Dağlıq Qarabağ ətrafı rayonlar zəbt edilib, qaytarılmalıdır deyən erməni siyasətçiyə hücumlar başladı
Ötən gün Yerevanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ ətrafındakı rayonların “zəbt edildiyi” və bütün beynəlxalq normalara görə Azərbaycan əraziləri olduğu haqda bəyanat verən erməni siyasətçiyə hücumlar başlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “administrasiya sözçüsü” David Babayan “Erməni Milli Konqresi” partiyasından Zoya Tadevosyanın dediklərini “xəyanət, satqınlıq” adlandırıb.
“Bu milli maraqların satılmasıdır, mənəvi deqradasiyadır, ümid ancaq ona qalır ki, həmin qadının başı özündə deyil”-Babayan bildirib. O, Ermənistanda belə düşünən adamların olmasını “qorxulu” hesab edir, bildirir ki, belə adamlar küçəyə çıxmaqdan utanmalıdır.
Qondarma “dqr prezidentinin” xüsusi tapşırıqlar üzrə nümayəndəsi, keçmiş səhra komandiri və Dağlıq Qarabağın xüsusi xidmət orqanlarının rəhbəri Arşavir Qaramyan da Tadevosyanın bəyanatını “yolverilməz” adlandırıb. O, Ermənistanda son vaxtlar ərazilərin qaytarılması barədə danışan siyasətçilərin, politoloqların fəallaşdığını bildirir. Qaramyan “bu cür qanunsuz hərəkətlərin davam edəcəyi halda” Qarabağ ermənilərini küçələrə çıxmağa çağırır.
Mənbə:> Virtualaz.org