Qarabağda müharibə TOPLANTISI, Putindən üç gün VAXT... – GÜNÜN SİYASİ XÜLASƏSİ
ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə “S-500” zenit-raket sistemlərini birgə istehsal etməyi təklif edib. BMT-nin Baş Assambleyasında Qəzza sektorunda İsrailin hərəkətlərini ittiham edən və Fələstin əhalisinin müdafiəsi üzrə tədbirlərə çağıran qətnamə qəbul edilib. Suriya prezidenti Bəşər Əsəd ölkəsində İranın hərbi bazalarının qurulmasını istisna etməyib. ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
"Bu ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb. Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı". Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar məlumatı şərh edən XİN rəsmisi vurğulayıb ki, bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib:
ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana səfərləri ilə bağlı bəyanat yayıblar. İyunun 12-14-də Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.
Görüş zamanı həmsədrlər prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü də müzakirə edilib. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıblar və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar.
Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində köməklik göstərməyə sadiqliklərini təkrarlayıblar.
Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Ermənistana səfər etdi və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyanla görüşdü. Bu səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü də yoxladılar.
Publika.az xəbər verir ki, həmsədrlərlə görüşdə diqqət çəkən ən mühüm detal Paşinyanın “Qarabağ danışıqlarda əsas tərəf kimi iştirak etməlidir”, - tezisinin gündəmə gəlməməsi oldu.
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb. Ermənilər Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın istefasını tələb ediblər.
Bu günlərdə tanınmamış “Abxaziya Respublikasının” sakini Xamid Ardjeniyanın separatçı rejimin pasportu ilə “Zvartnos” hava limanında heç bir maneə olmadan Ermənistana daxil olması qalmaqala səbəb oldu. Ardjeniya “Zvarnost” hava limanında erməni gömrükçülərinin “Abxaziya Respublikası” tərəfindən ona verilmiş pasporta giriş-çıxış ştampı vurmasını əks etdirən fotoşəkili özünü “feysbuk” səhifəsində paylaşıb.
Qalmaqal da bundan sonra başlayıb və Ardjeniya fotonu səhifəsindən silib. Lakin media əməkdaşları həmin fotonu yayımlayıb.
Bu, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistanın Abxaziya separatçılarının pasportu ilə gələn insanları heç bir maneə olmadan ölkəyə buraxmasını təsdiq edən faktdır.
““POLONEZ” komplekslərinin Azərbaycana çatdırılması regionda güc balansını pozur. Azərbaycan müharibəyə hazırlaşır”. Bunu Azərbaycanın Belarusdan “POLONEZ” komplekslərini almasını şərh edən Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik bildirib.
“Silahların istənilən tipinin əldə edilməsi Cənubi Qafqaz regionunda balansı pozur. Azərbaycan öz hərbi imkanlarını artırır. Bu sistemlərdən necə istifadə olunacağı konkret olaraq, taktik və strateji vəziyyətdən asılıdır. Hər şey müharibənin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır”, - Xramçik əlavə edib.
Hərbi ekspert müddətdən asılı olmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların yenilənməsini qaçılmaz hesab edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə “S-500” zenit-raket sistemlərini birgə istehsal etməyi təklif edib. Bu haqda “Haber 3” portalı yazıb.
Suriyada İran hərbi bazaları yoxdur, amma ehtiyac yaranacağı təqdirdə bu bazalar peyda olacaq. Bunu İranın “Əl Alam” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.
“İranla münasibətlər Suriya üçün strateji əhəmiyyət daşıyır. Bu münasibətlər ölkənin şimal və cənubundakı vəziyyətlə bağlı deyil. Bu münasibətlər, daha çox, gələcəyə yönəlib.
Doğrudur, Suriyada İran hərbçiləri var, lakin bu hərbçilər məsləhətçi kimi bizə yardım edirlər. Əgər terrorizm üzərində qalib olsaq, Hizbullah Suriyanı tərk edəcək”, – deyə o bildirib.
Suriyada müharibə artıq yeddi ildir aparılır. Kənardan Suriyanın hökumət qoşunları və müxalifət döyüşçüləri arasında vətəndaş müharibəsi kimi görünə bilər, ancaq həqiqətdə bu, Rusiya və NATO ölkələri arasında ölümcül döyüşdür. Bu haqda Suriyadakı son prosesləri şərh edən Çin KİV-ı yazıb.
“İndi vəziyyət daha da qızışır. Suriyanı onun unikal fiziki-coğrafi və hərbi-strateji mövqeyinə görə “Yaxın Şərqin ürəyi” adlandırırlar. Ölkə beş dənizin (Fars körfəzi, Aralıq, Xəzər, Qırmızı və Qara dənizlərin) kəsişməsində yerləşir. Bu səbəbdən də Suriyanı öz təsir dairəsində saxlamaq məqsədi ilə burada hərbi bazasını yerləşdirib. Əks təqdirdə, Suriyanın ərazisi başqa dövlətlərin gücləri, dövlət əleyhinə olan üsyançılar və ya müxtəlif ekstremist qruplaşmalar tərəfindən işğal edilər, ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə Rusiyanın cənubuna yönələrdi”, - Çin KİV-i qeyd edib.
BMT-nin Baş Assambleyasında Qəzza sektorunda İsrailin hərəkətlərini ittiham edən və Fələstin əhalisinin müdafiəsi üzrə tədbirlərə çağıran qətnamə ABŞ-a zərbə oldu. Bu haqda Fələstinin Xarici İşlər Nazirliyinin başçısı Riyad əl-Maliki bildirib.
“Qətnamənin qəbulu və ABŞ-ın təklif etdiyi düzəlişlərin rədd edilməsi ona zərbədir. Bu, Fələstin diplomatiyası və ona kömək edən azad ölkələrin müvəffəqiyyətidir. Vaşinqton özü-özünü təcrid etdi”, - nazir söyləyib.
Qeyd edək ki, bu gün Türkiyənin fəal təşəbbüslərindən sonra Əlcəzairin də dəstəyilə Fələstinlə əlaqəli qətnamə layihəsini müzakirə etmək üçün BMT-nin Baş Assambleyasının xüsusi iclası keçirilib.
Norveçdə ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Belə bir təşəbbüslə İnkişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.
Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.
"Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın", - deyə parlament üzvü bildirib.
“Ukrayna Rusiya və NATO arasında döyüş əməliyyatlarının ehtimal edilən teatrıdır”. Bunu Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırmasını şərh edən hərbi ekspert Oleq Jdanov “Obozrevatel” nəşrində yazıb.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhədə nüvə döyüş başlıqları ilə təchiz edilə bilən dörd “İsgəndər” raket briqadasını yerləşdirməsi Ukrayna üçün ciddi təhdid yaradır.
Mənbə:> Publika.az