“Putin rejimini bu cür etirazlarla devirmək mümkün deyil”
Natiq Miri: “Bu etirazlar hazırda daha çox xalqda mübarizə ruhunu formalaşdırmaq niyyətinə xidmət edir”
Rusiyanın müxalifət lideri Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkə ərazisində Putin rejiminə qarşı ciddi etiraz aksiyaları keçirilməkdədir.
Ermənistanda gərginliyin səngimədiyi bir vaxtda onun əsas himayədarı olan Rusiyada etirazların baş qaldırması regionda hansı prosesləri tətikləyə bilər? Rusiyadakı etirazların Azərbaycana müsbət və ya mənfi mənada hər hansı təsir imkanı ola bilərmi?
Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar İnstitutunun rəhbəri, politoloq Natiq Miri Rusiyadakı etirazların indiki halda regiondakı proseslərə əsaslı təsir gücünə malik olmadığını vurğuladı:
“Rusiyadakı etirazların Ermənistandakı olaylarla əlaqəsi yoxdur. Bu etirazlar Putinin andiçmə məraisimi öncəsi meydana çıxan siyasi hadisədir. Müxalifət liderlərindən olan Navalnı göstərmək istəyir ki, Rusiyada seçki o qədər də demokratik keçirilməyib və əhalinin müəyyən hissəsi Putin rejiminə qarşı mübarizə aparmaq əzmindədir. Ayrıca, Navalnı bununla həm də etiraz elektoratını tədricən artırmaq istəyir. Rusiyanın bütün regionlarından insanlar bu etirazlara dəstək verir.
Bu, həm də Qərbə bir mesajdır. Bu hərəkat Qərb dövlətləri tərəfindən dəstəklənir. Bu mesajın mahiyyəti bundan ibarətdir ki, əgər bu etirazlara lazımi dəstək verilsə, o zaman bu, gələcəkdə daha ciddi bir gücə çevrilə bilər. Bu, bilavasitə Putinin növbəti 6 illik prezidentliyi üçün təşkil edilən etiraz dalğasıdır. Bunun uzunmüddətli olacağını düşünmürəm. Rusiyadakı Putin rejimi bu gün çox güclüdür və bu cür etirazlarla bu rejimi devirmək mümkün deyil. Bu etirazlar hazırda daha çox xalqda mübarizə ruhunu formalaşdırmaq niyyətinə xidmət edir”.
Mənbə:> Moderator.az