Sarkisyanın partiyası Rusiya ilə Ermənistan arasında yaranmış çatdan danışdı
“Xarici siyasətdə, Ermənistan-Rusiya münasibətlərində hər şey yaxşı deyil, halbuki tam tərsi bəyan edilir, Ermənistanın maraqlarının ziddinə olan problemlər yaranıb. Paşinyan hökuməti “pinq-ponq” siyasəti yürüdür, 102-ci Rusiya hərbi bazası ilə, KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlarla, Sergey Lavrovun bəyanatı ilə bağlı problemlər yaranıb”, - virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
O vurğulayıb ki, Ermənistan üçün bir nömrəli məsələ korrupsiya ilə mübarizə, inqilab və əks-inqilab məsələləri deyil, ölkənin təhlükəsizliyi, Avrasiya İqtisadi Şurası və KTMT çərşivəsində əməkdaşlığın dərinləşdirilməsidir.
“Paşinyan bunu bacaracaqsa, qoy etsin, yerdə qalanlar isə ikinci dərəcəli məsələlərdir”, - Şarmazanov söyləyib.
Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti siyasi nihilizm yolu ilə gedir.
“Paşinyanın iki yolu vardı – hökumət başçısı olmaq, yaxud da inqilabi komitəyə rəhbərlik etmək, düşünürəm ki, o ikinci yolla gedir. Hökumətlər pis şeyləri geridə qoyur, yaxşıları götürərək irəli gedir, inqilabi komitə isə, bolşeviklər kimi, hər şeyi silir – yaxşını da, pisi də. Bu gün aydırdır ki, Paşinyan hökuməti siyasi nihilizm yolu ilə irəliləyir”, - Şarmazanov bildirib.
Onun sözlərinə görə, hakimiyyət hüquq-mühafizə orqanlarının işinə qarışır, ələlxüsus təqsirsizlik prezumpsiyasını inkar edir, şəxsi və siyasi motivlər əsasında həbslər aparılır.
O həmçinin bəyan edib ki, may ayında Paşinyanın namizədiyinin əleyhinə səs verməkdə yanılmayıb.
“O, yaxşı baş nazir deyil. Ermənistanı inqilabçılara və əks-inqilabçılara bölmək nə deməkdir? Biz hara gedirik, diktaturaya? O, sıçrayışlı inkişafdan danışır, neçə iş yeri açılıb, diaspordan nə qədər investisiya daxil olub?” – vitse-spiker sözlərinə əlavə edib.
Şarmazanov onu da bildirib ki, Paşinyandan Ermənistanda LGBT təbliğatına, sektaların fəaliyyətinə və erməni kilsəsinə hücumlara münasibətinə dair cavab ala bilməyib.
Mənbə:> Virtualaz.org