Avqust müharibəsinin 10 illiyində Medvedev yenə hədələdi – FOTO
Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş 5 günlük müharibənin 10 ilinin tamam olduğu bir vaxtda baş nazir Dmitri Medvedev Tiflisi hədələyib.
Virtualaz.org xəbər verir ki, Rusiyanın baş naziri Gürcüstanın NATO-ya üzv olmasının “dəhşətli münaqişəyə səbəb ola biləcəyini” deyib. Bu xəbərdarlıq Gürcüstanda NATO-nun “Noble Partner 2018” təlimlərinin davam etdiyi bir vaxtda səslənib. Rusiya cavab olaraq özünün separatçı Abxaziya bölgəsindəki qoşunlarının irimiqyaslı təlimlərini başladıb.
2008-ci ilin avqustunda Medvedev Rusiya prezidenti idi və Gürcüstana hərbi müdaxilə barədə əmri (formal da olsa) o vermişdi.
“Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişəyə səbəb ola bilər, anlaşılmır ki, bu nəyə gərəkdir”-Medvedevin bu sözlərini TASS sitat gətirir.
Baş nazir bildirib ki, 10 il əvvəl Gürcüstanla Cənubi Osetiya arasında münaqişə qaçılmaz deyildi. “Heç nə qaçılmaz olmayıb”-Medvedev bildirib.
Bundan əvvəl prezident Vladimir Putin Gürcüstanın NATO-ya üzvlüyünün “cavab addımlarına gətirib çıxaracağı” haqda xəbərdarlıq edib.
2008-ci ilin avqustunda Gürcüstan qoşunlarının Sxinvaliyə daxil olmasının ardınca Rusiya ordusu Roksk tunelindən keçməklə bu ölkəyə hərbi müdaxilə edib. Gürcüstan qoşunları tələfat verərək Cənubi Osetiyadan çəkilib, sonrakı günlərdə Rusiya ordusu Qori şəhərini tutub və Tiflisin 30 kilometrliyinə qədər irəliləyib. Fransa başda olmaqla Avropa dövlətlərinin vasitəçiliyi ilə 5 günlük müharibədən sonra atəşkəs əldə edilib, ruslar Qorini tərk etsə də Cənubi Osetiya və Abxaziya faktiki ilhaq olunub. Bu separatçı bölgələrin “müstəqilliyi” Rusiya tərəfindən tanınıb, Rusiya həmin bölgələrdə iri qoşun qruplaşması yerləşdirib.
Mənbə:> Virtualaz.org