Ərəblər neftin qiymətini niyə endirdi? – RƏY
Səudiyyə Ərəbistanının Dövlət Neft Şirkəti Saudi Aramco Asiyaya neftin tədarük qiymətini hər barelə 1,7 dollar azalıb. Saudi Aramco həmçinin Uzaq Şərq üçün qiyməti 2 dollar, ABŞ üçün 30 sent ucuzlaşdırıb.
Ərəblərin bu addımı bazara necə təsir edə bilər? Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı olaraq, bu addımı ərəblərin rusları cəzalandırması kimi başa düşmək olarmı və ya Səudiyyə Ərəbistanı alıcılar üçün qiyməti daha da endirə bilərmi?
Oxu.Az bu suallar ətrafında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib.
İ.Şabanın sözlərinə görə, bazarda Səudiyyə Ərəbistanının bu addımlarını şok addımlar kimi qiymətləndirmək düzgün deyil:
“Səudiyyə Ərəbistanının atdığı addımları şok addımlar kimi qiymətləndirmək düzgün olmazdı. Çünki bu ölkə dünyanın ən böyük neft ixracatçısıdır və onun özünün spesifik alıcıları var.
ABŞ-dan tutmuş Avropa, Şərqi Asiyaya ölkələrinədək. Ona görə də periodik olaraq ərəblər iri istehlakçılar üçün qiymət endirimlərində dəyişiklik edirlər. Bu kimi hər hansı dəyişikliyi, bazarda öldürücü və ya şok endirim kimi effektini qəbul etmək yersizdir” - deyə, energetika üzrə mütəxəssis deyib.
İ.Şaban ərəblərin bu addımının İran faktoru ilə bağlı olduğunu qeyd edib:
“Artıq ilin 4-cü rübüdür. 4-cü rübün ikinci ayının ortasında və yaxud da ki, maksimum sonunda İran öz neftini bazara çıxarda və əvvəlki itirilmiş mövqelərini bərpa edə bilər. Söhbət 1 milyon barel həcmdə olan neftdən gedir.
Təbii ki, İrana qarşı sanksiyalar tətbiq edilərkən onun bazardakı yerini körfəzdəki əzəli rəqibi olan Səudiyyə Ərəbistanı tutmuşdu. Artıq İran bəzi ölkələr ilə danışıqlara başlayıb. Hətta bu ölkənin 2016-cı ilin 1-ci rübünün sonunadək artıq müəyyən razılaşmaları var. Təbii ki, Səudiyyə Ərəbistanı baş verən bu prosesləri kənardan durub seyr etməyəcəkdi”.
“Ona görə də, İran neftinin dünya bazarına çıxması ilə əlaqədar olaraq, qiymətlərin bazarda düşməsi, aşağı enməsi bu qaçılmaz olacaq” - deyə, mütəxəssis bildirib.
İ. Şaban neftin qiymətinin uzunmüddət olaraq aşağı qalmasının Rusiyanın Suriyadakı əməliyyatlar ilə əlaqəsi olmadığını da vurğulayıb:
“Neftin qiymətinin aşağı olacağı ilə bağlı proqnozlar bir neçə il bundan əvvəl bildirilirdi. Düşünürəm ki, baş verən son proseslərin rusların cəzalandırılması və s. kimi başa düşmək doğru deyil”.
Qeyd edək ki, bir müddət əvvəl də iran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr departamentinin direktoru Səid Mohsen Kamsari də bildirmişdi ki, dünya bazarına son üç il ərzində İranın yerinə çox yeni xam neft ixrac edən ölkələr daxil olub və bu gün dəyişmiş vəziyyəti nəzərə alaraq uyğun olan proqramlar hazırlanıb, sutkada 500 min barel neft sanksiyaların ləğvindən sonra bazara çıxarılması nəzərdə tutulub.
Kamsarinin sözlərinə görə, İran neftinin əvvəlki istehlakçıları yeniləməyə və ya onun alışını artırmağa hazırdır:
“İrandan karbohidrogen almaq istəyən yeni ölkələr var. İdxalatçıların əksəriyyəti (İran neftinin sanksiyalara qədərki alıcıları) əvvəlki həcmlərdə İran neftini almağa hazırdır” - deyə, direktor qeyd etmişdi.
Mənbə:> Oxu.Az