Azərbaycanın yollarında qətliamlar
Son zamanlar Azərbaycanın əsas magistrallarında baş verən və çoxsaylı insan ölümləri ilə nəticələnən avtomobil qəzaları arasında mikroavtobusların iştirakı ilə törədilən qəzaların payı artmaqdadır. Bunlar əsasən rayonlara əsasən 7-8 yerlik “Mercedes Vito”, “Mercedes Vanio”, yaxud daha çox tutumlu "Mersedec Sprinter" kimi mikroavtobuslarla qeyri-leqal sərnişin daşımaları ilə məşğul olan sürücülərin törətdikləri qəzalardır. Belə qəzalar bir qayda olaraq yol hərəkəti qaydalarının kobud pozulması, sürət həddinin aşılması və ya ötmə qaydalarına əməl edilməməsi, habelə bəzən sutkanın 14-16 saatını sükan arxasında keçirən sürücülərin yuxulaması üzündən baş verir.
Azərbaycanın yollarında təkcə iyun ayı ərzində onlarla insanın xəsarət alması və ya ölümünə səbəb olan bir neçə belə dəhşətli qəza baş verib.
Məsələn, iki gün öncə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində mikroavtobus yük maşını ilə toqquşub, nəticədə biri uşaq olmaqla 3 nəfər həyatını itirib. Qəza zamanı daha 9 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.
İyunun 8-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunda mikroavtobusun iştirakı ilə dəhşətli qəza hadisəsi baş verib. Şamaxının Mirikənd kəndi ərazisində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub və hadisə zamanı 13 nəfər yaralanıb.
İyunun 16-da İmişlidə də analoji hadisə baş verib. Minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
İyunun 29-da Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağır qəzaya uğrayıb. Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, hadisə yerində ölüb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri isə orada həyatını itirib. Mikroavtobusda olan sərnişinlərdən səkkiz nəfəri xəsarət alıb.
Mikroavtobus qəzalarının qarşısını kim və necə almalıdır?
Bəs yollarda qətliamlara səbəb olan mikroavtobuslarla bağlı hansı tədbirlər görülməlidir? Bu qəzaların qarşısını kim və necə almalıdır?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, kommersiya təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən, mikroavtobusların sürücüləri çox təəssüf ki, öz intizamsızlıqları ilə seçilirlər. Bu da əsasən onların uzun müddət sükan arxasında olmaları, iş və istirahət rejimlərinə riayət etməmələri ilə bağlıdır. Ona görə də yol hərəkət qaydalarını- sürət rejimini pozurlar, ötmə qadağan olunan yerdə sərt manevrlər edirlər.
Mütəxəssis hesab edir ki, belə hadisələrin hamısına Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərinin daxilində, ümumi vəziyyət fonunda baxmaq lazımdır.
“Bunun qarşısını almaq üçün birinci növbədə sürücülərin peşəkarlıq səviyyələri qaldırılmalıdır. Əgər avtobus şirkətləri varsa onlar, yoxdursa fiziki şəxslər sürücüləri cəlb edərkən onların peşəkarlıqlarına diqqət yetirməlidirlər. Onları avtobus sürücüləri üçün olan xüsusi hazırlıq kurslarına göndərməlidirlər. Məhz bunu keçəndən sonra sürücü işə qəbul edilə bilər”, - deyə Ə. Hüseynov bildirir.
Yol hərəkəti üzrə ekspert hesab edir ki, mikroavtobus qəzalarının qarşısını almaq üçün 3 istiqamətdə nəzarət həyata keçirilməlidir. Onun fikrincə mikroavtobus sürücülərinin peşəkarlılığı, nizam-intizamı, yollarda müəyyən olunmuş hərəkət marşrutlarına, yol hərəkət qaydalarına riayət etmələrinə və digər təşkilati məsələləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti nəzarət etməlidir.
İkinci nəzarət DYP tərəfindən həyata keçirilir. Polis bütün sürücülər kimi mikroavtobus sürücülərinin də fəaliyyətinə dəqiq nəzarət həyata keçirməli, yeri gəldikdə müəyyən profilaktik tədbirlər görməlidir. Onların həm istirahət, həm də iş rejiminə, sərnişindaşıma qaydalarına, mikroavtobusların texniki vəziyyətinə nəzarət etməlidir.
“Ən başlıcası isə mikroavtobusun sükanı arxasında insan var və o insanın özünün məsuliyyəti olmalıdır. Dərk etməlidir ki, müəyyən məqamda 5-10 manat artıq pul qazanmaq üçün hansısa qanunların tələblərini pozur, amma nəticədə belə faciəvi qəzalara gətirib çıxarır. Nəticədə özü də ölə bilər və ya sərnişini ölə və ya xəsarət ala bilər”-ekspert deyir.
“Biz belə mikroavtobuslara nəzarət etmirik…”
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirildi ki, bu Xidmət yalnız müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələri üzərində nəzarəti həyata keçirir. Xidmətin sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcılarla bağlı cəza tədbirlərini Dövlət Yol Polisi həyata keçirir: “Dövlət Avtomobil Nəqliyyatı Xidməti Avtovağzaldan regionlardakı avtovağzallara sərnişin daşıyan nəqliyyat vasitələrinə nəzarət edir. Bəli, biz təsdiq edirik ki, nəinki respublika daxilində, həm də beynəlxalq sərnişindaşımada da qeyri-qanuni fəaliyyət göstərən daşıyıcılar var. Onlarla bağlı Dövlət Yol Polisinə müraciət olunur və polis aidiyyati üzrə tədbirlər görür. Çünki cəza verən orqan biz deyilik”.
DYP hərdən cərimələyir
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev isə bildirir ki, polis qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı tədbirlər görür: “Biz qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərlə bağlı profilaktik tədbirlər həyata keçiririk. Belə faktlar aşkarlanarsa, həmin sürücülər inzibati məsuliyyətə cəlb olunur”.
Amma görünən odur ki, ara-sıra DYP əməkdaşlarının keçirdikləri reydlərdə mikroavtobusların saxlanılması və sürücülərinin cərimələnməsi bu sahədə vəziyyətə ciddi təsir etmir. İndi hərəyə bir “Vito” alıb yollara düşmək işsizlikdən az qala yeganə çıxış yolu kimi dəbdədir və bu tendensiyanın hansı faciələrlə müşaiyət olunduğunu yol qəzaları haqda xəbər lentlərində dolub-daşan məlumatlardan görməmək mümkün deyil.
Mənbə:> Virtualaz.org