Atəş səsləri altında brifinq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Video

Atəş səsləri altında brifinq – VİDEO

Atəş səsləri altında brifinq

Bu gün iyunun 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir qrup KİV nümayəndələrini Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə Bakı ətrafında, “N” saylı hərbi hissənin Qaraheybətdəki döyüş poliqonuna toplayıb, onlara ordu mövzusunda ən geniş çevrədə məsələləri əhatə edən geniş brifinq keçirib.

Virtualaz.org xəbər verir ki, bu Azərbaycanda son illərdə müdafiə naziri ilə jurnalistlər arasında ən uzunmüddətli təmas hesab edilə bilərdi. Nazir təxminən saat yarım ərzində həm Azərbaycanda son bir neçə il ərzində ordu quruculuğu sahəsində görülmüş irimiqyaslı tədbirlər barədə danışdı, həm məhdudiyyət qoymadan jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırdı. Müdafiə naziri ilə təmas o dərəcədə əhatəli oldu ki, jurnalistlər hətta bunu öz aralarında zarafatla və Azərbaycan milli ordusunun yaranmasının 100 illiyinə eyhamla “əsrin brifinqi” də adlandırdılar.

Artıq xəbər verdiyimiz kimi müdafiə naziri əvvəlcə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının taktiki məşğələlərinin keçirildiyi tədris mərkəzinə baş çəkdi. Burada hərbi məktəbin kursantları-gələcəyin zabitləri və komandirləri döyüş əməliyyatlarının planlaşdırılması, hücum və əks-hücum əməliyyatları kimi praktiki məşğələlər keçirlər.

Hücuma kursantlar keçir...

Və nazirin izlədiyi belə məşğələlərdən biri “Mexanikləşdirilmiş taqım hücumda” adlanırdı. Bu məşğələdə kursantlar şərti olaraq taqım və manqa komandirlərinə bölünərək şərti düşmənin mövqelərinin sürətli hücumla ələ keçirilməsi və yeni müdafiə rayonunda möhkəmlənməni məşq edirdilər.



Beləlikə, gələcək taqım komandiri-indiki kursant hücum əməliyyatının keçiriləcəyi əməliyyat rayonunda şəraiti, şərti düşmən mövqelərinin koordinatlarını, onların texnikasının və silahlarının harada yerləşdiyini manqa komandirlərinə xəritə üzərində izah edir. Onlara döyüş vəzifələrini çatdırır və əlavə dəqiqləşdirmələr aparır. Nazir Zakir Həsənov kursantın verdiyi əmrləri, müəyyən etdiyi əməliyyat planını diqqətlə dinlədikdən sonra ona tövsiyələr verir.

Bildirir ki, nəzəri olaraq kursantın hücum planında hər şey öz qaydasında görünür, amma döyüş əməliyyatları başlayanda vəziyyət ani olaraq dəyişə bilər və dəyişəcək. Deməli komandirin dəyişən vəziyyətə uyğun olaraq çevik qərarlar qəbul etmək və öz planına sürətlə korrektələr etmək qabiliyyəti olmalıdır. Və ardınca kursantlardan ibarət mexanikləşdirilmiş taqım tank və piyada döyüş maşınlarının dəstəyi ilə şərti düşmən mövqelərinə hücuma keçir, bu məşğələni nazir və Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan digər yüksək vəzifəli şəxslər taktiki qüllədən izləyir...

Snayperlərin sərrast atəşi

Kursantların məşğələsini jurnalistlərin müşaiyəti ilə izlədikdən sonra müdafiə naziri bu dəfə snayperlərin hazırlığı mərkəzinə baş çəkir. Burada hazırlıq keçən snayperlər hədəflərin aşkar edilməsi və vurulması, atəş mövqeyinin sürətlə dəyişdirilməsi və digər vəzifələr üzrə məşqələr keçirir. Azərbaycan ordusunun snayperlərinin peşəkarlığının formalaşması bu mərkəzdən başlayır, məşqlər başa çatır və məlum olur ki, sərrast atıcılar hədəflərin vurulması üzrə tapşırıqları tam yerinə yetiriblər.

Atəş səsləri altında brifinq


Və növbəti dayanacaq “N” saylı hərbi hissənin Qaraheybətdəki əsas döyüş poliqonudur və orada müdafiə nazirinin bayaqdan bu praktiki məşğələləri izləyib gördüklərini lentə alan KİV əməkdaşları ilə görüşü üçün səhra şəraitində xüsusi brifinq mərkəzi yaradılıb. Bir qədər aralıda isə tankçılar, artilleriyaçılar və minaatan bölmələrinin intensiv atış təlimləri gedir. Nazir söhbətə başlayır, onun çıxışını tez-tez mərmi partlayışları müşaiyət edir. Başqa sözlə bu, əsl döyüş şəraitinə yaxınlaşdırılmış brifinqdir...



Ordu quruculuğu haqda, cəmi 3-4 ildə görülən işlər...

General-polkovnik Zakir Həsənov çıxışına son 3-4 ildə Azərbaycanda ordu quruculuğunda hansı irimiqyaslı işlərin görüldüyü, silahlı qüvvələrdə aparılan islahatlar barədə faktları sadalamaqla başladı.

Nazirin sözlərinə görə, 2014-cü ildə Ali baş komandan, prezident İlham Əliyev tərəfindən silahlı qüvvələrdə irimiqyaslı, köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib. Böyük sayda T-90S döyüş tankları alınıb, ordunun silahlanmasında olan T-72 tankları əsaslı modernizasiyadan keçib və nəticədə onların imkanları ən müasir döyüş tanklarının imkanlarına yaxınlaşıb.

Atəş səsləri altında brifinq


Habelə piyadalar üçün böyük sayda yeni BMP-3 zirehli döyüş maşınları, BTR-82A zirehli transportyorları, tank əleyhinə idarəedilən raket kompleksləri daşıyan “Xrizantema” döyüş maşınları, “Sandcat” zirehli döyüş maşınlarının bir neçə növləri əldə edilib.

“Bir dəfə yaylım atəşi açsaq düşmənin bütün mövqeləri yerlə bir olar”

Habelə nazirin dediyi kimi, “çox böyük miqdarda” yeni artilleriya sistemləri alınıb, həmin artilleriya qurğuları ən müasir atəş idarəetmə sistemləri edilib, nəticədə atəş dəqiqliyi çox yüksək səviyyəyə çadırılıb.

Müdafiə nazirinin dediyi kimi hazırda Azərbaycan ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa düşmənin bütün mövqeləri darmadağın olardı.

“Biz son illərdə alınan yeni hərbi texnikalar barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırmışıq. Bu baxımdan mən hansı texnikanın, silahların alındığı barədə geniş danışmaq istəmirəm, onu deyə bilərəm ki, ordunun zirehli texnika parkının 80 faizdən çoxu yenilənib. İslahatların başlıca istiqamətlərindən biri də ordunun idarəedilməsinin təkmilləşdirilməsi idi. Mən tam məsuliyyətimlə bəyan edirəm ki, Azərbaycan ordusu bu gün dünyada avtomatlaşdırılmış komanda-idarəetmə mərkəzlərinə malik olan çox azsaylı ordularından biridir. Həm mərkəzi idarəetmə sistemi, həm müxtəlif qoşun növlərinin avtomatik komanda mərkəzləri qurulub, bu işlərin 90 faizi artıq görülüb. Biz bu avtomatik idarəetmə mərkəzlərindən artıq istifadə edirik, yaxın vaxtlarda bu işlər tamamilə başa çatacaq”-Z.Həsənov bəyan etdi.

Atəş səsləri altında brifinq


Azərbaycan əsgəri qab yumur, xörək bişirmir...


Müdafiə naziri qeyd edib ki, orduda həyata keçirilən islahatların bir istiqaməti də əsgərin onların birbaşa vəzifələrinə aid olmayan məişət qayğılarından azad edilməsi, habelə hərbi texnikanın və digər döyüş texnikasının çağırışçı əsgərlərə deyil, müqavilə əsasında xidmət keçən peşəkarlar tərəfindən idarə olunmasıdır.

“Prezident əsgərin hərbi vəzifələrin yerinə yetirilməsinə aid olmayan işlərdən tamamilə azad edilməsi barədə çox mühüm qərar verdi. Bu, orduda həyata keçirilən islahatların çox mühüm istiqamətlərindən biri idi”-nazir vurğuladı.

Zakir Həsənovun bildirdiyinə görə, artıq Azərbaycan əsgəri qab yumur, yemək bişirmir, təmizlik işləri görmür. Bu, ilk baxışdan adi məsələ kimi görünə bilər, əslində isə çox ciddi dəyişiklikdir və bu islahatların nəticəsi olaraq orduda nizam-intizam kəskin artıb, döyüş hazırlığı yüksəlib.



Hərbi texnikanı ancaq peşəkarlar idarə edir

Müdafiə naziri məlumat verib ki, Ali baş komandanın müəyyən etdiyi vəzifəyə uyğun olaraq hazırda orduda döyüş vəzifələrinin yerinə yetirilməsinə aid olan vəzifələri ancaq peşəkarlar tutur, texnikanı müqavilə əsasında xidmət keçən peşəkarlar idarə edir, çağırışçı əsgərlərə ancaq atıcı vəzifəsi həvalə olunur. Zakir Həsənovun sözlərinə görə, hərbi texnikanın peşəkarlar tərəfindən idarə edilməsi ordunun döyüş qabiliyyətinin kəskin yüksəlməsinə gətirib çıxardı və bu islahatların nəticələri artıq özünü göstərir.


“Bəzən deyirlər Azərbaycan peşəkar orduya keçməlidir və s. Bu yanaşmanın özü səhvdir, çünki ordu deyilən elə peşəkar olmalıdır. Söhbət müqavilə əsasında xidmət keçənlər və çağırışçılar məsələsindən gedirsə hazırda Azərbaycan ordusunun şəxsi heyətinin 80 faizə yaxını məhz peşəkarlardır, yəni müqavilə əsasında xidmət keçənlərdir. Bu, böyük islahatdır, çox ciddi nailiyyətdir”-nazir deyib.

Yeni əsgər kazarmaları, hətta səngərdə ortopedik yataqlar...


Müdafiə naziri habelə cəmi 3-4 il ərzində Azərbaycan ordusunun kazarmalarının əksəriyyətinin yenidən tikildiyini xatırlatdı. Zakir Həsənovun bildirdiyi kimi prezident kazarmaların tamamilə yenilənməsi vəzifəsini qarşıya qoyub və bu istiqamətdə işlər yaxın 1-2 ilə başa çatmalıdır.

“Mən hərdən xarici həmkarlarımdan soruşuram ki, il ərzində neçə yeni kazarma tikmisiniz. Biri deyir 1 kazarma, digəri 2-sini tikdiklərini deyir və bunu böyük nəticə kimi təqdim edir, yaxud deyirlər 3-4 kazarma təmir edə bilmişik. Mən isə deyirəm: biz son 3 ildə 30-dan çox yeni hərbi şəhərcik inşa etmişik. Bu şəhərciklər mərkəzi istilik sistemləri, kondisionerlərlə təchiz edilib, vaxtaşırı olaraq açılışlardan görüntüləri yayırıq. Bu şəhərciklərdə hər cür şərait var, dünyada çox az ordu var ki, bu cür yüksək səviyyədə təchiz olunsun və müasir kazarmalarda yerləşsin. Bir neçə gün əvvəl prezident, Ali baş komandan yeni raket briqadasının açılışını etdi, oradakı şəraiti gördünüz. Yaxud dünən mən Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində yeni hərbi hissənin açılışını etdim, orada hansı şəraitin yaradıldığını da hamı gördü. Azərbaycan əsgəri bu gün ön xəttdən tutmuş kazarmalara qədər hər yerdə ortopedik yataqlarda yatır, istənilən vaxt yuyunmağa hamamı var, həftədə azı 3 dəfə milli mətbəximizin yeməklərini, yəni belə desək, ev yeməkləri yeyir. Hər əsgər gündə butulkalarda 2 litr içməli su alır. Bu nə deməkdir, bir neçə il əvvələ qədər orduda xidmət edənlər yaxşı bilir. Korpus komandiri Rövşən Əkbərov buradadır, bir neçə il əvvələ qədər o, Şəmkir korpusunun komandiri idi və dağlıq ərazilərdə əsgərin içməli su təchizatının nə demək olduğunu sizə danışa bilər”-general Həsənov bildirdi.



Silahlanma başa çatmaq üzrədir

Müdafiə nazirinin bildirdiyinə görə ordunun yeni, müasir silahlarla təchizatına dair qarşıya qoyulmuş vəzifə yaxın bir ildə, il yarımda yerinə yerinə yetirilib başa çatdırılacaq. Yəni yeni silahların, texnikanın alınması böyük ölçüdə artıq tamamlanıb. Zakir Həsənov deyib ki, silah, texnika alınması məsələsində qərar verərkən əvvəlcə qarşıda duran döyüş vəzifələri təhlil edilir. Bu döyüş vəzifəsini yerinə yetirmək üçün hansı silahların lazım olduğu müəyyənləşdirilir. Sonra həmin silahların ən yaxşı nümunələri seçilir və onların taktiki-texniki göstəriciləri öyrənilir. Yalnız bundan sonra bu və ya digər silahı almaq barədə qərar verilir.

“Yəni biz təkcə yeni silah almaq naminə , say xatirinə qərar vermirik. Silahlanma ciddi təhlillər əsasında və Azərbaycan ordusunun qarşısında dayanan döyüş vəzifəsi nəzərə alınmaqla aparılır”-nazir vurğuladı.



Parada ilk dəfə nə çıxarılacaq?

Nazir iyunun 26-da keçiriləcək hərbi paradda son illərdə alınmış yeni silahların və texnikanın ancaq bir qisminin nümayiş etdiriləcəyini deyib. Bildirib ki, bu paradda Azərbaycanın hava və raket hücumlarından müdafiə sahəsində hansı imkanlara malik olduğunu da görə biləcəyik. Nazirin bildirdiyinə görə paradda “barəsində çoxdandır danışılan” döyüş sistemi ilk dəfə nümayiş etdiriləcək. Lakin nazir bu sistemin adını açıqlamayıb. Müdafiə naziri əlavə edib ki, bəzi yeni alınan silah sistemləri də var, amma onlar parada çıxarılmayacaq. “Biz hələlik bu sistemləri öyrənirik, tətbiq edirik, hələlik onları ictimaiyyətə açıqlamayacağıq”-o qeyd etdi.

Atəş səsləri altında brifinq


Zakir Həsənov son illərdə yeni hərbi şəhərciklərin inşası ilə yanaşı hərbi poliqonların da yenidən qurulduğu barədə danışdı. Dedi ki, orduda təlim-tədris işi yenidən qurulub, müasir trenajorlar alınıb. Ali Hərbi Məktəbin tədris proqramı tamamilə yenidən işlənib. Silahlı qüvvələrin Baş qərargahı nəzdində təlim-tədris işlərinə rəhbərlik edən ayrıca idarə yaradılıb.

Müdafiə naziri ordu üzərində ictimai nəzarət məsələsindən də danışdı. Hansı ki, bu məsələ vaxtaşırı olaraq gündəmə gəlir, NATO standartlarına uyğun olaraq ordu üzərində ciddi ictimai nəzarət tətbiq edilməli olduğu haqda ekspertlər səviyyəsində danışılır.

Orduya ictimai nəzarət haqda: “Kim müraciət edib, buraxmamışıq?”

Zakir Həsənov isə deyir ki, Azərbaycanda ordu üzərində çox ciddi nəzarət, o cümlədən ictimai nəzarət mövcuddur. O, hərbi hissələrdə prezidentin tapşırığı ilə vaxtaşırı olaraq “Açıq qapı” günlərinin keçirildiyini, tez-tez müxtəlif ictimai təşkilatların nümayəndələrinin hərbi hissələrə, ön xəttə baş çəkdiyini, jurnalistlərin hərbi hissələrə səfərlərinin təşkil edildiyini xatırladıb. Deyib ki, hərbi hissələrin qapıları valideyinlərə açıqdır. Onlar övladlarının harada yatdığını, nə yediyini, nə içdiyini, harada çimdiyini öz gözləri ilə görə bilərlər.

Atəş səsləri altında brifinq


“Ən böyük nəzarət xalqın nəzarətidir, ordu azərbaycan xalqının üzünə açıqdır. Hansı ictimai təşkilat müraciət edib ki, biz onu orduya buraxmamışıq? Bəzən deyirlər ki, gərək Hesablama Palatası Müdafiə Nazirliyini yoxlasın. Belələrinə demək istəyirəm: bilmədiyin məsələni niyə danışırsan? Hesablama Palatası başqa nazirlikləri bir ay yoxlayıbsa bizi 4-5 ay yoxlayıb. Və xırda-para pozuntulardan başqa heç bir ciddi nöqsan, vəsaitlərin mənimsənilməsini, hansısa başqa nöqsan aşkar etməyib. Orduya ayrılan vəsaitlərin xərclənməsi məsələsində qərarı biz hərbçilər yox, hökumət verir, Maliyyə Nazirliyi verir. Yəni hansısa silahlar alınırsa müqavilənin detallarını Nazirlər Kabinetində müəyyən edirlər. O cümlədən əşya təchizatı məsələsində. Hərbi Prokurorluq orduya çox ciddi nəzarət edir, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi strukturu nəzarət edir, üstəlik bizim öz strukturlarımız. Mən bilmirəm daha hansı nəzarətdən danışmaq olar?”-müdafiə naziri bildirdi.



“Vertolyotlarımız döyüş zonasına daxil olmadan hədəfləri vura biləcək...”

Jurnalistlər müdafiə nazirinə hərbi tematikaya aid ən müxtəlif mövzularda suallar yağdırdılar. Bura ailənin tək oğlan övladının ön xəttdə xidmət etməsinin nə dərəcədə düzgün olmasından tutmuş Xankəndi aeroportunda “qırıcılar” barədə son günlər KİV-lərdə qaldırılmış ajiotaja, Naxçıvanda Əlahidə Ümumqoşun Ordusunun mövqelərini irəli çəkərək böyük ərazini nəzarət altına almasına, yaxud daha hansı yeni texnikanın alınacağına dair suallar daxil idi.


Məsələn, Hərbi Hava Qüvvələri üçün yeni qırıcıların alınması məsələsi barədə danışan nazir qeyd etdi ki, Azərbaycan ordusu işğal altındakı ərazilərin relyefini, potensial döyüş əməliyyatları teatrında vəziyyəti nəzərə alaraq bu sahədə əsasən hücum vertolyotlarına üstünlük verir. Zakir Həsənovun bildirdiyinə görə, Azərbaycan HHQ-nin vertolyotları hazırda bilavasitə döyüş əməliyyatları zonasına daxil olmadan 50 kilometrə qədər məsafədən hədəfləri müəyyən edib yüksək dəqiqliklə məhv etməyə imkan verən sistemlərlə təchiz olunub.

“Əlbətdə, biz 2016-cı ilin aprel döyüşlərindən lazım olan nəticələri çıxarmışıq. Vertolyotlarımız indi birbaşa döyüş əməliyyatları zonasına daxil olmadan hədəfləri 10 kilometrdən tutmuş 50 kilometrə qədər məsafədən məhv etmək imkanındadır. Yəni daşınan zenit-raket komplekslərinin atəş məsafəsinə daxil olmadan. Ümumiyyətlə, Ali baş komandanın müəyyən etdiyi vəzifə bundan ibarətdir ki, ordu düşmənin əsas qüvvələrini mümkün qədər az itki ilə, uzaq məsafədən endirilən dəqiq zərbələrlə məhv etmək imkanında olmalıdır. Biz silahlanmada bu vəzifədən çıxış edirik”-müdafiə naziri bildirdi.

Vətənpərvərlik, kasıb uşaqları və digər mövzular haqda


Atəş səsləri altında brifinq


Yaxud müdafiə nazirinin sözlərinə görə, mətbuatda, sosial şəbəkələrdə orduda ancaq kasıb uşaqlarının xidmət etdiyi barədə müzakirələr aparmaq, hansısa nöqsanı ümumən ordunun adına yazmaq düzgün deyil. Bunlar orduya inamsızlıq yaradan məsələlərdir və düşmən öz təbliğatını məhz xalqın orduya inamsızlığını formalaşdırmaq üzərində qurur. Və mətbuat, vətəndaşlar gərək bu məsələlərdə diqqətli olsunlar.

“Kim deyir ki, vətənpərvər olmaq ancaq əsgərin, zabitin vəzifəsidir? Xeyr, belə deyil. Hamı vətənpərvər olmalıdır, vətənpərvər olmağın şərtlərindən biri də səngərlərdə vətəni qoruyan əsgərə, zabitə arxa durmaqdır. Azərbaycan ordusunun yarısı bu gün səngərlərdədir, qalan yarısı ikinci müdafiə xəttindədir. Səngərdə əlində silah düşmənə qarşı dayananları ruhdan salan hərəkətlərə yol vermək olmaz”-nazir vurğuladı.

Atəş səsləri altında brifinq


Zakir Həsənov xüsusi vurğuladı ki, Azərbaycan ordusunda son illərdə aparılan islahatların nəticələri döyüş qabiliyyətinin artmasında özünü göstərməkdədir. Nazirin dediyi kimi ordunun qarşısında dayanan vəzifə ölkənin ərazi bütövlüyünün təmin edilməsidir və işğal edilən ərazilərin geri alınmasıdır. Ordu hər an bu vəzifəni yerinə yetirməyə hazır olmalıdır və hazırdır. Bu vəzifənin yerinə yetirilməsinə dair əmrin verilməsi isə siyasi məsələdir, nazirin dediyi kimi, belə əmr yəqin ki, ən münasib məqamda, “beynəlxalq siyasi şəraiti” nəzərə almaqla veriləcək...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *