Amerikalı general yüzlərlə rusiyalı muzdlunu necə öldürdüklərini danışdı
ABŞ-ın Suriyadakı qüvvələrinə komandanlıq edən briqada generalı Conatan Braqa bu ilin fevralında Deyr-əz-Zor yaxınlığında qaz emalı zavodunu ələ keçirmək üçün hücum edən rusiyalı muzdlulara qarşı əməliyyatın təfərrüatlarını açıqlayıb. Virtualaz.org xəbər verir ki, yüzlərlə rusiyalı muzdlunun (“Vaqnerin ordusu”) öldürüldüyü həmin hücum barədə ilk dəfədir bilavasitə əməliyyatlara rəhbərlik edən general danışır. Conatan Braqanın danışdıqlarına Britaniyanın “Daily Express” qəzeti yer verib.
General Braqa eyni zamanda ABŞ-ın Suriya və İraqda əməliyyatlara məsul olan əsas qoşun qruplaşmalarının əməliyyatlar üzrə direktorudur. O deyir ki, rusların cavab addımından qorxub, çünki bu Üçüncü dünya müharibəsinə səbəb olardı.
“Biz texnikanın hərəkətini, hərbçilərin irəlilədiyini gördük, onlar təlim manevrləri edirdilər və digər manevrlər həyata keçirirdilər, hansı ki, bunları əvvəllər biz görməmişdik. Mən rusiyalı həmkarıma zəng vurdum. Biz hansısa yanlışlıqlara yol verməmək və zərurət yarananda gərginliyi azaltmaq üçün ruslarla qarşılıqlı əlaqədəyik. Təxminən iki saat sonra bizim olduğumuz mövqelərə tərəf artilleriya mərmiləri uçmağa başladı, ardınca tanklar birbaşa tuşlama ilə atəş açdı, sonra yüzlərlə döyüşçü atıcı silahları işə saldı. Onlar artilleriyanı getdikcə bizə daha çox yaxınlaşdırırdılar. Biz bir daha ruslarla əlaqə saxladıq və bütün bunların dayandırılmasını istədik”-general danışır.
Conatan Braqa deyir ki, ruslar həmin ərazidə onların hərbçilərinin olmadığını deyiblər. “Biz təhlükə ilə üzləşəndə müəyyən tədbirlər görməliyik. Və biz eskalasiyaya getdik. Bizim dəyərləndirmələrimiə görə 200-300 rusiyalı muzdlu öldü”-o bildirir.
Braqa deyir ki, bir neçə dəqiqə ərzində Amerika təyyarələri göründü və onlar hücum edənləri üç saat ərzində bombaladılar. Pentaqonun yüksək rütbəli əməkdaşı isə bildirib ki, fevralın 7-də baş vermiş hadisələrə dair internetdə yayılan audioyazılar həqiqdir. Orada amerikalıların ruslara “cəhənnəm yaşatmasından” bəhs olunur.
General Braqa bildirib ki, həmin vaxt onu Üçüncü dünya müharibəsinin başlaya biləcəyi təhlükəsi narahat edirdi. Busəbəbdən səhərə qədər ruslarla təmasda olub, onlarla professional dialoq aparıb.
Mənbə:> Virtualaz.org