Solsberidə casus ovu: Başirov və Petrov Skripalların evi qarşısında "göründü" – YENİLƏNİB
Britaniyanın Solsberi şəhərində bu ilin mart ayında keçmiş QRU polkovniki Sergey Skripalı və qızını “Noviçok” məxfi əsəb-iflic qazı ilə zəhərləyən iki rusiyalının görüntüləri videomüşahidə kameralarına düşüb. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, Skotland Yard həmin şəxslərin pasportlarında ad-soyadlarının Aleksandr Petrov və Ruslan Boshirov olduğunu bildirir. Lakin əmin deyil ki, bunlar həmin şəxslərin əsl kimliklərini ifadə edir.
Bununla belə Skotland-Yardın antiterror bölməsinin rəhbəri Nil Basu keçirdiyi brifinqdə deyib ki, istintaqa həmin rusiyalıların əsl adları məlumdur. Onun sözlərinə görə, həmin məlumatı təsdiqləmək üçün şahid ifadələri lazımdır və bu səbəbdən axtarışa verilmiş şəxslər barədə məlumatı ictimailəşdiriblər.
Məlum olub ki, bilavasitə Skripalların zəhərlənməsi ərəfəsində Popov və Bashirov Solsberidə videomüşahidə kameralarına düşüblər. Krallıq prokurorluğunun nümayəndəsi Syu Hemminq deyib ki, şübhəlilər martın 2-də “Aeroflot”un SU2588 reysi ilə Moskvadan Londona uçublar. “Hetvik” aeroportundan onlar “City Stay Hotel”ə yollanıblar. Martın 3-də onlar Solsveriyə gediblər. Polisin təxmininə görə ərazini öyrənmək üçün.
Nil Basu bildirib ki, şübhəlilər martın 4-də qatarla yenidən Solsberiyə gediblər. Orada onlar Skripalların evinin yaxınlığında kameraya düşüblər. Polis ehtimal edir ki, şübhəlilər “Noviçok” qazını Skripalların mənzilinin qapısına sürtüblər, bundan sonra Londona qayıdıblar. Bir neçə saat sonra “Hitrou” aeroportundan SU2585 reysi ilə Moskvaya qayıdıblar. Xüsusi agentlərin Londonu tərk etməsindən az sonra Skripallar huşsuz vəziyyətdə tapılıb.
Polis şübhəlilərin qaldıqları «City Stay Hotel”də “Noviçok”un izlərini aşkar ediblər. Skripalları zəhərləmək üçün “Premier Jour Ninna” ətirinin flakonu istifadə olunub. Bu flakon “Noviçok”u Britaniyaya aparmaq üçün xüsusi hazırlanıb.
Rusiya XİN isə Skripalları zəhərlənməsinə görə iki rusiyalının axtarışa verilməsinə münasibət bildirərək bu şəxslərin adlarının və fotolarının onlara “heç nə demədiyini” açıqlayıb. XİN-in rəsmisi Mariya Zaxarova deyib ki, Rusiya Böyük Britaniya hökumətini informasiya manipulyasiyasından çəkinməyə və Skripalların işi üzə praktiki əməkdaşlığa dəvət edir.
* * *14:32
Böyük Britaniya hakimiyyəti bu ilin martında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalı və onun qızı Yuliyanı “Noviçok” əsəb-iflic qazı ilə zəhərləyən iki rusiyalının adlarını açıqlayıb.
Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bunlar Aleksandr Petrov və Ruslan Boshirovdur. Hər ikisi 40 yaşlarındadır. Prokurorluğun bildirdiyinə görə onların qaldıqları otel otağında “Noviçok”un izləri aşkarlanıb. Bu şəxslər martın 2-də Böyük Britaniyaya əsl pasportları ilə, amma uydurma ad altında daxil olublar. İki gün sonra Rusiyaya qayıdıblar. Petrovun və Boshirovun barəsində Avropa miqyaslı axtarış elan edilib.
Sergey Skripal Qərb kəşfiyyatına işlədiyi üçün Rusiyada mühakimə olunub. Daha sonra casus mübadiləsi çərçivəsində azadlığa çıxıb və Böyük Britaniyada məskunlaşıb. Onlar məxfi “Noviçok” əsəb-iflic qazı ilə zəhərlənsələr də sağ qalıblar. Həkimlər Skripalları xilas edə bilib.
Mənbə:> Virtualaz.org