"Balıq Nastya" ABŞ-dan siyasi sığınacaq istədi: "Bizdə çox mühüm informasiyalar var..."
Rusiya KİV-lərinin yaydığı son məlumata görə Tailandda saxlanılan eskort qız “Nastya Rıbka” və onun “seks-məşqçisi” Aleksandr Kirillov (“Aleks Lesli”) ABŞ-dan sığınacaq istəyiblər. Xəbər verilir ki, bu qalmaqallı cütlük ABŞ-ın Tailanddakı konsulluğuna məktub yazaraq onlara siyasi sığınacaq verilməsini xahiş edirlər. Məktubda bildirirlər ki, Tailand hakimiyyəti onları Rusiyaya ekstradisiya etmək istəyir, orada isə onları real təhlükə gözləyir.
“Bizə siyasi sığınacaq verilməsini və mümkün qədər tez bizi müdafiə etməyinizi sizdən xahiş edirik, çünki bizdə ABŞ üçün olduqca mühüm informasiya var və biz həyatımızı ciddi riskə qoymuşuq”-RT telekanalı məktubdan sitat gətirir.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tailanda səfərinin “Nastya Rıbka” və digər rusiyalıların həmin ölkədə saxlanılması ilə əlaqəli ola biləcəyi haqda fərziyyələri rədd edib. Peskov deyib ki, Təhlükəsizlik Şurasının katibi beynəlxalq fəaliyyətlə məşğuldur və bu çərçivədə “əvvəlcədən razılaşdırılmış” səfərlər həyata keçirir. “Əlbətdə, bu səfəri Tailandda hansısa rusiyalıların saxlanılması ilə əlaqələndirmək axmaqlıqdır”-Peskov deyib.
***14:30
Rusiyada bloqqer və müxalifət lideri Aleksey Navalnının araşdırmasından sonra sürətlə məşhurlaşan eskort qız, “Balıq Nastya” (“Nastya Rıbka”) ləqəbli Anastasiya Vaşukeviç Tailand həbsxanasından Kremli kompromatlarla hədələyib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tailandın kurort bölgəsi Pattayada bir qrup rusiyalı ilə birlikdə saxlanılan “Balıq Nastya” həbsini “Rusiya hakimiyyətinin sifarişi” adlandırıb. Habelə amerikalıları köməyə çağıraraq onlara Kremlə qarşı kompromatlar ötürməyə hazır olduğunu bildirib.
Xəbər verildiyi kimi “Balıq Nastya” və digərləri Pattaya otellərindən birində “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub seks-məşqlər keçirməyə” görə həbs edilib. Tailand məhkəməsi onları girov əvəzində azadlığa buraxmaqdan imtina edib. Fevralın 27-də “Balıq Nastya” dəmir barmaqlıqlar arxasından özünün İnstagram səhifəsində video yerləşdirib. Eskort qız bildirir ki, əvvəl çox şeyi açıb danışmaq istəmirdi. İndi isə elə vəziyyət yaranıb ki, ABŞ prezidenti Donald Tramp və ətrafının Rusiya ilə sövdələşmələrinə dair bildiklərini danışmağa hazırdır. Hansı ki, “Nastya Rıbka” bu barədə “çox şey bildiyini” deyir.
O, amerikalı jurnalistlərə müraciət edir və malik olduğu audio-video sübutları təqdim etməyə hazır olduğunu bildirir. “Nastya Rıbka” deyir ki, təhlükəsizlik təminatı verilsə və Tailand həbsxanasından çıxmağa kömək edilsə ABŞ və ya başqa ölkənin xüsusi xidmət orqanlarına əlindəki bütün kompromatları ötürə bilər. “Əlbətdə, buradan sağ çıxsam”-eskort qız əlavə edir.
“Nastya Rıbka”nın Tailand həbsxanasından göndərdiyi bu müraciət dərhal “The Washington Post” qəzetinin diqqətini cəlb edib. Qəzet xatırladır ki, bu qız doğrudan da çox şeyi bilir. O, Kremlə yaxın rusiyalı oliqarx-milyarder Oleq Deripaska ilə əylənib, yaxtasında dəniz gəzintisinə çıxıb. Üstəlik bu gəzintidə Rusiya hakimiyyətinin ən qüdrətli fiqurlarından biri, baş nazirin müavini Sergey Prixodko da olub. Hansı ki, bütün bunlar barədə Navalnının “Rıbkageyt” adı alan araşdırmasında bəhs olunurdu. Araşdırmada deyilirdi ki, eskort qızlarla birlikdə dəniz gəzintisi zamanı Amerika seçkiləri məsələsi də müzakirə olunub.
Və Oleq Deripaska Trampın seçki qərargahının keçmiş rəhbəri, hazırda ABŞ-da xüsusi prokuror Robert Müllerin istintaqı altında olan Pol Manafortla əlaqələrinə görə çoxdandır diqqət mərkəzindədir. Bu baxımdan istisna deyil ki, “Nastya Rıbka” doğrudan da Tramp-Rusiya gizli sövdələşmələrinə dair çox şeyi bilir.
Bu arada “Nastya Rıbka”nın saxlanılmasının ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Talianda səfər etdiyi açıqlanıb. Belə ki, Rusiyanın birinci şəxslərini gəzdirən təyyarələrdən biri fevralın 26-da Banqhokun Donmıanq aeroportuna enib. Ra-96023 bort nömrəli İl-76-300 tipli həmin təyyarənin uçuşunu “Flightradar 24” qeydə alıb. Hansı ki, bu təyyarə ötən ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində aşkarlanan yarım tona yaxın kokainin xüsusi xidmət orqanlarının nəzarətində Moskvaya gətirilməsi əməliyyatında istifadə edilmişdi. Təyyarənin Tailanda kimi apardığı məlum olmayıb, amma layner Banqhokdan qayıdandan Soçiyə enib. Ertəsi gün fevralın 27-də Rusiya Təhlükəsizlik Şurası general Patruşevin Tailanda səfəri və bu ölkədən olan həmkarı ilə danışıqlar apardığı haqda qısa məlumat yayıb. Səfərin məqsədi açıqlanmayıb.
Mənbə:> Virtualaz.org