Pentaqon Rusiya muzdlularını qırmağa B-52 bombardmançısı da cəlb edib
Pentaqon ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor vilayətində, Fərat çayı sahillərində əsasən Rusiya muzdlularından ibarət (“Vagnerin ordusu”) qüvvələrin “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə irimiqyaslı hücumunun qarşısının alınmasına dair yeni sensasion təfərrüatlar açıqlayıb.
Belə məlum olub ki, ABŞ ordusu həmin qruplaşmaya qarşı B-52 strateji bombardmançıları da daxil olmaqla bir neçə tip təyyarə və vertolyotdan, o cümlədən zərbə pilotsuz təyyarəsindən ibarət armada tətbiq edib.
General Harrigan
Virtualaz.org xəbər verir ki, bu hadisələr barədə Amerikanın Qətərfəki “Əl Udeid” aviabazasından telekonfransla ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanı, general-leytenant Ceffri Harrigan Pentaqon üçün brifinq verib. General əvvəlcə ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatların nəticələrindən danışıb. Bildirib ki, beynəlxalq koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda ciddi irəliləyişlər əldə olunub.
Ceffri Harrigan deyib ki, Birləşmiş Ştatlar İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaq üçün regionda zəruri sayda qüvvə saxlayır. “Bu, ötən həftə Fərat çayının orta sahillərində “Suriya Demokratik Qüvvələri”nin və koalisiya hərbi müşavirlərinin mövqelərinə bizim tərəfdən qızışdırılmayan hücum zamanı özünü birmənalı şəkildə göstərdi”-general bildirib.
Ceffri Harrigan bəyan edib ki, “düşmən qüvvələr” hücuma “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə artilleriya və tank zərbələri ilə başlayıb. Ardınca batalyon taktiki qruplaşmalar şəklində düzülərək artilleriya atəşlərinin, tankların və reaktiv yaylım atəşi komplekslərinin, habelə çoxlüləli minomyotların dəstəyi ilə “partnyor-qüvvələrin” mövqelərinə doğru irəliləyib.
“Bu hücumun əvvəllərində həmin rayonda koalisiya qüvvələrinin F-22 “Raptor” qırıcısı və MQ-9 pilotsuz zərbə təyyarəsi hava məkanına nəzarət edirdi, hansı ki, biz bu patrul uçuşlarını hər gün İŞİD-ə qarşı mübarizə çərçivəsində həyata keçiririk. Hücumun başlamasından sonra biz dərhal demilitarizasiya zonasındakı Rusiya hərbi səlahiyyətliləri ilə telefon əlaqəsi yaratdıq və onlara “Suriya Demokratik Qüvvələrinin”, habelə koalisiya hərbi müşavirlərinin mövqelərinə qızışdırılmamış hücumu barədə xəbərdarlıq etdik. Bu təmaslardan sonra koalisiya qüvvələrinin səlahiyyətliləri düşmən qüvvələrin məhv edilməsi üçün əməliyyata başlamağa qərar verdi”-general bildirib.
Ceffri Harrigan bəyan edib ki, üç saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinin “Suriya Demokratik Qüvvələri” ilə birlikdə fəaliyyət göstərən aviatüşlayıcıları təyyarələrin və yerüstü artilleriyanın dəqiq zərbələr endirməsi üçün koordinatlar verib. “Onlar F-15E, MQ-9, B-52, AC-130 “Spektr” təyyarələrinə və AH-64 “Apache” vertolyotlarına dəqiq zərbələr endirməkdə kömək etdi və təcavüzkarın hücumunu dəf edib onları əks hücumla geri oturtmağa, bir neçə tankı və artilleriya qurğusunu məhv etməyə imkan verdi”-Harrigan brifinqdə deyib.
General əlavə edib ki, “düşmən qüvvələr” geri dönüb qaçmağa başlayanda onlar atəşi dayandırıblar.
“Bu hücumun qızışdırılmamış olmasına baxmayaraq bizim üçün heç də gözlənilməz deyildi. Koalisiya ötən həftə həmin rayonda hərbi personalın və texnikanın tədricən cəmləşdirilməsini müşahidə edirdi. Və biz Rusiya rəsmi şəxslərinə xəbərdarlıq etmişdik ki, bu rayonda “Suriya Demokratik Qüvvələri”nin və koalisiya müşahidəçilərinin mövqeləri var. Bu, düşmənin hücumundan qabaq olmuşdu”-Ceffri Harriqan brifinqdə jurnalistlərin suallarına cavab olaraq deyib.
ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanı bildirib ki, jurnalistlərin hədsiz marağına baxmayaraq o, hücum edən “düşmən qüvvələrin” tərkibi barədə fərziyyələr irəli sürməyəcək. Çünki onların əsas məqsədi vahid düşmənə-İŞİD-ə qarşı mübarizədir.
General həmin hücumdan əvvəl və sonra Rusiya hərbi səlahiyyətliləri ilə aparılmış telefon müzakirələrinin də məzmununu açıqlamayıb. Bildirib ki, bu müzakirələr “peşəkar xarakter daşıyırdı” və detalları açıqlamağa lüzum yoxdur.
General Harrigan hücum edən qüvvələrin zərərsizləşdirilməsi əməliyyatının onların tamamilə məhv edilməsi məqsədi güdüb-güdmədiyi barədə də danışmayıb. Bildirib ki, onların məqsədi “özünümüdafiə” idi və 3 saat ərzində aviatuşlayıcılar yerdə SDF komandirləri ilə birlikdə çox effektiv işlədilər. Nəticədə koalisiya qüvvələri və onların müttəfiqləri heç bir itki verməyib. General Mərkəz komandanlığına bağlı hava qüvvələrinin bu hadisələr zamanı gördüyü işdən qürur duyduğunu deyib.
“Nə vaxt yerdə döyüş meydanına ən yaxın olan komandir özünün müdafiəni təmin etdiyini hiss edəndə və həmin qüvvələrin onu daha təhdid etmədiyinə əmin olanda biz də zərbələri o vaxt dayandırdıq”-general bildirib.
Hərçənd bu hadisələrə dair çoxsaylı mənbələrdə yayılan məlumatlara əsasən ABŞ qüvvələri “Vagnerin ordusu” da daxil olmaqla Bəşər Əsəd rejiminə dəstək verən muzdluları geri çəkiləndən sonra da əzməyə davam edib. Ölənlərin sayı yüzlərlədir. Təkcə Rusiya muzdlularının 200-dən çox itki verdiyi bildirilir. Yüzlərlə muzdlu ağır yaralıdır.
Bu arada “Conflict İntelligence Team” müstəqil araşdırma qrupu Deyr əz-Zor ətrafında ölən Rusiya muzdlularından daha üçünün adlarını müəyyən edib. Bunlar Nijniy Novqoroddan olan Aleksey Şixov (Suriyadan əvvəl Donbassda döyüşüb), Yekatrinburqdan Ruslan Qavrilov və “Apostol” kod adlı Vladimir adlı muzdludur. Qrup bildirir ki, daha bir neçə muzdlunun öldüyünə dair məlumatlara malikdir və bu məlumatlar dəqiqləşdirilərək daha sonra dərc ediləcək. Bundan əvvəl “Vagnerin ordusu”un həmin döyüşlərdə ölən 4 muzdlusunun adları məlum olmuşdu.
Mənbə:> Virtualaz.org