İyirmi beş minlik Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərdə
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı mərhələsi keçirilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, təlimlərdə əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Əvvəlcə Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda məntəqəsində olub, birlik, birləşmə, hərbi hissə komandirlərinə, eləcə də qərargah rəislərinə təlimin ssenarisinə uyğun göstəriləcək fəaliyyətlərlə bağlı tapşırıqlar verib və məruzələri dinləyib.
Daha sonra döyüş atışlı taktiki fəaliyyətlər mərhələsi başlayıb. Təlimə uyğun olaraq siqnal minaları ilə şərti düşmənin və Azərbaycan silahlı bölmələrinin ön xətti nümayiş etdirilib. Təlimdə hücum əməliyyatının qərarına uyğun olaraq, hücumun atəş hazırlığı üç atəş basqını üzrə planlaşdırılıb.
Birinci atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən artilleriya divizionları, ağır odsaçan sistemlər batareyası və digər artilleriya divizionları və batareyaları iştirak edib.
İkinci atəş basqını ordu və cəbhə aviasiyasının vasitəsilə yerinə yetirilib və bu atəş basqınında Silahlı Qüvvələrin hücum təyyarələri, qırıcı və döyüş helikopterləri iştirak ediblər. Üçüncü atəş basqınında düzünə tuşlamaya çıxarılmış tanklar və döyüş maşınları, minaatan batareyalar, özüyeriyən və reaktiv artilleriya divizionları təlimlərə qoşulub.
Hücumun atəş hazırlığı başa çatdıqdan sonra bölük taktiki qrupları üç istiqamətdə müdafiəni yararaq, şərti düşmənin dayaq məntəqələrini ələ keçirib. Bu qruplar dərinlikdə qurulmuş tank əleyhinə xəndəklərin və torpaq bəndlərin arxasında atəş mövqeyi tutaraq bu maneələrdən keçidlər açan mühəndis texnikasını öz atəşləri ilə himayə edib, həmçinin ikinci eşalon bölüklərinin döyüşə yeridilməsini təmin edib. Təlimin növbəti mərhələsində düşmənin mina sahələrindən keçidlərin açılması müşahidə edilib.
Təlimdə helikopterlər vasitəsi ilə dağ aşırımlarına taktiki desant qruplarının endirilməsi icra edilib. Taktiki desant qruplarının endirilməsi döyüş helikopterləri ilə dəstəklənib. Təlimin son mərhələsində canlı qüvvənin və hərbi texnikanın hərəkəti, eləcə də mövqeyinin dəyişdirilməsi müşahidə olunub, helikopterlərlə təxliyə həyata keçirilib.
Təlimləri yüksək qiymətləndirən Müdafiə naziri general-polkovnik Z.Həsənov qeyd edib ki, təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla, əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
“Baş Qərargah qarşısında qoyulan vəzifəyə uyğun olaraq təlimlər maksimal döyüş şəraitinə uyğun keçirildi. Topçular, tankçılar, piyada döyüş maşınları və pilotlar əlaqəli şəkildə işləyərək bütün hədəfləri dəqiqliklə vurdu, qarşıya qoyulan vəzifəni yüksək səviyyədə icra etdilər. Bununla belə təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanıldı və daha dərindən təhlil ediləcək”, - deyə nazir bildirib.
Sonda təlimdə fərqlənən bir sıra hərbi qulluqçular mükafatlandırılıb.
Mənbə:> Oxu.Az