Çaxnaşma başladı, ABŞ-ın ardınca Asiya birjaları da çökdü
ABŞ birjalarında səhmlərin rekord səviyyədə ucuzlaşmasının ardınca yeni qlobal çaxnaşmadan xəbər verən proseslər Asiya birjalarına da sıçrayıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiyanln “Nikkei 225” birja indeksi 7 faiz enib, Honq-Konqun “Hang Seng” birja indeksi isə 4.7 faiz geriləyib.
Bundan əvvəl ABŞ-da S&P 500 və Dow Jones Industrial Average indeksləri əsas sektorların hamısında 4 faizdən də çox azalıb. Bu, son yeddi ildə ən kəskin düşüş sayılır. Dow Jones Industrial Average 4.6 faiz geriləmə ilə 1175 xal itirib. Bu, 2008-ci ildə başlayan qlobal maliyyə böhranı zamanı baş vermiş 777 bəndlik gerilməni də arxada qoyub və rekord vurub.
Anaitiklər son iki ildə Amerika birjalarında belə silkələnmənin olmadığını vurğulayırlar. Treyderlərin fikrincə, bazar ertəsi birjalarda çaxnaşma yaranıb. Əslində, səhmlərin ucuzlaşması bir neçə gün öncədən başlanıb, belə ki, Birləşmiş Ştatlarda əməkhaqqının kəskin artımı, inflyasiya artımının əlamətləri barədə gözlənilməz məlumatlar açıqlanıb.
Bu da mərkəzi bank olan FED-in faiz dərəcəsini daha çox artıracağı ehtimalına yol açıb. Faiz artımı isə investorların kapitala çıxışını çətinləşdirir, fond birjalarına qiymət artımını əngəlləyir. Digər tərəfdən, təxminən 9 illik fasiləsiz artımdan sonra, səhmlərin qiymətləri tarixi həddə yüksəlib. Bir çox təhlilçilər fond birjalarında qiymətlərdə irimiqyaslı korreksiya gözləyirdilər.
Jones Trading-in baş bazar strateqi Michael O’Rourke “Reuters” agentliyinə deyib ki, bazarda inanılmaz sürət yaşanıb. “Faiz dərəcələrinin yüksəldiyi bir mühitdə yaşayırıq. İqtisadiyyatımız daha güclüdür və FED sərtləşməni davam etdirməlidir... Real dəyişikliklərin baş verdiyini, fərqli investisiyaların buna uyğunlaşdığını görürsünüz”, – O'Rourke deyib.
Prezident Donald Tramp bir il öncə vəzifəyə keçəndən bəri ABŞ-da səhmlər rekord həddə yüksəlib. Belə ki, yeni prezident vergiləri azaldıb, korporativ nəzarəti ləğv edib, infrastruktur xərcləmələrdə dəyişiklik baş verib.
Bazar ertəsi səhm bazarında ucuzlaşma düşüş yaşadığı bir vaxtda Ağ ev bildirib ki, ABŞ iqtisadiyyatının əsasları “qeyri-adi dərəcədə güclü olaraq qalır”. ABŞ qəzetlərinin istinad etdiyi əksər müşahidəçilər səhm bazarındakı korreksiyanı sağlam proses sayırlar. Onların fikrincə, Amerika şirkətlərinin gəlirliliyinin artması, iqtisadi artım fonunda aksiyaların bahalanması kimi çoxillik tendensiya qorunub saxlanacaq.
Ötən ilin dördüncü rübündə ABŞ-da illik iqtisadi artım 2,6 faiz olub, işsizlik səviyyəsinin isə son 17 ildə ən aşağı həddə – 4,1 faiz olduğu bildirilir.
Xəbərlərə görə ABŞ fond birjalarının kəskin geriləməsi dünyanın ən varlı 500 insanının bir andaca 114 milyard dollar itirməsinə səbəb olub.
Belə ki, səhmlərin kəskin ucuzlaşdığı gün-fevralın 5-də ən çox “Berkshire Hathaway” investisiya fondunun başçısı Uorren Baffet itirib – 5,1 milyard dollar. Zərərin həcminə görə ikinci yerdə “Facebook Inc” kompaniyasının yaradıcısı Mark Sukerberq gəlir – onun varidatı 3,6 milyard dollar azalıb. Bir gün ərzində 3,3 milyard dollar zərərə uğrayan “Amazon” kompaniyasının qurucusu Ceff Bezos siyahıda üçüncü pillədə qərarlaşıb. Onların ardınca isə hər biri 2,3 milyard dollar itirən “Google” kompaniyasının baniləri Larri Peyc və Sergey Brin və 2,25 milyard dollar zərərə düşən “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts gəlir.
Ümumilikdə isə milyarderlərin ilk beşliyində heç bir dəyişiklik baş verməyib: Bezos 116 milyard dollarla birinci yerdədir. Sonrakı yerləri 91,6 milyard dollarla Qeyts, 85 milyard dollarla Baffet, 74,7 milyard dollarla Sukerberq, 74 milyard dollarla “Zara” brendinin sahibi Amansio Orteqa tutur.
Mənbə:> Virtualaz.org