Neft bahalaşdı, vəliəhdin dəbdəbəli islahat planları yaddan çıxdı...
Cəmi bir il əvvəl dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşməkdə davam edəndə Səudiyyə Ərəbistanı genişmiqyaslı islahatlar planını elan edərək dünyanı şoka saldı. Qatı şəriət qaydalarının hökm sürdüyü bu ölkə iqtisadiyyatda və sosial sahələrdə liberallaşmaya gedəcəyini, hətta planetin ən iri neft şirkəti sayılan “Saudi Aramco”nun səhmlərinin bir hissəsinin satılacağını elan etmişdi. Lakin neftin yenidən bahalaşması Səudiyyə hakimiyyətinin islahat planlarını da yaddan çıxarıb.
Virtualaz.org qeyd edir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səudun şəxsən təqdim etdiyi dəbdəbəli islahat planları, o cümlədən Qırmızı dənizin sahilində ultramodern şəhər salmaq ideyası elə kağız üzərində qalıb, habelə “Saudi Aramco”nun səhmlərinin bir hissəsini satmaq barədə daha danışan yoxdur.
Son illər faktiki olaraq ölkəni idarə edən gənc vəliəhd şahzadənin islahatlar proqramı “Viziyon 2030” adlanırdı. Bura bir neçə irimiqyaslı və yaraşıqlı layihələr, o cümlədən Neom adlı möcüzə-şəhərin tikintisi planı da daxil idi. Şəhərin öz qanunları olacaqdı, yəni Səudiyyənin sərt şəriət qanunları bu şəhərdə keçməyəcəkdi və Neomun sakinləri alkoqol dənizində üzüb gecə barlarında istədikləri kimi əylənə biləcəkdilər. Bu şəhər özünü alternativ enerji mənbələri hesabına tamamilə elektrik enerjisi ilə təmin edəcəkdi, Neom sakinləri üçün ərzaq da elə orada istehsal olunacaqdı. Vəliəhdin hesablamalarına görə qeyri-neft iqtisadiyyatına keçidə xidmət edən bu şəhər 500 milyard dollara başa gəlməliydi. Məhəmməd bin Salman deyirdi ki, 2030-cu ilə qədər iqtisadiyyatı neft asılılığından azad edib rəqabətədavamlı və açıq iqtisadiyyat quracaq. 1.2 milyon yeni iş yeri yaradılacaq, işsizlik 12 faizdən 9 faizə endiriləcək.
Vəliəhdin islahat planlarını həyata keçirmək üçün maliyyə mənbələrindən biri də “Saudi Aramco” şirkətinin səhmlərinin 5 faizinin satışından əldə edilməliydi. Şahzadənin hesablamalarına görə bu satışdan 100 milyard dollar daxil olacaqdı.
Lakin “Saudi Aramco” qapalı şirkət olduğuna görə müstəqil konsaltinqlər onun əsl dəyərini müəyyən edə bilmir. Deməli şirkətin 5 faizlik səhm paketi üçün 100 milyard dollar qiymət ancaq kral ailəsinin arzusu ola bilərdi. Səudiyyə hakimiyyəti şirkətin tam dəyərini 3 trilyon dollardan yuxarı qiymətləndirilir.
Şahzadə isə səhmləri satmaq üçün onları bir neçə birjada eyni vaxtda yerləşdirməyə hazırlaşırdı, investorlar üçün tam şəffaflıq vəd edirdi. İslahatlar üçün digər maliyyə mənbəyi isə hakim ailənin üzvləri olmalıydı. Şahzadə Məhəmməd ötən il hakim ailənin onlarla üzvünü, hansı ki, onların arasında dünyanın ən zəngin adamlarının siyahısında olanlar da vardı, Ər-Riyadda beşulduzlu otelə doldurub azadlığa çıxmaları üçün var-dövlətlərinin bir hissəsindən keçməli olduqlarını onlara çatdırdı. Məlumatlara görə hakim ailənin korrupsionerlərindən bu yolla 105 milyard dollar qoparmaq mümkün oldu. Amma bu üsul vəliəhdin ölkəsini daha liberal etmək planlarına da zərbə vurdu. Çünki potensial investorlar üçün Səudiyyə Ərəbistanında varlıların pullarının bu cür əllərindən alınmasından qorxunc heç nə ola bilməzdi.
Hazırda isə Səduiyyə Ərəbistanında heç kim “Saudi Aramco”nun səhmlərinin birjaya çıxarılması barədə danışmır. Analitiklərə görə bunun bir neçə səbəbləri ola bilər. Birincisi, hakimiyyət qorxur ki, şirkətin səhmlərin tələbat gözlənilən səviyyədə olmayacaq. İkincisi, ölkədəki siyasi vəziyyət və 5 faizlik səhm paketi üçün həddən artıq yüksək qiymətin elan edilməsi.
Digər tərəfdən vəliəhdin daha pula ehtiyacı da yoxdur. Neftin qiyməti 70 dollardan yuxarıdır, üstəlik Səudiyyə Ərəbistanı hasilatı istədiyi qədər artıra bilər. Lakin analitiklər neftin indiki yüksək qiymətlərinin nisbi olduğunu və Səudiyyə Ərəbistanının hasilatı artırmasının OPEC-də narazılıq yaradacağını da deyirlər. Belə vəziyyətdə “Saudi Aramco”nun səhmlərinin birjaya çıxarılması riskli ola bilər. Məlumatlara görə Səudiyyə hökuməti alternativ variantı-səhmlərin birbaşa satışını da nəzərdən keçirib. Amma potensial alıcı tapa bilməyib.
Vəliəhdin islahatlar paketindən isə deyəsən ən çox səudiyyəli qadınlar faydalana bilib. Ötən ildən onlara maşın sürməyə, kütləvi mərasimlərə qatılmağa, notarius işləməyə, hətta polisdə xidmət etməyə icazə veriblər. Hərçənd bu icazələri almaq hər səudiyyəli qadına qismət olmur. Bundan əlavə ölkədə kinoteatrlar və teatrlar meydana çıxır, tezliklə “Disneylend” kimi əyləncə mərkəzi də açılacaq...
Mənbə:> Virtualaz.org