Səudiyyə rejmi axır ki, etiraf etdi
Səudiyyə Ərəbistanı rejimi axır ki, müxalif jurnalist Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf edib. Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi bəyanatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA yayıb.
Agentliyin bildirdiyinə görə Səudiyyə Ərəbistanı baş prokurorluğunun apardığı təhqiqat nəticəsində jurnalistin konsulluqda meydana gələn dava zamanı öldüyü müəyyənləşib. “Araşdırmalar göstərib ki, Xaşogi İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Xaşogi həyatını itirib”-açıqlamada belə deyilir.
Səudiyyə rejimi bildirir ki, Xaşoginin ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzasını alacaq və günahkarlar məhkəmə qarşısında dayanacaq.
Açıqlamada deyilir ki, hadisə ilə əlaqəli olaraq 18 səudiyyəli saxlanılıb. Lakin açıqlamada Camal Xaşoginin cəsədinin taleyi barədə məlumat verilmir. Xatırladaq ki, bundan əvvəl Türkiyə və Qərb KİV-ləri Xaşoginin konsulluqda necə öldürüldüyü haqda dəhşətli təfərrüatları açıqlayıblar. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Xaşoginin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.
Xəbərlərə görə Xaşoginin qətli Səudiyyə Ərəbistanında ciddi siyasi böhran yaradıb. Kral Salman bu işlə bağlı 5 yüksək rütbəlini vəzifədən azad edib. Onların arasında vəliəhd şahzadə Muhammed bin Salmanın müşaviri Saud Kahtani, xüsusi xidmət şefinin müavini Muhammed bin Salih ər-Rumeyh və digərləri də var.
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Xaşoginin öldürüldüyünü etiraf etməsinə münasibət bildirib və bu bəyanatı “inandırıcı” adlandırıb. Lakin Tramp bildirib ki, araşdırma hələ bitməyib və Səudiyyə hökumətinə bəzi suallar qalır. “Bu məsələdə Konqreslə birlikdə işləyəcəyik”-Tramp bildirib.
Mənbə:> Virtualaz.org