Yəmən sularında neft tankerini partlatdı, Bakıda tutuldu, Quantanamodan çıxdı
2002-ci ildə Yəmən ərazi sularında neft tankerini bomba yüklü katerlə partladan və həmin il Bakıda həbs olunan “Əl-Qaidə” terrorçusu Əhməd əl-Darbi saxlanıldığı Quantanamo həbsxanasından buraxılıb. Virtualaz.org xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.
Əhməd əl-Darbinin Quantanamo həbsxanasından buraxılması onun törətdiy hərbi cinayətlərə görə özünü tam günahkar sayması və ABŞ-a qarşı mülki iddia qaldırmayacağına dair təminat verməsi sayəsində mümkün olub. Əl-Darbi Quantanamodan vətəndaşı olduğu Səudiyyə Ərəbistanına göndərilib. O, Donald Trampın prezidentliyi dövründə Quantanamodan buraxılan ilk məhbusdur. Hazırda həbsxanada terror cinayətləri törədən 40 məhbus qalır.
Əl-Darbi bundan əvvəl ABŞ həbsxanalarında olarkən işgəncəyə məruz qaldığını bildirirdi. 2013-cü ildə Amerika hərbi məhkəməsi onu Quantanamoda 13 il həbsə məhkum edib. Əl-Darbi hökmdən apelyasiya verməkdən imtina edib və anlaşmaya görə cəzasının qalan hissəsini Səudiyyə Ərəbistanında çəkməlidir.
Əhməd əl-Dərbi 2002-ci ildə Bakıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycan xüsusi xidmət orqanları ilə birlikdə keçirdiyi əməliyyat sayəsində yaxalanıb. Bakıdan ABŞ təyyarəsi ilə Əfqanıstandakı Bəhram aviabazasına aparılıb və bir müddət orada saxlanılıb. Daha sonra Quantanamoya köçürülüb.
Əl-Darbinin təşkil etdiyi terror hücumu zamanı Malayziya neft şirkəti tərəfindən fraxtə olunan, heyət üzvləri fransalılar olan “MV Limburg” tankerinin 1 heyət üzvü həlak olub, 12-i yaralanıb.
Mənbə:> Virtualaz.org