"Rus mafiyası" yenə sudan quru çıxdı
İspaniya məhkəməsi çirkli pulların yuyulmasında ittiham olunan Rusiya millət vəkili Vladsilav Reznik də daxil olmaqla 17 nəfərdən ibarət "rus mafiyası"na bəraət qazandırmaqla bağlı qərar qəbul edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxslərin iki böyük mütəşəkkil qrup - Tambov və Malışev bandaları ilə əlaqələri olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, bu il fevralın 19-da keçirilən növbəti məhkəmə prosesi zamanı dövlət ittihamçıları “rus mafiyası”nın üzvlərinin 1 il 7 aydan 5 il yarıma qədər azadlıqdan məhrum edilməsini istəmişdi.
Rusiya dövlət dumasının deputatı Vladislav Reznik də ittiham edilənlərin sırasındadır. O, fevralın 19-da İspaniya məhkəməsinə gəlib və prosesdə iştirak edib. Prokuror onun 5 il yarım azadlıqdan məhrum edilməsini tələb edib.
"Mən günahkar olmadığıma görə bu məhkəmə iclasına gəlmişəm və İspaniya məhkəməsinin ədalətinə inanıram” - V.Reznik jurnalistlərə açıqlamasında belə deyib.
İspan prokurorluğunun məlumatına görə, qruplaşmanın liderləri Genadi Petrov və Aleksandr Malışev çirkli pulların yuyulmasında əldə olunan vəsaitləri ofşorlara ötürüblər. Prokurorluq həmçinin Petrovun 8,5 il azadlıqdan məhrum edilməsini xahiş edib. Onun cinayət işinə hazırkı prosesdə baxılmır.
"Rus mafiyasın"ın işi 11 ildir araşdırılır.
Mənbə:> RİA Novosti