Dollar sürətlə bahalaşır, nazir ümidini neftə bağlayır
Birləşmiş Ştatların yeni sanksiyalarından sonra rus rublu artıq ikinci gündür ki düşür. Mərkəzi bank rəhbəri və digər rəsmilərsə investorları sakitləşdirməyə çalışırlar. Bir gün öncə Rusiya şirkətlərinin səhmlərində də böyük düşüş yaranmışdı.
Aprelin 6-da ABŞ Maliyyə Nazirliyi yeni sanksiyaları açıqlayıb. Yeni sanksiyalar prezident Vladimir Putin-ə yaxın hesab edilən 20-dən artıq maqnatı, şirkəti, rəsmini, siyasi fiqurları əhatələyib. Maliyyə naziri bu addımın Rusiyanı “dünyada məkrli fəaliyyətinə” görə cəzalandırmaq məqsədi güddüyünü deyib
Aprelin 10-da səhər rubl 4,5 faizdən çox düşüb, 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq bir dollar 63 dollardan da baha satılıb. Elə avro da bahalaşıb, 78 rublu keçib. 2016-cı ildə dünyada neftin ucuzlaşması üstəgəl Qərbin sanksiyaları ölkədə iqtisadi geriləmə yaratmışdı.
Rubl gün ərzində hər iki valyutaya qarşı nisbətən möhkəmlənsə də, yenə də 2016-cı ilin dekabrından ən aşağı məzənnəsi qeydə alınıb, bir dollar 62 rubl olub ki, bu da 2 faizdən artıq düşüş deməkdir.
Baş nazirin müavini Arkady Dvorkoviç investorlar arasında “qeyri-müəyyənlik” olduğunu etiraf edib.
“Hazırda ən əsas şey qeyri-müəyyənliyi azaltmaq, eləcə də yüzminlərlə adamın çalışdığı şirkətlərin sabit işini təmin etməkdir”, – Dvorkovich Moskvada keçirilən iqtisadi forumda deyib. O, hökumətin bu niyyətinə necə çatacağını açıqlamayıb.
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina elə həmin forumda deyib ki, hazırda Rusiyanın maliyyə sabitliyinə risk yoxdur, sanksiyaların təsirini önləməyə bankın əlində xeyli alətlər var. O, sanksiyaların uzun müddət çəkməyəcəyini də sözlərinə əlavə edib.
“Cümə günü baş verənlər [ABŞ sanksiyaları] hazırda gördüyümüz bazar korreksiyasını yaradır. Adətən, belə hallarda ilk günlər bazar təlatümlü olur. Fikrimizcə, iqtisadiyyatın maliyyə sektorunun dəyişmiş xarici şərtlərə adaptasiyasına müəyyən qədər vaxt lazımdır”, – Nabiullina deyib.
Sanksiyalara məruz qalanların ABŞ-ın yurisdiksiyasındakı aktivləri dondurulur, amerikalıların onlarla iş qurması yasaqlanır. ABŞ sanksiya siyahısına bəzi tanınmış məmurları və maqnatları Moskvanı 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq salıb. Siyahıda Kremllə yaxşı əlaqələri olan maqnat Oleq Deripaska-nın, “Gazprom” rəhbəri Aleksey Millerin, Putinin keçmiş cangüdəni Viktor Zolotovun, Putinin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adları var.
Mərkəzi Bankın rəhbərinin ardınca maliyyə naziri Aleksey Kudrin də Moskvada keçirilən Birja Forumunda çıxışı zamanı rublun dəyərdən düşməsinin Rusiya iqtisadiyyatının artımına ciddi təsir etməyəcəyini deyib. “Rublun zəifləməsi Rusiyadan ixracı stimullaşdıracaq. Bununla əlaqədar bəzi sahələr qazanacaq. Ümumiyyətlə balans pis olmayacaq və baş verənlər iqtisadi artıma təsir etməyəcək”-nazir deyib.
Kudrin bildirib ki, bəzi investorların Rusiya bazarlarını tərk etməsinə baxmayaraq hazırda neftin qiyməti yüksəkdir və bu baxımdan ciddi titrəyişlər gözlənilmir.
Lakin analitiklərə görə neft də tezliklə ucuzlaşa bilər. Bu, ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ilə bağlıdır. Sinqapurun “Oversea-China Banking Corp" bankının analitikləri belə hesab edir ki, dünyanın iki iqtisadi nəhəngi arasında polad rüsumlarına görə başlayan iqtisadi müharibə nefti azı 30 faiz dəyərdən salacaq.”
* * *12:52
ABŞ-ın tətbiq etdiyi son sanksiyalardan sonra Rusiya rublu sürətlə dəyərdən düşür.
Virtualaz.org xəbər verir ki, rublun ucuzlaşması ötən gündən başlayıb və bu gün də davam edib. Moskva banklararası birjasında bu gün aprelin 10-da hərraclar rublun məzənnəsinin kəskin düşməsi ilə başlayıb. Rusiya milli valyutası dollara nisbətdə birdən-birə 3 rubl dəyərdən düşüb. 2016-cı ilin dekabrından bəri ilk dəfə 1 dollar 63 rublu keçib. Saat 12.40-a ola xəbərlərə görə birjada 1 ABŞ dolları 63.8 rubla satılırdı. 1 avro isə artıq 78 rublu keçib və sürətlə 80 rubla yaxınlaşır. Rublun dəyərdən düşməsi prosesinin gün ərzində də davam edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ ötən həftə Putinə yaxın bir qrup oliqarxa və bir neçə dövlət məmuruna, habelə hüquqi şəxslərə sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri ilə Rusiyanın aliminium nəhəngi “Rusal” defolt həddinə çatıb, səhmləri 50 faizə qədər dəyərdən düşüb. Digər iri sənaye şirkətləri də kəskin dəyər itiriblər. Rusiyanın zənginləri sanksiyaların nəticəsində cəmi 1 günə 18 milyard dollar “kasıblayıb”. Bu barədə “Bloomberg” bildirir.
Mənbə:> Virtualaz.org