Ekspert: Etirazların davamı Sarkisyan üçün pis xəbərdir
Serj Sarkisyanın rəsmi olaraq Ermənistanın baş naziri təyin olunmasına baxmayaraq, etirazların davam etməsi, Ermənistan hakimiyyəti üçün pis xəbərdir.
Bunu Oxu.Az-a verdiyi açıqlamada gürcüstanlı politoloq Qela Vasadze bildirib.
“İlk növbədə ondan başlayaq ki, heç bir etiraz müstəqil şəkildə bu qədər davam edə bilməz. Ölkə xaricindən etirazlara dəstəyin hər hansı əlaməti müşahidə olunmur. Deməli aksiyaları Ermənistanın daxilində kifayət qədər nüfuzlu qüvvələr dəstəkləyir.
Nikol Paşinyan indiki halda kifayət qədər vacib fiqurdur, ancaq o, öndə olan şəxsdir, onun arxasında kimlərin durduğu daha vacib məsələdir”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, etirazçılar üçün prinsipial məsələ, xarici qüvvələrin dəstəyini qazanmaqdır, ona görə mətbuatı, xüsusilə, Rusiya mətbuatını izləmək vacibdir.
Ermənistanda daxili siyasi gərginliyin Qarabağ münaqişəsinə mümkün təsirlərinə gəlincə, Vasadze bildirib ki, belə böhranlı vəziyyətlərdə rəqabətdə olan hansı qruplaşmanın ölkənin başına gələcəyini proqnozlaşdırmaq çox çətindir.
“Ermənistandan istənilən böhran, ritorikanın kəskinləşməsi ilə nəticələnəcək. Onsuzda regionda hadisələr dinamik şəkildə inkişaf edir; hansı istiqamətdə inkişaf etdiyini demək çətin olsa da, bu kifayət qədər maraq doğurur”, -deyə gürcü ekspert bildirib.
Mənbə:> Oxu.Az