Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur » AzNews.info -Xəbər portalı

Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur – FOTO

Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur


“Biz də dollarla alış-veriş edirik deyə qiymətlər bahalaşıb, amma yenə də məhsulları köhnə qiymətlə satmağa məcburuq. Çünki alıcı yoxdur. Heç kim evlənmir” – bunu “Lotos” ticarət mərkəzində yerləşən “Elay” gəlinlik paltarları mağazasının satıcısı deyir.

Ötən ilin dekabrında manatın ikinci devalvasiyasından sonra hər yerdə müşahidə olunan bahalaşmanın toy bazarına da çatdığı deyilsə də, satıcılar müştəri qıtlığından köhnə qiymətlərə dəyişiklik edə bilmirlər.

“Lotos” ticarət mərkəzində baş çəkdiyimiz əksər mağazalarda eyni mənzərəni müşahidə etdik. Müştərisiz mağazalar və satıcıların həmişəki qiymətlərə təklif etdiyi cürbəcür gəlinlik donları. Mağazanın əməkdaşı Gülnarə xanım deyir ki, qiymətlər 100 manatdan başlayaraq 350 manata qədər dəyişir: “Biz dollarla alırıq deyə xərcimiz çox çıxır, amma istəsək də bu xərci ödəmək üçün geyimlərin qiymətini artıra bilmirik. Çünki heç bu qiymətə də paltar götürən müştəri yoxdur. Gəlinliklər təkcə kirayə verilmir, satışda da var, amma nadir hallarda olur ki, müştəri paltarı satın alır”.

Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur


Satıcılar deyirlər ki, müştərinin imkanı daxilində gəlinlik paltarlarına endirim etməyə də çalışırlar ki, işləri tamam dayanmasın: “Məsələn, 500 dollara aldığımız mala indi də 500 dollar verməliyik, amma manata çevirəndə əvvəlkindən fərqli olaraq 750 manat ödəyirik. Müştəri qıtlığı da imkan vermir ki, təklif etdiyimiz qiymətlərə dəyişiklik edək”.

Oxşar mənzərə digər tanınmış ticarət mərkəzi “Diqlas”da da müşahidə olunur. Buradakı gəlinlik paltarlarının satışı və kirayəsini təklif edən mağazalarda da eyni hal yaşanır. Satıcılar təklif etdikləri paltarları əvvəlkindən daha baha qiymətə almağa və köhnə qiymətə kirayə verməyə məcbur olduqlarını deyirlər.

“Stelita” mağazasının da əməkdaşı söhbətimizdə vurğuladı ki, gəlinliklərin qiyməti 100-350 manat arasında dəyişsə də alıcı tapa bilmirlər. Amma maraqlıdır ki, satıcıların əksəriyyəti bir neçə aydan sonra dolların ucuzlaşacağına və hazırkı vəziyyətin düzələcəyinə inanırlar.

Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur


Bənzər optimist yanaşmanı gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olan digər bir ticarət mərkəzi “Laçın”dakı mağazalarda da müşahidə etdik. Nədənsə, satıcıların əksəriyyəti əmindir ki, bir müddət sonra manatın məzənnəsi devalvasiyadan əvvəlki kimi olacaq və bahalaşan bütün məhsullar ucuzlaşacaq.

“İstanbul” gəlinlik mağazasının əməkdaşı da əmindir ki, bir müddət sonra manatın məzənnəsi əvvəlki kimi olacaq. Bəzi mağazaların satıcıları ilə söhbətimizdə isə öyrəndik ki, guya aprel ayında yeni pul nişanları yaradılacaq və bundan sonra məhsulların qiymətləri də qaydasına düşəcək.

Toy üçün lazım olan bəzi aksessuarların qiymətlərində hazırda bahalıq müşahidə olunmasa da, gələn aydan bahalaşacağını ehtimal etmək olar. “Laçın” ticarət mərkəzində xına mərasimi üçün hazırlanan xonçaların satışı ilə məşğul olan Şəfiqə Əliyeva deyir ki, xonçaları özü hazırlayır və bunun üçün xammalı devalvasiyadan qabaq alıb, ona görə də qiymətlərə dəyişiklik etməyib: “Bilmirəm “Sədərək”də vəziyyət necədir. Xammalı oradan alıram, o vaxt aldığım hələ qurtarmayıb. Oradan baha alsam, mən də qiymətləri dəyişəcəm. İndi isə 15-20 manatdan başlayaraq hər qiymətə var”.

Bir müddət əvvəl şadlıq evlərində də qiymətlərin bahalaşdığını nəzərə alsaq deyə bilərik ki, evlənmək getdikcə daha qəliz məsələyə çevrilir.

Böhran “toy bazarı”nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur

Mənbə: Virtualaz.org - Fatimə Kərimli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *