ABŞ kəşfiyyatı "Vagnerin ordusu"na hücum əmri verən oliqarxın danışıqlarını sızdırdı
Kremlə yaxın rusiyalı biznesmen-oliqarx Yevgeni Priqojin fevralın 7-də “Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdlularının Deyr əz-Zor əyalətində ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan “Konoko” neft-qaz emalına hücumu şəxsən hazırlayıb və koordinasiya edib. Üstəlik bu hücumu “Rusiya naziri” ilə razılaşdırıb.
Virtualaz.org xəbər verir ki, Priqojinin tamamilə iflasa uğrayan və yüzlərlə muzdlunun Amerika aviasiyasının zərbələrinə məruz qalıb öldürülməsi ilə nəticələnən bu hücumda şəxsən rolu olduğuna dair kəşfiyyat məlumatları “The Washington Post” qəzetinə sızdırılıb.
Qəzet ABŞ kəşfiyyatının sızdırdığı məlumatlara əsasən yazır ki, oliqarx Priqojin həmin hücumdan əvvəlki bir neçə gün ərzində və hücumdan sonra Kremllə və Suriya rejimi nümayəndələri ilə sıx təmasda olub. Amerika kəşfiyyatı Priqojinin həmin hadisələr dövründə apardığı danışıqları qeydə alıb və onun bir hissəsini qəzetə ötürüb.
Belə ki, yanvarın sonlarında ələ keçirilmiş məlumatlara əsasən Priqojin hansısa yüksək vəzifəli Suriya məmuruna adı göstərilməyən Rusiya nazirindən “sürətlə və güclü şəkildə irəliləmək” barədə icazə aldığını çatdırır. Yazışmalardan məlum olur ki, Rusiya tərəfi Suriya rəhbərliyinin icazəsini gözləyir.
Yanvarın 30-da Priqojin bildirir ki, onda Suriya prezidenti Bəşər Əsəd üçün “fevralın 6-sı, 9-u arası baş verəcək” yaxşı sürpriz var. Daha bir kəşfiyyat məlumatına əsasən Suriyanın prezident işləri üzrə naziri Muhammed Fadlallah Əzzam Priqojinə “görəcəyi işə görə yaxşı qonorar” vəd edir.
Amerika kəşfiyyatının raportuna görə həmin dövrdə Priqojinlə prezident Administrasiyasının rəhbri Anton Vayno və onun müavini Vladimir Ostrovenko arasında intensiv danışıqlar olub. Danışıqlar fevralın 5-nə qədər davam edib və hücum cəhdini iflasa uğramasından sonra-fevralın 7-də gecə və fevralın 8-də gün ərzində bərpa olunub. Lakin bu danışıqların məzmunu barədə məlumat verilmir.
ABŞ administrasiyası və Pentaqon Priqojinin “Vaqnerin ordusu”nun hücumundakı roluna dair kəşfiyyat məlumatlarını qəzetə şərh etməyiblər. Lakin qəzet qeyd edir ki, bu ABŞ-ın 2015-ci ildən bəri Suriyanın şərqində yerləşdirdiyi xüsusi təyinatlı qüvvələri üçün ən ciddi təhdid idi. Adının açıqlanmasını istəməyən amerikalı rəsmi deyib ki, rusların bu əməliyyatdan yaxalarını necə tələsik geri çəkdiklərindən və məsuliyyət Suriya tərəfinin üzərinə atmalarından heyrətə gəlib.
Xatırladaq ki, həmin hücumda yüzlərlə “vaqnerçi” həlak olub, xeylisi yaralanıb. “Vagnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin sponsorunun Yevgeni Priqojin olduğu çoxdan məlumdur. Muzdlular onun “EvroPolis” adlı şirkəti ilə müqavilə bağlayaraq mülki işçilər adı altında Suriyaya göndərilirlər. Məlumatlara görə Priqojinin şirkəti Suriya rejimi ilə sövdələşmə bağlayıb ki, üsyançılardan azad edilən neft-qaz yataqlarında 25 faizlik payı onlara versinlər.
Bundan əvvəl ABŞ müdafiə naziri Ceyms Mettis və Hərbi-Hava Qüvvələrinin Qətərdəki Mərkəz komandanlığının rəhbəri, general Ceffri Harriqan Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın Deyr əz-Zordakı qərargahı həmin hücumdan bir neçə gün əvvəldən qüvvələrin, hərbi texnikanın cəmləşdirildiyini müşahidə etdiyini açıqlayıb. ABŞ hərbi komandanlığı Rusiya qərargahı ilə əlaqə saxlayaraq bu haqda xəbərdarlıq edib, lakin Rusiya tərəfi bildirib ki, onların hərbçiləri həmin rayonda yoxdur.
“Ruslar bizi əmin etdilər ki, planlaşdırılan hücum barədə onlara heç nə məlum deyil və Amerika komandanlığını rusların həmin əməliyyatda iştirakı yoxdur”-general Mettis bildirib.
Lakin 3 saat ərzində Amerika aviasiyasının “Vagnerin ordusu”nu şil-küt etməsindən sonra ruslar koalisiya qüvvələrinin qərargahı ilə əlaqə saxlayaraq yaralıları və ölənləri götürmək üçün atəşin dayandırılmasını xahiş ediblər.
Mənbə:> Virtualaz.org