Mənsimovun gəmisi Kerç körfəzində aylardır atılmış qalıb, baş mexanik ağır xəstədir
Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus gəmi Kerç körfəzi ilə üzbəüz 12 millik zonada aylardır atılmış vəziyyətdə qalıb. Gəminin rusiyalı heyət üzvləri aylardır əmək haqqı almır və şirkətin onlara 200 min dollardan çox borcu var.
Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” qəzetinə Rusiya dənizçilər İttifaqının Azov-Don regional təşkilatının rəhbəri Leonid Qluşak məlumat verib. Qluşakov deyib ki, gəmi sahibi gəmini faktiki olaraq atıb, heyət üzvləri aylardır açıq dənizdə gəmidə qalıb və ağır şəraitlə üzləşiblər.
“Baş mexanik ağır xəstədir, o yataqdan qalxa bilmir”-Qluşak deyib. Onun sözlərinə görə, kapitan gəmi sahibinin icazəsi olmadan gəmini Rusiya limanlarından birinə yönəldə bilməz. “Bu, gəminin qaçırılması kimi qiymətləndirilə bilər”-Qluşak bildirib.
Dənizçilər ittifaqının nümayəndəsi deyib ki, hazırda heyət göyərtədə yaranmış fövqəladə vəziyyətlə bağlı gəminin Rusiya limanlarından birinə yan alması üçün bu ölkənin hakimiyyətindən icazə istəmək imkanlarını araşdırır.
Xatırladaq ki, “Palmali”nin gəmilərinin taleyin ümidinə buraxıldığı və heyət üzvlərinin aylardır maaş almadığı, aclıq aksiyaları keçirdiyi barədə bundan əvvəl də xəbərlər yayılırdı. Rusiyada “Palmali Holding”in törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə proseduru başladılıb. Mənsimovun donanması neçə vaxtdır ki, borc içində batır.
Mənbə:> Virtualaz.org