"Lavrov prinsipləri": Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir? » AzNews.info -Xəbər portalı

"Lavrov prinsipləri": Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir?

"Lavrov prinsipləri": Dağlıq Qarabağ münaqişəsinin "açarı" kimdədir?


Bir müddətdir ki, Ermənistan və Rusiyanın bəzi KİV orqanlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun prinsiplər hazırladığı haqqında informasiyalar yayılırdı.

AzNews.info newtimes.az-a istinadən xəbər verir ki, Azərbaycanda da bəzi ekspertlər bununla bağlı proqnozlar verməyə çalışırdı. Yanvarın 15-də Moskvada keçirdiyi mətbuat konfransında S.Lavrov bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirdi. Onları təhlil edən rusiyalı siyasi analitik Sergey Markedonov açıq vurğulayıb ki, belə bir şey yoxdur. Sergey Lavrovun münaqişə ilə bağlı sistemli prinsipləri mövcud deyil. Xarici işlər nazirinin dedikləri də bunu sübut edir. Buna görə də problemin həlli "açarı"nı Rusiyada axtaranlar yanılırlar. Maraqlı fikirdir və bununla bağlı daha geniş analiz aparmağa ehtiyac duyuruq.

Nazirin izahları: Moskva mövqeyini açıq bildirir

Nəhayət, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun "Dağlıq Qarabağ prinsipləri" adlanan tezisləri az da olsa, açıqlandı. Əslində, məlum oldu ki, həmin tezisləri yazılı və tam olaraq heç kim və heç yerdə görməyib. Rusiya diplomatiyası çox təcrübəlidir - o, iz buraxmağı sevmir. Ancaq daha maraqlısı odur ki, Ermənistanda demək olar ki, hər bir ekspertin, Azərbaycanda da bəzilərinin tez-tez iddia etdiyi "Dağlıq Qarabağın açarı Moskvadadır" məsləhəti suya düşdü! S.Lavrovun bu il yanvar ayında keçirdiyi brifinqdə söylədiklərindən aydın olur ki, Moskvada "açar" yoxdur, yaxud onu "itirib". Hər halda Rusiya analitiki, dosent Sergey Markedonovun bu məsələyə həsr etdiyi təhlili məqalədən bu qənaət alınır (bax: Сергей Маркедонов. "Январские тезисы" Сергея Лаврова по Нагорному Карабаху / "Евразия Эксперт", 18 yanvar 2018).

Maraqlıdır ki, məqaləni münaqişənin həlli ilə bağlı Rusiyanın mövqeyindəki incə məqamlarla əlaqələndirirlər. Konkret olaraq, S.Lavrovun adına çıxılan həll prinsipləri ilə bağlı arxa planda olan faktorlara diqqət çəkildiyi vurğulanır. Doğrudan da, rusiyalı analitik ibarəli politoloji terminlərlə sadə fikirləri ifadə edib. Belə təəssürat yaranır ki, müəllif dərin təhlil aparıb. Əslində isə həqiqətən maraqlı olan və Rusiyanın Cənubi Qafqaz siyasətinin bir sıra ümumi prinsiplərini əks etdirən fikirlər yazılıb.

Hər şeydən əvvəl S.Markedonov reallıqda "Lavrov prinsipləri" deyilən bir şeyin olmadığına işarə verir. Rusiya kimi bir dövlətin xarici siyasət kursunun funksional özəlliyinə baxdıqda, analitik tam haqlıdır. Çünki Rusiyada bir adamın - prezidentin prinsipləri, yaxud tezisləri ola bilər. Digərləri həmin prinsipləri yerinə yetirməyə sadəcə borcludurlar. Bu səbəbdən Dağlıq Qarabağ kimi mürəkkəb münaqişənin həlli üçün S.Lavrov prinsiplər müəyyənləşdirə bilməz.

Daha doğrusu, S.Markedonov heç də məsələnin bu tərəfini qabartmağa çalışmır. O deyir ki, Rusiyanın xarici siyasəti ancaq Rusiya dövlətinin maraqlarına uyğun olaraq aparılır. Prioritetlər və fəaliyyət prinsipləri də yalnız bu çərçivədə müəyyənləşir. Dağlıq Qarabağ münaqişəsinə bu prizmadan baxdıqda, Kreml öz mövqeyini çoxdan dəqiqləşdirib və onu dəyişmək fikri yoxdur. Çünki hər hansı dəyişiklik Rusiyanın özünün strateji xarakterli dövlət maraqlarına zərər verə bilər. Gərək elə ekstremal hadisə baş versin ki, Moskva Cənubi Qafqaz siyasətinin məzmununa Dağlıq Qarabağ məsələsinə təsir edə biləcək düzəliş etsin. Lakin nə baş verib ki, Moskva sonu özü üçün risklərlə dolu olan bu addımı atsın? Bizcə, heç nə!

Fikrimizi bir az da aydınlaşdıraq. Rusiya həmişə bəyan edir ki, münaqişəni yalnız sülh yolu ilə həll etmək olar. Yəni Ermənistanın işğal etdiyi ərazilərdə hərbi mövcudluğunu saxlamaq şərti ilə danışıqlar aparmaq olar. Bu zaman BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi şərtini qoymur. Moskvanın ümumi mövqeyinə görə, Ermənistan və Azərbaycan prezidentləri özləri oturub danışmalıdırlar, nəyə razılaşsalar, o da onu qəbul edəcək.

Onu da deyək ki, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri də eyni mövqedədirlər. İlk baxışdan humanist və sülhpərvər görünən bu mövqe, əslində, təcavüzkara haqq qazandırmaq deməkdir. Çünki, birincisi, münaqişə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə başlayıb. Buna görə də onun ədalətli həlli işğalın aradan qaldırılmasından ibarət olmalıdır. Əgər vasitəçilər bu şərti deyil, "savaşmayın, müharibə etsəniz qalib olmayacaq, oturun danışın" deyirlərsə, deməli, məhz işğal faktını diplomatik fəaliyyətdən kənara çəkmiş olurlar. İnsanların diqqətini qəsdən üzdə sülh, barış və mehriban qonşuluq istəyi kimi görünən "özünüz danışın" formuluna yönəltməyə çalışırlar. S.Markedonovun məqaləsinin məntiqi altında bu tezis ana xətt kimi keçir.

Azərbaycan xalqı, dövləti, rəhbərliyi və ordusu: münaqişədə son söz sahibi!

İkincisi, Sergey Markedonov nədənsə bu yazısında daha açıq ifadə edir ki, münaqişənin səbəbi Ermənistan və Azərbaycanın müstəqil olmaq istəyi ilə bağlıdır. Yəni sizlər müstəqil oldunuz, problemi özünüz həll edin, Rusiya əvəzinizə özünü mürəkkəb "etnosiyasi münaqişənin alovuna atan deyil" (bax: əvvəlki mənbəyə). Bu səbəbdən də Kreml Dağlıq Qarabağla bağlı yaranmış mövcud status-kvonun dəyişməsində heç də maraqlı deyildir! S.Markedonov fikirlərinə davam edərək vurğulayır: əgər Moskva münaqişənin həlli ilə bağlı hansısa fövqəladə cəhd göstərsə, bu, onun "diplomatik intiharı" olardı! (bax: əvvəlki mənbəyə).

Sonra, rusiyalı analitik daha irəli gedərək xüsusilə qeyd edir ki, S.Lavrov yanvarın 15-də keçirdiyi mətbuat konfransında açıq deyib ki, atəşkəsin saxlanması, tərəflərin bir daha "aprel döyüşləri" vəziyyətinə qayıtmaması, hərbi əməliyyatların aparılmaması Rusiyanın istədikləridir. Hətta analitik daha konkret yazır ki, "bu gün bir zamanlar "qardaş olan respublikalar"ın özlərinin ona hazır olmadığı şəraitdə barışması Rusiyanın milli maraqlarına daxil deyil" (bax: əvvəlki mənbəyə). Buna görə də "Rusiya status-kvonun dəyişməsinə idefiks (fr. idée fixe - "kök salmış, mütləq dəyişməz" fikir - red.) keyfiyyətində baxmır (bax: əvvəlki mənbəyə). "İdefiks" məcazi mənada həm də insanın bir fikrə manyakcasına aludə olmasını ifadə edir. Yəni ondan başqa heç nəyi qəbul etmir, dediyinin üstündə durur.

Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiya münaqişənin həllində mütəhərrik mövqedədir ki, bunun da öz sərhədləri var. Həmin sərhədləri nə ədalət, nə həqiqət, nə də başqa anlayışlar təyin edir, onları Rusiyanın öz maraqları müəyyənləşdirir. Bu aspektdə də S.Lavrovun mətbuat konfransında ifadə etdiyi "Rusiya Federasiyasının bu problemin həlli ilə bağlı konkret planları ola bilməz, çünki onu yalnız tərəflərin özü həll edə bilər" fikrini Moskvanın münaqişə ilə bağlı əsas prinsiplərindən biri kimi qəbul etmək olar. Həmin bağlılıqda S.Markedonovun Moskvanın mövcud status-kvonu "özünün maraqlarına zərər vermədiyi həddə saxlamaqda maraqlı olması" ilə bağlı tezisi də prinsipial məzmun kəsb edir (bax: əvvəlki mənbəyə).

Məsələ bununla məhdudlaşmır. Rusiyanın geosiyasi planda daha geniş dairəli maraqları vardır. Konkret olaraq, Kreml hesab edir ki, Dağlıq Qarabağda hərbi gərginlik yaransa, İran və Türkiyə ilə münasibətləri və Avrasiya inteqrasiya layihələri "ciddi zərbə altına düşər" (bax: əvvəlki mənbəyə). Rusiyalı analitik bu bağlılıqda hətta Qərb ölkələri ilə də münasibətlərin pozula biləcəyinə işarə verir.

Belə çıxır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində hazırda hansısa real dəyişikliyin olmasını arzulamır. Onun üçün indiki şərtlərdə hərbi insidentlərin minimum olması, təmas xəttində "hər bir halda sakitliyin hökm sürməsi" prioritet təşkil edir (bax: əvvəlki mənbəyə). Və buradan siyasi tənzimləməyə keçid etmək olar.

Bütün bunlardan analitik nəticə olaraq belə qənaətə gəlir ki, Rusiya "münaqişənin yekunlaşdırıcı həll alqoritmləri"nə deyil, "danışıqlar prosesinin səmərəliliyinin artırılması"na və "münaqişə edən tərəflərin vasitəçiləri ittiham etmək əvəzinə daha çox məsuliyyət və siyasi iradə nümayiş etdirməsi"nə üstünlük verir.

Bu da vasitəçilərdən birinin və bəzi ekspertlərin "açar"larının sonu! Lakin S.Markedonov cənabları bir az da açıq ifadə edərək yazsaydı ki, "münaqişəni başqaları yaradıb, gedin özünüz həll edin", o zaman mənzərə tamamlanardı!

Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bu dərəcədə mürəkkəbləşdirən, ona müxtəlif siyasi-diplomatik don geydirən və aydın olan real situasiyanı çıxmaza salmağa çalışan elə vasitəçilərin özüdür! Çünki onlar bir təməl həqiqəti gizlədirlər: münaqişə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən qaynaqlanır. O, işğalçının zəbt etdiyi torpaqlardan çıxması (yaxud məcburən çıxarılması) yolu ilə həll oluna bilər! Əgər bundan deyil, müxtəlif gəlişigözəl və müəmmalı, dolaşıq məzmunlu, politoloji, diplomatik terminlərdən istifadə edib, süni maneələrdən danışılırsa, bu, problemin həllini uzatmaq, ona mane olmaq və Azərbaycana qarşı haqsızlıq etməkdir! Belə şəraitdə "açar" axtarmaq da baş aldatmaqdan başqa bir şey deyil!

Həm də bu münaqişənin açarı Azərbaycan xalqında, onun güclü ordusunda, ölkə rəhbərliyinin qətiyyətli siyasətindədir! Başqa yerdə deyil. Və problem zamanında Azərbaycan ordusunun Qarabağ əməliyyatı vasitəsi ilə ədalətli həllini tapacaq!

Mənbə: Newtimes.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *