Ukrayna Azərbaycandan deputatı döyüb Bakıya qaçan çeçen boksçusunu istəyir
Ukrayna Baş Prokurorluğu xalq deputatı Mustafa Nayemin döyülməsində şübhəli bilinən Məhəmməd Saitovun ekstradisiyası ilə bağlı yaxın günlərdə Azərbaycana sorğu verəcək.
Virtualaz.org bildirir ki, bunu "112 Ukrayna"nın efirində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib.
"Biz cənab Saitovun ekstradisiyası məsələsi ilə məşğuluq. Azərbaycandan olan həmkarlarımızla çox sıx əlaqə saxlayırıq və bu yaxınlarda onlara bildirdik ki, biz Saitovun verilməsini tələb etmək niyyətindəyik. Bununla əlaqədar biz onun saxlanılması və qoruma altına alınması barədə sorğu ilə müraciət etmişdik. Yaxın günlərdə qanunu pozanların verilməsi barədə Avropa Konvensiyasının tələblərinə uyğun olaraq ekstradisiya haqqında da sorğu göndəriləcək", - deyə Y.Yenin vurğulayıb.
Baş prokurorun müavini həmçinin bildirib ki, bir qayda olaraq, bu proses bir neçə ay çəkir.
Virtualaz.org-un daha əvvəl yazdığı kimi, aprelin 30-da Ukrayna parlamentində Pyotr Poroşenkonun blokundan olan deputat Mustafa Nayemə Kiyevin mərkəzində hücum edilib. Hücum edənlərdən biri, çeçen əsilli Ukrayna vətəndaşı, 29 yaşlı Məhəmməd-Amin Saitov hadisədən bir neçə saat sonra Bakıya uçub. O, boks üzrə 2-4 mayda Azərbaycan paytaxtında keçirilən yarışda iştirak edib.
Daha sonra daxili işlər naziri Arsen Avakov bildirib ki, Ukrayna Daxili İşlər Nazirliyinin sorğusu əsasında Azərbaycan polisi Məhəmməd-Amin Saitovu Bakıda saxlayıb...
Mənbə:> Virtualaz.org