Paşinyan baş nazirdən daha çox, adi vətəndaş kimi danışırdı – ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir və hələ də ciddi olmaqdan uzaqdır.
Onun Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya prezidenti ilə müzakirə etmək idi.
Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlük məsələsinin Ermənistanı narahat etməsi də Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmək istədiyi məsələlər sırasında yer alırdı:
“Başqa bir məqsəd Ermənistanın atom elektrik stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alınması idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, Paşinyan məqsədlərinin heç birinə çata bilməyib.
Xüsusilə, o, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə nail ola bilməyib”.
Millət vəkili qeyd edib ki, Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan problemini siyasi manipulyasiya predmetinə çevirərək, daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi:
“O, bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan baş nazirdən daha çox, adi vətəndaş kimi danışırdı. Paşinyan çıxışında bildirib: “Mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”.
Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından verməlidir.
Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. O, Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın dövlət siyasətinin keçmişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir.
Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib.
Ona görə Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqinin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər, Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan ölkəmizin hərbi qüdrətindən ehtiyat etməsidir.
Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir. Rusiya səfəri də nəticəsiz və uğursuz görüş kimi Nikol Paşinyanın siyasi karyerasına yazıldı”.
Millət vəkili Kamilə Əliyeva Paşinyanın son açıqlamasını “sərsəmlik və cəfəngiyyat” hesab edir.
O qeyd edir ki, Paşinyan bununla özünün nə qədər dayaz siyasətçi olduğunu, eyni zamanda, nə qədər çıxılmaz duruma düşdüyünü nümayiş etdirir:
“Çünki artıq aprel ayından xeyli vaxt keçib. Xalqın, çiyinlərində hakimiyyətə gəldiyi kütlənin, ölkənin problemləri isə yerində saymaqda davam edir.
Xalq, onu hakimiyyətə gətirən kütlə konkret addımlar atılmasını gözləyir. Ancaq Paşinyan isə, sadəcə, kimsəyə xeyri dəyməyən boş-boş vədlər, açıqlamalar verir. Bir addım atır, sonra iki addım geriyə çəkilir. Koçaryanla, Xaçaturovla bağlı məsələni xatırlamaq kifayətdir ki, bu adamda prinsipiallıq, dediyinin, atdığı addımların üzərində möhkəm dayanmaq iradəsi yoxdur.
O, düşdüyü vəziyyətdən çıxmaq, yəni, xalqın, kütlənin başını qatmaq, üzərinə gələn qəzəb dalğasını qismən də olsun, yatırtmaq üçün əzilib-büzülmüş “Qarabağ kartı”ndan istifadə etməyə, ermənilərin millətçilik, şovinistlik damarından yapışmağa çalışır. Amma nə edirsə-etsin, heç nə alınmayaqcaq.
Ən azı Azərbaycan dövləti, Azərbaycan xalqı Paşinyanın avantürasının reallaşmasına imkan verməyəcək, necə ki, indiyə qədər imkan verməyib.
Heç bir erməni siyasətçisinə və erməni liderinə bu təxribat xarakterli, bu avantürist, bu cəfəng ideyanı gerçəkləşdirmək nəsib olmayacaq. Paşinyan da daxil olmaqla, onların hər birinin bu arzusu gözlərində qalacaq.
Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün hallarda münaqişəyə son qoyacaq və ədalətli sülhə nail olacaq. Bunu ermənilər də, onların Paşinyan kimi xəstə ruhlu siyasətçiləri və liderləri də, onlara himayədarlıq edənlər də birdəfəlik qulaqlarına sırğa etsinlər. Qarabağ Azərbaycanındır”.
Mənbə:> Oxu.Az