Ərdoğan İrəvana səsləndi: Sərhədləri açacağımızı gözləməyin
Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək, deyə, Azərbaycanda Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Bu barədə Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir.
“Azərbaycanın sevinci - Türkiyənin sevinci, Azərbaycanın acısı - Türkiyənin acısıdır”, - deyə, Ərdoğan bildirib və qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.
Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.
“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir”, - deyə, türkiyəli lider bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərtdir, deyə, Ərdoğan vurğulayıb.
“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur”, - deyə, prezident Ərdoğan əlavə edib.
Mənbə:> Oxu.Az