Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar

Bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı reyd başlanıb.

Virtualaz.org xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd "20 Yanvar" metro stansiyasının qarşısında baş tutub.

Reyd zamanı sərnişindaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən və nasaz avtomobillərlə xəttə çıxan mikroavtobus sürücüləri saxlanılıb.

İki saata yaxın vaxt ərzində 20-dən artıq mikroavtobusu cərimə meydançasına aparılıb. Yol polisinin saxladığı əksər marşrut avtobuslarının standartlara uyğun olmadığı halda sərnişin daşıması, əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və digər bu kimi faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar


18 cərimə balı var, sərnişin daşıyır

Reyd keçirilməsindən xəbər tutan mikroavtobus sürücülərinin bir hissəsi yollarını başqa istiqamətdən salaraq “20 Yanvar dairəsi”nə girməkdən yayınıblar. Ona görə də, həmişə böyük tıxac müşahidə olunan stansiyanın girişində avtomobillərin seyrək olduğu gözə dəyirdi. Saxlanılan sürücülərin əksəriyyəti qanunsuz fəaliyyət göstərdikləri ilə razılaşmırdılar. Nasaz vəziyyətdə olan nəqliyyat vasitəsi üçün fərqlənmə nişanı alanlarla yanaşı, sənədləri olmayan, sənədlərini göstərməkdən imtina edən sürücülərə də rast gəlindi. Digər maraqlı məqam isə ondan ibarətdir ki, belə sürücülərin əksəriyyətinin 15-18 cərimə balı olsa da, rahatlıqla sərnişindaşıma fəaliyyətini həyata keçirirdilər.

Məsələn, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan 50 BO 294 nömrə nişanlı mikroavtobusun sürücüsü Nicat Cəfərovun 18 cərimə balı var. Lakin avtobusdakı sərnişinlər “20 Yanvar” stansiyasındakı dayanacağa çatmamış endiklərindən sürücü sərnişindaşıma ilə məşğul olmadığını iddia edirdi:

“Mən sərnişin daşımıram. Mənə sərnişin daşımağa icazə vermirlər, çünki 18 balım var, protokolum doludur, dünən axşam maşını firmadan çıxarmışam, indi də evimə gedirəm. Bu şəxsi maşınımdır, evimə gedib gəlməyim? Onda maşın versinlər, onunla gedim!” - deyə sürücü bildirdi.

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar


Heç bir sənəd təqdim etməyən sürücünün avtomobilinə baxış zamanı polis oturacaqların kustar üsulla düzəldildiyini, avtomobilin sərnişindaşımaya yararsız olduğunu müəyyən etdi. Avtomobil mühafizə olunan duracağa aparıldı və barəsində qanunsuz sərnişin daşımaya görə tədbir görüləcəyi bildirildi.

Bəzi mikroavtobus sürücülərinin isə yük üçün nəzərdə tutulan “Ford”lara əlavə avadanlıqlar quraşdırmaqla sərnişin daşıdıqları ortaya çıxdı.



“İradları var idisə, niyə fərqlənmə nişanı verirdilər?!”

Digər bir mikroavtobus sürücüsü Elçin Qasımov avtomobilinə fərqlənmə nişanı alsa da, polis avtomobilin sərnişindaşıma üçün yararsız olduğunu müəyyən etdi. Lakin sürücü sənədlərinin qaydasında olmasını əsas gətirərək polislə razılaşmadığını bildirdi:

“Nəqliyyat Departamentinin fərqlənmə nişanını almışam. Mən sifarişə işləyirəm, hara çağırırlar, ora da gedirəm. Yolun kənarında saxlayıb müştəri götürürəm. Mənə indiyə kimi irad bildirən olmayıb. İradları var idisə, niyə fərqlənmə nişanı verirdilər? Bütün sənədlərim düzdür. Mən əlavə oturacaq quraşdırmamışam, nə var idisə, maşını alanda üstündə idi”, - deyə sürücü bildirir.

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar


“Günə 6 manat ödəyirəm, sərnişin daşımağa icazə verirlər”

Mikroavtobus sürücüsü Telman Kərimov isə hər gün Sumqayıt Avtovağzalına sərnişin daşımaq üçün 6 manat pul köçürdüyünü deyir:

“Sumqayıtdan Bakıya sərnişin daşıyıram. Fərqlənmə nişanı almalıyam, pulunu ödəmişəm, amma hələ verməyiblər. Hər gün Sumqayıt Avtovağzalına 6 manat ödəyirəm, sərnişin daşımağa icazə verirlər. Amma Bakı Beynəlxalq Avtovağzalına girmirəm, bizə desinlər girin, girək də. Bizə vağzalda yer ayrılmayıb axı…”

Reyd zamanı polisə şikayət edənlər də tapıldı. Mikroavtobus sürücüsü Ruslan Alverdiyev iddia edir ki, avtomobili saz vəziyyətdə olsa da, ona sərnişindaşıma ilə məşğul olmağa imkan verilmir.

“Mənim maşınımın heç bir problemi yoxdur, təzə maşındır, Almaniyadan zavod necə buraxıbsa, heç bir dəyişiklik edilməyib. Amma maşınımı Bakının avtovağzalına buraxmırlar. Ümumiyyətlə, bu mikroavtobusla ailəmlə də yola çıxa bilmirəm, o dəqiqə saxlayırlar. Əgər yararsızdırsa, birdəfəlik əzib atsınlar qırağa. Deyirlər, get kimə istəyirsən, şikayət elə. Xahiş edirəm, mənə kömək edin”, - deyə şikayətçi bildirir.

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bəzi sürücülərin sənədlərinin qaydasında olması hallarının araşdırılacağını deyərək, belə şəxsləri DYP-yə dəvət edib və məsələnin müsbət həll ediləcəyini söylədi.



Reydlər mütəmadi olaraq həyata keçiriləcək

Son vaxtlar aparılan təhlillərə əsasən, xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən mikroavtobuslarla bağlı baş verən yol-nəqliyyat hadisələri sərnişindaşıma səhəsinə diqqəti bir qədər artırdığını deyən şöbə rəisi, qanunsuz fəaliyyət göstərən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə qarşı belə reydlərin mütəmadi olaraq davam etdiriləcəyini dedi:

Bakı-Sumqayıt yolunda 18 cərimə balı ilə sərnişin daşıyanlar


“Şəhərlərarası yollarda sərnişindaşıma ancaq avtovağzaldan avtovağzala fəaliyyət göstərə bilər. Lakin bu gün də göründü ki, “alternativ” fəaliyyətlə məşğul olan sürücülərin sayı çoxdur. Avtomobilinə əlavə oturacaqlar qoyan, texniki cəhətdən nasaz avtomobillə yola çıxanlar var idi. Hətta elə avtomobillər var idi ki, onların şinlərinin protektoru belə yoxdur. Əslində isə, avtobuslarda bunlar 2 mm-dən az olmamalıdır. Nasaz nəqliyyat vasitələri ilə avtomobil daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edildi. Bu tədbirlər mütəmadi davam etdiriləcək, onların qanunsuz fəaliyyəti, dayanacaqlardan kənarda sərnişin mindirib düşürmə hallarının da qarşısı alınacaq”, - deyə K.Əliyev bildirdi.

Xatırladaq ki, mart ayının 9-da Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Yüksək sürətlə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir maneələrə dəymişdi. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Bu qəza hadisəsindən sonra qanunsuz sərnişindaşıma problemi yenidən gündəmə gəlib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *