MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
2017-ci ildə “The New York Times” nəşrində dərc olunmuş məqalədən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tarixində ən iri iflaslardan biri barədə məlum oldu: 2010-cu ildən 2012-ci ilədək Çində onlarla Amerika agenti öldürülmüş, yaxud həbs edilmiş, onillər boyu yaradılmış şəbəkə isə faktiki olaraq dağıdılmışdı.
İstintaqın gedişində ABŞ-da MKİ-nin keçmiş əməkdaşı Cerri Çun Şin Li saxlanılmışdı – hesab olunurdu ki, agentura şəbəkəsini çinlilərə məhz o satıb; 2018-ci ilin yanvarında ona qarşı rəsmi ittiham irəli sürüldü. Avqustun 15-də “Foreign Policy” nəşrinin məqaləsində göstərildi ki, MKİ-nin 30 nəfər əməkdaşı və onların əlaqələndiriciləri edam edilib – şəbəkə isə yalnız satqın sayəsində deyil, həm də kommunikasiya sistemindəki səhvlər ucbatından ifşa edilib.
Çində baş vermiş hadisəni MKİ-nin və Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi komissiyası araşdırırdı. Komissiya üç potensial istiqamət üzə çıxarmışdı: satqınlıq, Çin hakimiyyətinin ifşa edə bildiyi agentlərin özünün səliqəsiz işi və kommunikasiya sistemindəki sızmalar. Yekunda müstəntiqlər belə bir nəticəyə gəliblər ki, hər üç amilin kombinasiyası iflasa səbəb olub.
“Foreign Policy”nin həmsöhbətləri deyirlər ki, MKİ yeni agentlə işləməyə başlayarkən idarə, adəti üzrə, müvəqqəti rabitə sistemindən istifadə edir. Bu kuratora imkan yaradır ki, mənbə ilə məsafəli əlaqə yarada bilsin, lakin sistem MKİ-nin əsas şəbəkəsindən tamamilə ayrıdır – yeni mənbənin ikili agent olacağı təqdirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə.
İstintaq zamanı aydln olub ki, MKİ-nin müvəqqəti sistemində texniki yanlışlıq olub. Bu səbəbdən həmin rabitə kanalı vasitəsilə ümumi sistemə giriş imkanı yaranıb ki, ümumi sistemdən agentlik yoxlanılmış agentlərlə əlaqə üçün istifadə edir. Görünür, çinli mütəxəssislər ikili agent, yaxud Linin satdığı agentlərdən birinin kompüteri vasitəsilə müvəqqəti sistemə daxil olublar; oradan isə ümumi bazaya daxil olaraq bütün şəbəkəni açıblar.
MKİ-nin Çində istifadə etdiyi rabitə sistemi ilkin olaraq Yaxın Şərqdəki əməliyyatlar üçün nəzərdə tutulmuşdu. “Foreign Policy”nin həmsöhbətləri qeyd edirlər ki, orada kəşfiyyat işinin xüsusiyyətləri bambaşqadır və təhlükəsizlik səviyyəsi qat-qat aşağıdır: Çindəki mütəxəssislər dəfələrlə çox təlimlidir.
Çin xüsusi xidmət orqanları MKİ-nin rabitə şəbəkəsindəki zəif yerlər barədə məlumatla Rusiya ilə bölüşə bilərdi. Buna sübut olaraq o da göstərilir ki, Çindəki rezidenturanın problemlərinin yarandığı vaxt Rusiyada birdən-birə bir neçə agent qəfildən MKİ-dən olan kuratorları ilə əlaqələri kəsiblər.
“Foreign Policy”nin həmsöhbətlərinin sözlərinə görə, baş vermiş hadisə ona gətirib çıxarıb ki, amerikalı kəşfiyyatçılar indi mənbələrdən məlumatların alınmasının daha az texnoloji üsullarının üstünlüklərini müzakirə edirlər. Çində bir çox MKİ əməkdaşı hazırda agentlərlə şəxsən görüşməyi üstün tutur – bu üsul daha çox vaxt tələb etsə belə.
Mənbə:> Virtualaz.org