ən qorxulusu Vətənə xəyanət haqqında idi, ittiham etdi və barəsində güllələnmə qərarı çıxardı...
Genetikləri ağır və gərgin iş gözləyir. Məlum olduğu kimi, ana xətti üzrə Mikayıl Müşfiqin qohumları demək olar ki, qalmayıb. Belə hallarda isə DNK analiai aparmaq xüsusilə çətindir.
Ancaq şairin uzaq qohumlarını, sözsüz ki, tapmaq olar. Yeri gəlmişkən, virtualaz.org bu axtarışlara qoşulub və artıq aydınlaşdırıb ki, Bakıda Müşfiqin dayısı nəvəsi yaşayır - Vahab İsmayılzadə.
Vahab müəllim aşkar edilmiş qalıqlarların analizinin aparılması və təsdiq olunarsa layiqli şəkildə dəfn olunması ilə bağlı redaksiyamızın təşəbbüsünü dəstəkləyib.
Eyni zamanda, Məhkəmə-tibbi ekspertiza Birliyindən bildiriblər ki, Azərbaycanda belə DNK analizlərinin keçirilməsi üçün şərait və lazımi aparatura var, ancaq indiki halda hər şey ekspertizaya təqdim olunacaq materialların vəziyyətindən asılı olacaq.
"Ekspertiza, əlbəttə, bir gün çəkməyəcək. Çünki dəfn kütləvi şəkildə və necə gəldi aparılıb, üstəlik həmin yer atmosfer çöküntülərindən qorunmayıb, ona görə də qalıqlarlar analizlər üçün mürəkkəb ola bilər. Bundan başqa, birbaşa qan qohumlarını tapmaq lazımdır", - deyə ekspertlər bildiriblər.
Vahab İsmayılzadənin köməyi ilə virtualaz.org M.Müşfiqin ana tərəfdən bacısının və dayısının qəbirlərinin olduğu yeri dəqiqləşdirməyə nail olub. İctimai komissiya Müşfiqin güman edilən qalıqlarının ekspertizasının və patoloji-anatomik tədqiqatların aparılması məqsədi ilə şairin qohumlarının qalıqlarlarının ekshumasiyası xahişi ilə Baş Prokurorluğa müraciət etməyə hazırlaşır. V.İsmayılzadənin sözlərinə görə, şairin sağ qalmış qohumları buna etiraz etmir və ekshumasiyanın zəruriliyi ideyasını dəstəkləyirlər.
Virtualaz.org mütəxəssislərin tədqiqatları və ilk nəticələri haqda oxucuları məlumatlandıracaq.
Mənbə:> Virtualaz.org