“Piter Elçin”in qardaşını kim öldürtdürüb?
Sankt-Peterburq şəhər Məhkəməsində “Piter Elçin” kimi tanınan kriminal avtoritetin qardaşı, “Sofiysk” meyvə-tərəvəz bazasında güllələnən Maarif İsmayılovun qətli ilə bağlı ittiham olunanların məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan, dəfələrlə məhkumluq həyatı yaşayan Vüsal Əsgərov, onunla birgə mühakimə olunan Əfqan Əliyev 43 yaşlı Maarif İsmayılovun sifarişli qətlində, “Piter Elçin”ə qarşı sui-qəsdin təşkilində və qanunsuz silah saxlamaqda ittiham ediliblər. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər.
V.Əsgərov məhkəməyə verdiyi ifadəsində özünü qətlin təşkilatçısı hesab etmədiyini deyib. O, həmçinin məhkəməyə M.İsmayılovun qətlini kimin sifariş etdiyini də açıqlamayıb.
Onunla birgə müttəhimlər kürsüsünü bölüşən Ə.Əliyev isə ümumiyyətlə özünü günahkar hesab etməyib. Yeganə “təqsirinin” qanunsuz silah gəzdirmək olduğunu “etiraf” edən Ə.Əliyev məhkəmə iştirakçılarını qətlin təşkilindən xəbərsiz olduğuna inandırmağa çalışıb.
İstintaqın gəldiyi nəticəyə görə, “Piter Elçin”in yuxarıda adları çəkilən şəxslərlə münasibətləri yaxşı olmayıb.
Əksinə, münasibətlər o qədər kəskin xarakter alıb ki, qarşı tərəfdəkilər hətta “Piter Elçin”i aradan götürməklə bağlı aralarında plan cızıblar. Bu qətlin icrası üçün isə Emil Hüseynova 4 milyon rubl vəd edilib.
İttihamda yazılanlara görə, Sankt-Peterburqdan gedən “Piter Elçin”in izinə düşə bilməyən cinayətkarlar onun qardaşını öldürməyi qərara alıblar. Buna görə də plan dəyişib. Qardaşının dəfnində iştirak etmək üçün onun şəhərə qayıdacağını güman ediblər. Məhz növbəti qətli də elə dəfn günü həyata keçirəcəklərini planlaşdırıblar...
Məhkəmə prosesi zamanı o da məlum olub ki, qətlin həyata keçirilməsi üçün V.Əsgərova 10 milyon rubl pul mükafatı vəd olunsa da, Ə.Əliyev sözügedən cinayətə 3 milyon rubla razılaşıb.
Xatırladaq ki, “Sofiysk” meyvə-tərəvəz bazasında biznesmen, “Məşədi” ləqəbli M.İsmayılovu güllələyən 27 yaşlı Emil Hüseynov bazardan qaçmaq istəsə də həmin vaxt digər azərbaycanlılar onu yaxalayıblar. E.Hüseynovu qəddarcasına döyərək qətlin sifarişini kimdən aldığını soruşublar (Sözügedən kadrlar internetdə də yerləşdirilib).
Qətli həyata keçirən killer Emil Hüseynov Sankt-Peterburq şəhərinin Frunze rayon məhkəməsi tərəfindən mühakimə edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum olunub.
Mənbə:> Virtualaz.org