Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Foto

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı – FOTO

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı

Bakının geyim kirayəsi biznesində son illər xeyli canlanma yaradıb. Təzə pal-paltar satanlar 2015-ci ildə manatın başının üzərini devalvasiya buludunun bürüməsindən bəri hələ də özlərinə gəlməyiblər və alverin kəskin azalmasından şikayətlənirlər. Amma geyinilmiş pal-paltarı bir günlük, iki günlük kirayə verənlərin işləri bu aralarda xod gedir. Onlar müştəri bolluğu ilə qarşılaşıblar və deyirlər ki, hazırda nisbətən abırlı, keyfiyyətli təzə paltarın qiyməti bir çoxları üçün əlçatmaz olduğundan onlar qarderoblarının “zəngin olduğunu” başqalarına nümayiş etdirməyin daha ucuz başa gələn yolunu seçiblər-“prokatdan” paltar götürmək.

“Əvvəllər toya “prokat” paltarla gedənə pis baxardılar...”

Bakıdakı “Laçın” Ticarət Mərkəzində pal-paltar kirayəsi ilə məşğul olanlarla söhbətdən məlum olur ki, əvvəllər yalnız toy geyimləri kirayələnirdisə, artıq bütün növ məclislər- ad günləri, xınayaxdı, hətta “sünnət” mərasimi üçün də geyim kirayələyirlər.

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


“Əvvəllər camaat kirayə geyimlərə ciddi yanaşmırdı, hər adam “prokat”dan geyinməyi özünə rəva görməzdi. Toya, nişana belə geyimlə gələni pis iş görmüş kimi barmaqla göstərərdilər. Biz özümüz də gördüyümüz işdən utanırdıq. Mən paltar kirayəsi ilə məşğul olduğumu neçə il qohumlarımdan gizlətmişəm. Amma indi bu keçmişdə qalıb. Daha hamı “prokat” paltar geyinir. Həm də təkcə gəlinliklər kirayə verilmir, ad gününə, nişana, xınayaxdıya, bütün ziyafətlərə bizdən geyim götürürlər”, - 8 ildən çox geyim kirayəsi ilə məşğul olan Gülbacı Vəliyeva deyir.

Hamı Xədicə Sultan, Hürrəm Sultan kimi geyinmək istəyir

Həmsöhbətim deyir ki, geyim kirayəsinə son illər Azərbaycanda da baxılan tarixi türk seriallarının xeyli təsiri olub. “Bir zamanlar Osmanlı”, “Möhtəşəm yüzyıl” kimi seriallarda saraydakı qadınların geyindikləri libaslar qadınlarımızın ziyafət dəbinə çevrilib. İndi hamı “Xədicə Sultan”, “Hürrəm Sultan” paltarı soruşur.

“Əvvəllər “Mariyanın göz yaşları” adlı parça var idi, baha qiymətə satırdılar. Hamı axtarıb ondan paltar tikirdi. Sonra “Mariana” corablar, “Hadi”nin aksessuarları dəb idi. İndi də “Hürrəm” paltarlarına maraq çoxdur. Əvvəllər belə libasları Türkiyədən gətirirdik. Üzərində daş-qaşlar, əllə işləmələr olurdu. İndi özümüzdə onlardan daha qəşəngləri hazırlanır”, - deyə satıcı bildirir.

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


Ticarət mərkəzinin kirayə geyimlər satılan dördüncü mərtəbəsi müştəri sayına görə heç də digər mərtəbələrdən geri qalmırdı. Burada ən çox tələbat olan geyimlərin qiymətləri 30-50 manat arasında dəyişir. Amma bununla belə, günü 15 manatdan tutmuş 100-150 manata qədər hər cür geyim tapmaq olar.

75 yaşlı qarının ziyafət paltarı

Kirayə geyimlərlə yanaşı mağazalarda kirayə ayaqqabılara da rast gəldik. Geyimlərdən fərqli olaraq onlar daha ucuz- günü 5-10 manata kirayəyə verilir. Satıcılar deyirlər ki, geyimi hamı alsa da, məsələ ayaqqabıya gəlincə, çoxu göbələk xəstəliyindən ehtiyat edərək kirayə ayaqqabıdan imtina edir.

Mağazaların əsas alıcıları gənc və orta nəsil olsa da, yaşlılar arasında da kirayə geyimlər sifariş edənlər var. Satıcı Töhfə Süleymanova deyir ki, indiyə qədər qarşılaşdığı ən yaşlı müştərinin 75 yaşı olub: “Hər yaşda müştərilərimiz var. Aralarında yaşlılar da olur. Amma onlar daha çox kök olduqlarına, mağazada öz ölçülərinə uyğun ziyafət paltarı tapa bilmədiklərinə görə gəlib bizdən kirayə geyim götürürlər. Keçən il 75 yaşında bir qadın gəlmişdi, özünə ziyafət paltarı seçdi...”

Müştəri tələbədirsə...

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


Satıcılardan öyrənirik ki, ticarət mərkəzində belə bir yazılmamış qayda var, əgər gələn tələbədirsə, ona mütləq endirim olunur. Bunun üçün “tələbəyəm” deməsi belə yetərlidir. Amma endirim təkcə tələbələrə olmur, müştərinin maddi durumu onun geyimindən, danışığından da hiss olunur. Belə müştərilərə də ucuz paltarlar verilir. Məsələn, bir neçə ay öncə alış-veriş mərkəzinə muğam oxuyan əkiz bacılar gəliblər. Həyat hekayələri ilə bütün satıcıları ağladan qızlara hərə bacardığından əl tutub: kimi geyim, kimi ayaqqabı hədiyyə edib.

Satıcılar deyirlər ki, kirayə geyimləri aparıb cıranlar, xarab edib gətirənlər də olur. Bunun standart cəriməsi isə 5 manatdır. Bəzi hallarda isə müştəri onu ödəməkdən imtina edir: “Paltarı aparıb cıranlar çox olur. Xüsusən uzun gecə geyimlərini ayaqqabıya ilişdirib cırırlar. Verən 5 manat cərimə verir, verməyən tullayıb üstümüzə gedir”, - deyə satıcı bildirir.

Kirayə kostyumlu “sultan bəylər”

Əvvəllər kirayə geyimlərin müştəriləri qadınlar idisə, artıq kişi paltarları da kirayə verilir. Bunu kişi geyimləri kirayə verən mağazaların sayı da təsdiqləyir. Satıcı Xəqani İdrisov deyir ki, kişi geyimlərinin kirayəsinə maraq yetərincədir, alıcıya da sərf edir.

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


“Nisbətən sadə kostyumları toya-məclisə sifariş edirlər. Amma baha cəlb edici, rəngi fərqli, dəbli kostyumları isə ancaq bəylər kirayələyir. Xüsusən də, bəylik kostyumu sərfəlidir, çünki təzə kostyuma azı 200-250 manat verməlidir, buna isə 50-60 manat verir, toyu yola verir. Bizim bir gündə 10 müştərimiz olursa, onun 2-si bəy olur, 8-i adi insanlar”.

“Qismət, Əbdül, Totu... Tanınmışlar bizdən geyinir”

Satıcılar bazarın toylardan asılı olduğunu deyirlər. Amma bununla belə mart və aprel ayları kirayə geyim bazarında satış “sezon”u sayılır.

Satıcı deyir ki, televiziyada izlədiyimiz əksər müğənnilər, aktyorlar ticarət mərkəzinin geyimlərini geyinirlər. Həmsöhbətimiz fəxrlə sadaladığı adları tanımamağımızdan təəccüblənsə də, davam edir: “Təzə efirə çıxan müğənnilər, aktyorlar bizim kostyumları geyinirlər. Qismət, Əbdül, Totu... Demək olar ki, seriallara çəkilənlərin hamısı buradan geyinir. Amma kostyumu aparıb qaytarmayanlar da olur, - deyə satıcı şkafı açıb üst-üstə yığılmış şəxsiyyət vəsiqələrini göstərir, - 5 manat borcu olduğuna görə vəsiqəsi illərlə burada qalanlar var. Hərdən olur ki, müştəri yalvar-yaxar eləyir ki, qoy kostyumu aparım indi pulum yoxdur. Qaytaranda pulunu ödəyərəm. Bizim də yazığımız gəlir, kirayə veririk. Amma sonra vəsiqə qalır, kostyum əldən gedir. Nə qədər zəng edirik telefona cavab vermir”.

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


Kostyum kirayəsi-20 manatdan 100 manata qədər

Kişi geyimlərinin kirayəsində qiymətlər qadın libaslarına nisbətən ucuzdur. Burada qiymətlər kostyumun maya dəyərindən, köhnə-təzəliyindən asılı olaraq günü 20 manatdan başlayaraq 50-60 manata kirayə verilir. Çox az hallarda kirayə qiyməti 100 manata çatan kostyumlara rast gəlinir.

Kirayə geyim bazarında milli geyimlərə isə maraq azalıb. Belə paltarlar təklif edən mağazaların qapısını demək olar ki, açan yoxdur. Çox nadir hallarda, toy rəqqasları və bayramlarda belə paltarlara müraciət olunur. Uşaq geyimlərinə də böyüklərlə müqayisədə tələbat azdır. Son vaxtların ən çox kirayələnən “sünnət” mərasimlərinin paltarlarıdır. Bunun üçün xüsusi hazırlanan tac və kostyumun qiyməti təzə vaxtında 20-30 manat, nisbətən çox işlənmişi isə 12-15 manatdır.

Kirayə geyimlərinə maraq çox olsa da, hələ də onların dəri xəstəliklərinə səbəb olduğunu düşünüb bu mağazalardan yan keçənlər var. Amma satıcılar kirayə verdikləri paltarların təmizliyinə sözlə zəmanət verirdiklərini deyirlər. Onların dediklərinə görə, əvvəllər geyimin təmizliyinə o qədər fikir verilmirdisə, artıq paltardan gələn ətir qoxusu belə müştəriləri qaçırır. Ona görə də, hətta evdə belə istifadə edə bilmədikləri bahalı gigiyenik vasitələrlə bu geyimləri yuyurlar. Yaxud daha çox çirklənən paltarları quru təmizləməyə verirlər.

Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı
Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı
Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı
Bakıda kirayə paltar geyən “Hürrəm Sultan”lar, “Sultan bəylər” kəskin artdı


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *