Orxan Camalı və daha iki jurnalisti ərəbcə danışan dəstə güllələyib
Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərin qətlinin yeni təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, “Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin bu ölkədəki fəaliyyəti barədə araşdırma aparmaq və sənədli film çəkmək üçün gedən çəkiliş qrupunu ərəb dilində danışan təxminən 10 nəfərlik dəstə oğurlayıb.
Hadisənin baş verdiyi Sibyu şəhərinin məmuru Marselina Yoyo bildirib ki, jurnalistlər şəhərdən yerli vaxtla təxminən axşam saat 7 radələrində çıxıblar. Onlara Sibyudan 23 kilometrlik məsafədə hücum ediblər.
“Təhlükəsizlik qüvvələri onlara məsləhət görüb ki, getməsinlər. Çünki artıq hava qaralırdı. Onları 10-a yaxın adam oğurlayıb. Hamısı türbanlarda olub və ancaq ərəb dilində danışıblar”-Yoyo deyib.
Bundan əvvəl Sibyu şəhərinin meri Anri Depele bildirmişdi ki, hücum nəticəsində çəkiliş qrupunun sürücüsü sağ qalıb. O, jurnalistləri təyinat yerinə aparırdı. Sürücü yerli hakimiyyətə bildirib ki, iyulun 31-də təxminən gecə yarısı onları Sibyu şəhərindən 23 kilometr məsafədə kolluqdan atəşə tutublar.
Daha sonra jurnalistlər silahlı dəstə tərəfindən oğurlanıb. Silahlılar Orxan Camalı və onunla birlikdə sənədli film çəkmək üçün gedən Kirill Radçenkonu, Aleksandr Rastorquyevi güllələyiblər. Rusiya XİN bildirib ki, jurnalistlərin Mərkəzi Afrika Respublikasında olması barədə əvvəlcədən onlara məlumat verilməmişdi, səfirlik də bu barədə bilmirdi.
Bu ilin iyun ayında fransız KİV-ləri xəbər veriblər ki, rusiyalı muzdlular Mərkəzi Afrika Respublikasına göndərilib və onlar ölkə prezidenti Fosten-Arkanja Tuaderin mühafizəsinə kömək edir. Rusiya XİN bu Afrika respublikasına “əvəzsiz hərbi kömək göstərildiyi” barədə mart ayında açıqlama vermişdi.
Rusiyalı jurnalist Orxan Camalın həyat yoldaşı İrina Qordiyenko “İnterfaks” agentliyinə bildirib ki, MAR-da qətlə yetirilmiş ərinin cəsədini tanıyıb.
“Mən bu məlumatı təsdiq edirəm, mənə diplomatik kanallarla cəsədin fotoşəklini yollayıblar”, - İ.Qordiyenko deyib.
Onun sözlərinə görə, əri Mərkəzi Afrika Resöpublikasında ezamiyyətdə olub.
“Orada o, özəl hərbi şirkət barədə sənədli film çəkirdi”, - İ.Qordiyenko qeyd edib və əlavə edib ki, O.Camal MAR-da çox qısa müddət ərzində olub.
Mənbə:> Virtualaz.org