Türkiyədə “qara cümə”: dollar rekord dalınca rekord vurdu
Cümə günü, avqustun 10-u Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı.
Virtualaz.org xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib.
Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atıb – 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib və hazırda 6,41 TL səviyyəsindədir.
Xatırladaq ki, şənbə və bazar günləri birjalar işləmir və həftənin son məzənnəsi bir neçə saatdan sonra məlum olacaq. Ekspertlər maraqla gələn həftənin ilk gününü və birjalarda alqı-satqı əməliyyatlarının bərpasını gözləyəcəklər. Bir çox rəylərə əsasən, dolların məzənnəsinin yüksəlişi davam edəcək.
"Kapalıçarşı" bu gün
Türkiyənin “Star” telekanalının məlumatına əsasən, bu gün səhər saatlarından xarici valyutaların məzənnəsinin sürətlə dəyişməsi üzündən əksər valyutadəyişmə məntəqələri bağlanıb. Məsələn, İstanbuldakı “Kapalıçarşı”da tək-tük valyutadəıyişmə məıntəqələri işləyib ki, onların da qarşısında böyük növbələr yaranıb. Növbədə duranlar, əsasən, əlində olan dollarları və avroları xırdalamaq istəyənlər olub. Onların fikrincə, bu yolla “dolların məzənnəsinin artımını dayandırmaq mümkündür”. Hətta cəmi 2 avrosu olan bir yeniyetmə də bu xəyalla valyutasını xırdalayıb.
Valyutaların məzənnəsinin belə yüksəlməsindən məmnun olanlar da var. Bunlar əsas etibarilə turistlərdir. Məsələn, cibində 1000 dollarla Türkiyəyə gələn turistin səhər potensial olaraq 5550 lirəsi vardısa, axşam həmin rəqəm 6410 lirəyə qalxıb. Nəzərə alsaq ki, valyutaların məzənnə dəyişikliyi hələlik malların qiymətinə təsir etməyib, Türkiyə mağazalarından hazırda çox ucuz qiymətə alver etmək imkanı yaranıb və turistlər bu imkandan bacardıqları qədər istifadə edirlər.
Mənbə:> Virtualaz.org